Hekayə 1934-dən başlayır. Tam başqa bir dünyada. Nə televiziya var, nə kameralar. Yalnız xışıltılı bir radio, cümlələri yarıda kəsilən xəbərlər və 11 misirli futbolçunun ürəyində yanan kiçik bir arzu.
Misirin milli komandası köhnə bir gəmi ilə İtaliyaya yola düşəndə, tarix yazmağa gedirdi – dünya çempionatına qatılan ilk ərəb və afrikalı komanda kimi. Səyahət uzun, yorucu idi, amma Fələstinə qarşı seçmə mərhələdə qazanılan qələbələrdən sonra o yorğunluğun dadı belə qalmamışdı. Hər kəsin gözündə eyni işıq vardı: dünya səhnəsinə çıxmaq.
Romada onları Avropanın ən güclülərindən biri – Macarıstan gözləyirdi. Kağız üzərində bərabər döyüş deyildi. Oyunun sonunda tablo 4:2 yazıldı, Misir uduzdu. Amma həmin gün başqa bir şey baş verdi: Abdelrahman Fawzi vurduğu iki qolla dünya çempionatında qol vuran ilk afrikalı kimi tarixə düşdü.
Qahirənin dar küçələrində insanlar radioların ətrafına toplaşmışdı. Səs zəif gəlirdi, amma sevinci boğmaq olmurdu. Gülüşlər, alqışlar, əvvəllər hiss etmədikləri bir qürur. O gün Misirdə təkcə iki qol yox, bir yuxu da doğuldu.
Sonra isə uzun bir sükut gəldi. Müharibələr başladı, silah səsləri top səslərini, tribunaların hayqırtısını boğdu. Ölkə özünü yenidən qurmaqla məşğul idi, dünya çempionatını isə yalnız qəzet səhifələrindən izləyə bilirdi.
Yeni nəsillər bir-birini əvəz edirdi – Saleh Selim, Taha Ismail, Hassan Shehata, Mahmoud El Khatib… Afrikada Misir hökmran idi, qitənin zirvəsinə oturmuşdu. Amma dünya çempionatı hələ də uzaqda parlayan, əl çatmayan ulduz kimi qalırdı.
1990 – 56 ildən sonra qayıdış
Nəhayət, 1990-cı ildə, 56 illik fasilədən sonra Faraonlar yenidən dünya çempionatına qayıtdı. Baş məşqçi Mahmoud El Gohary-nin rəhbərliyi altında Misir idman tarixində yeni fəsil açdı.
Seçmə mərhələ asan deyildi. Gərgin, əsəbi, hər xalı qanınla almalı idin. Amma Hossam Hassan-ın Əlcəzairə vurduğu qol bu komandanın illərlə toxuna bilmədiyi şüşə tavana sındıran zərbə oldu. O noyabr gecəsi küçələrə sığmayan izdiham, hər balkondan sallanan bayraqlar, səmaya qalxan şüarlar – unudulmur.
İyunda Misir yenidən İtaliyaya döndü, bu dəfə Palermo şəhərinə. Qarşıda Avropa çempionu Hollandiya. Birinci hissə qolsuz bitdi, amma oyunun ritmi ağır idi. 58-ci dəqiqədə Marco van Basten-in ötürməsindən sonra Wim Jonk hesabı açdı. Sanki hər şey öz axarına düşürdü.
Ta ki 83-cü dəqiqəyə qədər. Cərimə meydançasında Hossam Hassan yıxıldı, hakim nöqtəni göstərdi. Stadionda nəfəs belə alınmırdı. Magdy Abdelghany topun arxasına keçdi, dərin bir nəfəs aldı və zərbə endirdi. Top tora dəyən kimi şərhçinin qışqırığı havanı yardı: “Qol Misirə!”
İllər sonra bu epizod həm qürur, həm də zarafat mövzusuna çevriləcək, Abdelghany hər müsahibədə bu qolu xatırladacaq, sanki ölkənin yeganə uğuru imiş kimi. Amma o anda bu sadəcə bir penalti deyildi. 1934-cü ildəki Fawzi-dən 1990-cı ildəki Abdelghany-yə, bir nəsildən o birinə uzanan körpü idi. Matç 1:1 başa çatdı, amma misirlilərin ürəyində bu, qələbə kimi oturdu.
İkinci oyunda rəqib İrlandiya idi. Gərginlik, tər, qışqırıq dolu 90 dəqiqə. Müdafiə isə daş divar kimi dayandı. Qapıçı Ahmed Shobeir hər topa elə atılırdı ki, sanki sonuncu dəfədir.
Bu oyun başqa səbəbdən də yadda qaldı. Shobeir-in qəsdən vaxt uzatması, hər toxunuşu ləngitməsi illər boyu müzakirə edildi. Dünyanın bir çox azarkeşi sonradan FIFA-nın geri ötürmə qaydasını məhz bu oyundan sonra sərtləşdirdiyini dedi. Nəticə 0:0 oldu, amma Misir üçün bu da qələbə dadı verirdi.
Dünya birdən sual verməyə başladı: “Bu şir kimi vuruşan afrikalılar kimdir?” Mətbuat onlara yeni ad tapdı: “Daş kimi möhkəm Misir komandası.”
Sonra İngiltərə ilə oyun gəldi. Çətin, ağır, təzyiq altında keçən 90 dəqiqə. Cəmi bir qol fərqi ilə məğlubiyyət – 0:1. Amma komanda bunu məğlubiyyət kimi qəbul etmədi. El Gohary-nin bir cümləsi o gün hər şeyi izah edirdi: “Bu gün toxum əkdik… Sabah kimsə onu biçəcək.”
Salah dövrü – kənddən dünya səhnəsinə
O “sabah”ın adı artıq hamıya tanışdır: Mohamed Salah. Kiçik Nagrig kəndindən çıxan bir oğlan, milyonların arzusunu çiynində daşıyan uşaq. Al Mokawloon-dan başlayıb Basel, Chelsea, Fiorentina, Roma, sonra Liverpool… Hər matçın, hər qolu öz hekayəsi vardı.
2018 dünya çempionatının seçmə mərhələsində Salah artıq qəhrəman statusuna qalxmışdı. Qolları ümidləri diriltdi, oyunu insanlara yenidən inam verdi. Və bir gecə – Borg El Arab stadionunda – bu inam reallığa çevrildi.
Misir Konqo ilə 1:1 hesabı ilə son dəqiqələrə girirdi. Şərhçi Medhat Shalaby hər hücumda səsini qaldırırdı: “Bir şey ver bizə, ya axı!” 94-cü dəqiqədə Trezeguet yıxıldı. Penalti! Shalaby-nin qışqırığı stadionu silkələdi: “Allahu Əkbər!”
Salah topu götürdü, nöqtəyə qoydu, yüngülcə gülümsədi və zərbə vurdu. Top tora dəyən an tribunalar partladı. Sanki İsgəndəriyyənin özü titrədi. Küçələrə axışan insanlar, sevincdən ağlayan uşaqlar… 28 ildən sonra Misir yenidən dünya çempionatına gedirdi.
Bir ay sonra isə başqa bir səhnə quruldu: Ukraynanın paytaxtı Kiyev, Çempionlar Liqasının finalı, Real Madrid – Liverpool. Şəhərdə bir səs daha ucalırdı: “Egyptian King”. Bütün kameralar Salah-ı izləyirdi, şərhçilər onun rekorda çevrilən mövsümündən danışırdı. Hər kəsin gözləntisi eyni idi: bu, onun gecəsi olmalı idi.
Amma bir epizod hər şeyi alt-üst etdi. Birinci hissənin ortalarında Sergio Ramos-la toqquşma. Salah yerə yıxıldı, çiynini tutdu, üzündə ağrı dondu. Ayağa qalxa bilmədi. Ağrı göz yaşına çevrildi, o isə meydanı tərk etdi.
Qahirədə sükut çökdü. Kafelərdə ekranlar dondu, insanlar söz tapa bilmirdi. Bir neçə dəqiqə əvvəl oynayan uşaqlar indi tərpənmirdi. Sanki bütün Misir Salah-la birgə yıxılmışdı.
Həftələr sonra Salah qayıtdı. Zədələnmişdi, amma sınmamışdı. Dünya çempionatında oynamaq üçün Rusiyaya yollandı və dünyaya bir cümlə göndərdi: “Bədənlər yıxıla bilər… Amma xəyallar yox.”
Rusiya 2018 – ağrı, qürur və boş əllər
28 ildən sonra Faraonlar yenidən dünya çempionatındaydı. Amma başlanğıc istədikləri kimi olmadı. İlk oyunda rəqib Uruqvay idi, Salah isə ehtiyatda otururdu. Çiyni hələ də özünü hiss etdirirdi.
Komanda yenə də döyüşdü. Möhkəm müdafiə, fədakar oyun, cəsarətli çıxış. Hətta qələbəyə daha yaxın görünürdülər. Amma 89-cu dəqiqədə qol buraxdılar. Skor ağır idi, amma ruh sınmamışdı. Oyun göstərdi ki, bu turnir təkcə bu məğlubiyyətlə yadda qalmayacaq.
“Hər şey Salah qayıdanda dəyişəcək” – ölkədə ən çox eşidilən cümlə bu idi. İkinci oyunda, ev sahibi Rusiya ilə matçda Salah start heyətində idi. Səhnədə gülümsəyirdi, amma bədəni hələ də ağrıdan xəbər verirdi.
Salah Sankt-Peterburqda penalti vurub fərqləndi, amma artıq gec idi. O vaxta qədər tablo 3:0 idi. Qolu yalnız hesabı dəyişdi, taleyi yox. Misirin turniri bir oyun qalmış faktiki başa çatdı.
Son matçda Səudiyyə Ərəbistanına qarşı Salah yenə qol vurdu. Amma yenə də məğlubiyyət. Faraonlar Rusiyanı xal toplaya bilmədən tərk etdi. Geri qalan isə ürəklərdə qalan sual idi: bu nəslin həddi bu qədər idimi?
Evdə zərbə, Kamerunda ümid, Dohaya gedə bilməyən komanda
Rusiyadan sonra Misir futbolu ən ağır sınaqlarından birinə girdi. Eyni nəsil futbolçular 2019-cu ildə Afrika Millətlər Kubokunu evdə keçirməyə hazırlaşırdı. Gözləntilər göydə idi. Qahirə yenidən qızıl kubok üçün bəzənmişdi.
Amma sevinc təxirə salındı. Misir 1/8 finalda Cənubi Afrika qarşısında turnirlə vidalaşdı. Bütün ölkəni sarsıdan, stadionu donmuş baxışlarla dolduran bir çıxış. Heç kim buna hazır deyildi.
İki il sonra, Kamerunda keçirilən 2021 turniri başqa ab-hava gətirdi. Şərtlər ağır idi, oyunlar çətin keçirdi, amma ruh fərqli idi. Salah bu dəfə yalnız ulduz deyildi, həm də lider idi. Komanda Nigeriyaya məğlubiyyətlə başladığı turnirdə özünü toparladı, ardınca Fildişi Sahili, Mərakeş və Kamerunu sıradan çıxardı və finala, Seneqalla oyuna çıxdı.
Üçüncü dəfə idi ki, turnirdə iş penaltilərə qalırdı. Bu dəfə isə Salah-ın növbəsi çatmadı. Seneqal seriyanı ondan əvvəl bağladı, Misir kuboku əldən buraxdı. Faraonların kapitanı nöqtəyə belə gələ bilmədi.
Bir neçə həftə sonra ssenari yenidən yazıldı, amma bu dəfə mükafat daha böyük idi – 2022 dünya çempionatına vəsiqə. Yenə Seneqal, yenə penaltilər. Bu dəfə Salah topun arxasına keçdi. Stadiondakı lazer işıqları onun üzünü yaşıl rəngə boyayırdı. O isə sakit görünürdü.
Zərbə anı gəldi. Top qapıya yox, qapaz kimi göyə qalxdı. Qapı tirinin üzərindən keçib gecə səmasına qarışdı. Misir dondu. Bir ürək döyüntüsü içində dünya çempionatı arzusu əldən çıxdı. Amma yüz ilə yaxın tarixə söykənən bir yuxu bir gecədə dağılmır. İnam qaldı.
2026 – Salah tək deyil
Sonra 2026 seçmə mərhələsi başladı. Bu dəfə isə bir fərq vardı: Salah artıq tək deyildi. Onun ətrafında yeni nəsil formalaşmışdı. Uşaqlıqda onu televizorda izləyənlər indi onunla eyni meydanda, eyni formadadır. Onlar üçün Salah ulduzdan çox, böyük qardaşdır.
Komandanın ruhu dəyişmişdi. İlk oyundan – Cibuti ilə matçdan – bunu hiss etmək olurdu. Misir intizamlı, ac, bir-birinə bağlı görünürdü. Salah hələ də qol vururdu, amma artıq tək şou göstərən deyildi. Yanında Omar Marmoush, Ahmed Sayed – Zizo – kimi oyunçular parıldayırdı.
Texniki zonada isə başqa bir sima ritmi diktə edirdi: Hossam Hassan. O, sadəcə göstəriş vermirdi, hər epizodu yaşayırdı. Sərt jestlər, yüksək səs: “Press edin! Geri çəkilməyin!” Onun komandaya qaytardığı şey təkcə taktika deyildi. İllərdir itirilən kimlik idi. Qorxu yox olmuşdu. Bir vaxtlar Salah-a pərəstişlə baxan gənclər indi ona pas verib irəli qaçırdı.
Oyun keçdikcə Misir dayanmadan xal topladı. On seçmə matçında məğlub olmadılar. Səkkiz qələbə, iki heç-heçə – və qrupun zirvəsində sakit, amma inamlı duruş. Son oyunun final fitindən sonra Hossam kənarda sakitcə gülümsəyirdi. Birinci missiya bitmişdi. Meydanda isə futbolçular təvazökar şəkildə sevinirdi, sanki deyirdilər: “Əsl iş indi başlayır.”
İndi isə baxışlar yenidən eyni ünvana dikilib: dünya çempionatı. Hossam Hassan artıq plan qurur, Salah isə azarkeşlərə bir cümlə ilə söz verib: “Bu dəfə məsələ təkcə iştirak etmək olmayacaq.”
İllər əvvəl El Gohary toxumdan danışmışdı. İndi sual budur: bu nəsil nəhayət o toxumu meyvəyə çevirəcək, yoxsa Misirin yuxusu bir dəfə də olsun əl çatmadan yenidən ulduzların arxasında gizlənəcək?





