Caspian Sport

Mikel Arteta: Sabah meydana vəhşi kimi çıxacağıq

Mikel Arteta: “Sabah meydana vəhşi kimi çıxacağıq”

İyirmi ilin həsrəti bir oyunun içindədir. Emirates bu dəfə sadəcə bir stadion deyil, Arsenal üçün Çempionlar Liqasının qapısına çevrilib. Atletico Madrid-lə yarımfinalın ikinci oyunu 1:1-lik balansdan başlayır, amma London klubunun baş məşqçisi Mikel Arteta üçün bu, sadəcə hesab deyil – psixoloji meydan oxumadır.

Arsenal Fulham üzərində həftəsonu qazandığı həyati önəmli qələbə ilə Premyer Liqada Manchester City-yə təzyiqi artırıb, indi isə növbə Avropadadır. Komanda ritmdədir, azarkeşlər ayaqdadır, səhnə hazırdır.

Arteta isə tonunu açıq qoydu: bu, adi bir Avropa gecəsi olmayacaq.

Meydana vəhşi kimi çıxacağıq

London derbisindən sonra emosiyalar soyumamışdı ki, Arteta artıq Atletico Madrid oyununu düşünürdü. O, matç ərəfəsində sözlərini gizlətmədi: “Sabah meydana vəhşi kimi çıxacağıq, anı yaşayacağıq və məqsədə gedəcəyik”.

Bu cümlə təsadüfi şüar deyil, soyunma otağının ruh halının xülasəsidir. Komanda 20 ildən sonra ilk dəfə Çempionlar Liqasının finalına bu qədər yaxındır. 2006-cı ildə Barcelona qarşısında əldən çıxan kubok, bu klubun yaddaşında hələ də açıq yaradır. Arsenal hələ də Avropanın ən böyük turnirini qaldırmayan böyük klublardandır. İndi isə məsafə cəmi 90 dəqiqə, bəlkə də əlavə vaxtdır.

Arteta bu gərginliyi həyəcan yox, aclıq kimi təqdim edir: “Klub və komanda olaraq 20 ildən sonra yenidən bu vəziyyətdə olmaq üçün çox çalışmışıq. Finala düşmək üçün inanılmaz dərəcədə acıq”.

Onun sözlərində romantika ilə yanaşı, tələb də var. “Bu anı ifadə etmək çətindir. Xüsusilə də öz azarkeşlərimizin qarşısında belə bir anı yaşamaq istəyimiz… Onlar belə gecələr üçün çox gözləyiblər. Sabah güclü şəkildə itələyək, çünki nəsə inanılmaz bir şey baş verəcək”.

Əsas fiqurlar geri dönür

Arsenal üçün yaxşı xəbər: kapitan Martin Odegaard sıraya qayıdır. O, Fulham qarşısında meydanda deyildi, amma Atletico ilə yarımfinal üçün hazırdır. Elə Kai Havertz də. Son iki oyunu dizindəki problemə görə buraxan alman futbolçu bu dəfə heyətdə olacaq.

Bu iki dönüş, Artetanın əlindəki taktiki variantları genişləndirir. Odegaard oyunun ritmini müəyyən edən beyin, Havertz isə həm pres, həm də hündürlük üstünlüyü ilə Atletico kimi intizamlı rəqibə qarşı açar fiqur ola bilər. Yarımfinalın ilk oyunundakı balanslı tablo fonunda, bu cür əlavə keyfiyyətlər fərqi yarada bilər.

Arteta özü də bu mərhələyə illərdir hazırlaşırdı. O, 2019-cu ildən bəri bu klubun sükanı arxasındadır və etiraf edir ki, hədəfi əvvəldən bəlli idi: “Bunu illər əvvəl etmişdim – bu klub üçün ağlımda olan əsas şey o kuboku qaldırmaq idi”.

O, bir sərhədi də çəkir: “Böyük titulları qazanacağına söz verə bilməzsən. Amma hər gün işləyəcəyinə, vizyonu həyata keçirəcəyinə, qərarlarında qətiyyətli olub bu klubu Avropanın ən yaxşılarından birinə çevirməyə söz verə bilərsən. İndi buradayıq. İndi növbəti addımı atmalıyıq”.

Emirates üçün gecə, klub üçün imtahan

Keçən mövsüm bu mərhələdə Arteta azarkeşlərə emosional çağırış etmiş, “butsunuzu gətirin, hər topa təpik vurun” demişdi. Bu dəfə isə sözlərdən çox, vəziyyətin özü danışır.

“Məncə, azarkeşlərə xüsusi mesaj lazım deyil. Nəyin ortada olduğu hər şeyi deyir”, – deyə o bildirir.

Emirates-də atmosferin sərt, hətta düşmənçi olacağı gözlənilir – əlbəttə, Atletico üçün. Arsenal üçün isə bu, mövsümün bəlkə də ən yüklü gecəsidir. Evdə cəmi iki oyun qalıb. Klub, mövsümü iki kubokla bitirmək arzusundadır. Premyer Liqa yarışında nəfəs payı azalıb, Avropada isə hər şey hələ də Arsenal-ın ayaqları altındadır.

Arteta son cümlələrində emosiyanı yenidən tribunaya qaytarır: “Bu anı azarkeşlərimizlə, öz insanlarımızla yaşamaq üçün səbirsizlənirəm. Gəlin, həqiqətən xüsusi bir şey yaradaq və finala düşək. Gəlin bunu birlikdə yaşayaq, gedib onu qapıb götürək və reallaşdıraq”.

İndi sual sadədir, cavabı isə ağır: bu komanda 20 ilin yükünü bir gecəyə sığdırıb, nəhayət, Avropanın ən böyük səhnəsinə çıxa biləcəkmi?