Misir Futbol Assosiasiyasından FİFA-ya sərt hücum
Misir Futbol Assosiasiyası Argentina ilə dramatik 1/8 final matçından sonra FİFA-nı hədəfə alıb və Atlanta axşamını idarə edən hakim briqadasının DÇ-dən uzaqlaşdırılmasını tələb edib.
VAR-da boğulan qol, qopan əsəblər
1:0 hesabı Misirin xeyrinə, ikinci hissə, oyunun axarı Afrika təmsilçisinin arzuladığı kimi gedirdi. Tribunalar artıq tarixi sensasiyanın qoxusunu duyurdu ki, epizod bir anda hər şeyi çevirdi.
Mostafa Zico-nun vurduğu qol sevinc dalğası yaratdı, amma çox çəkmədi. VAR devrəyə girdi. Epizodun əvvəlində yarımmüdafiəçi Marwan Attia-nın Lisandro Martinez-in ayağına basdığı aşkarlananda, fransalı baş hakim Francois Letexier qolu ləğv etdi. Misir futbolçuları və texniki heyət şokda idi, ehtiraslar meydanda da, ehtiyat zonasının qarşısında da alovlandı.
Gərginlik burda bitmədi. Son dəqiqələrdə Misir daha bir ədalət tələb etdiyini düşündüyü an yaşadı. Misirlilər inandı ki, cərimə meydanında Mohamed Salah-a qarşı qayda pozuntusu olub. Cəmi saniyələr sonra isə Argentina əks-hücuma çıxıb, əlavə olunmuş dəqiqələrdə qələbə qolunu vurdu və tabloya 3:2 yazıldı. Bu, Misirin dünya çempionatına vida anı idi.
“İkili standartlar”, “aşkar səhvlər”, “diskriminasiya”
Matçdan çox keçməmiş Misir Futbol Assosiasiyası rəsmi addım atdı. Qurumun açıqlamasında bildirilir ki, qurumun prezidenti Hany Abou Rida FİFA-ya rəsmi şikayət göndərib və Letexier başda olmaqla bütün hakim heyətinə dair araşdırma tələb edib.
Açıqlamada “hakim briqadasının ciddi səhvləri və ikili standartları” Misir millisinin məğlubiyyətinə və mundialdan kənar qalmasına səbəb kimi göstərilir. Assosiasiya həm meydandakı, həm də video-hakim otağındakı qərarları “aşkar səhvlər” adlandırır və bəzi epizodlara baxmaqdan “israrla imtina edildiyini” vurğulayır.
Misir tərəfi bununla kifayətlənmir. Onlar yalnız araşdırma deyil, həmin hakimlərin və bütün briqadanın dünya çempionatından kənarlaşdırılmasını tələb edir, üstəlik, milli komandaya qarşı “diskriminasiya cinayəti” iddiasını irəli sürür.
Misir heç vaxt dünya çempionatında 1/4 finala yüksəlməyib. Atlanta gecəsi bu tarixi baryeri aşmaq üçün nadir fürsət idi. İndi isə bu fürsətin əlindən alındığını düşünür.
Messi səhnəyə çıxanda
Bütün bu qalmaqalın fonunda oyunun qəhrəmanlarından biri yenə də eyni adam idi. Argentina kapitanı Lionel Messi. Ola bilsin, bu, onun son dünya çempionatıdı və o, bunu hər toxunuşunda hiss etdirir.
Misir müdafiəsi uzun müddət sıx, intizamlı dayandı. Amma 79-cu dəqiqədə Messi açarı tapdı, komandasının ilk qoluna ötürmə verdi. Cəmi dörd dəqiqə sonra isə özü səhnəyə çıxdı və hesabı bərabərləşdirdi. Misirin möcüzə arzusu bir anda təzyiqə, gərginliyə çevrildi. Son zərbəni isə Argentina əlavə dəqiqələrdə endirdi.
Hakimlik qərarları, xüsusilə Salah epizodu, Misir düşərgəsində qəzəbi daha da artırdı. Oyundan sonra baş məşqçi Hossam Hassan sözlərini gizlətmədi, komandasının “ədalətsizliyə məruz qaldığını” və “haqsızlıq çəkdiyini” bildirdi. O, açıq şəkildə belə dedi: bəlkə də kimsə dünya çempionunun yarışda qalmasını, bəlkə də Messinin mübarizəni davam etdirməsini istəyirdi.
“Turnir qurulub”
Meydanın içindən gələn reaksiyalar da bir o qədər sərt idi. Qolu ləğv edilən Mostafa Zico hakimliyə münasibətini qəti şəkildə ortaya qoydu. Onun fikrincə, “haqsızlıq açıq-aşkar idi” və “oyunun əvvəlindən bəri davam edirdi”. Sözləri daha da ağırlaşdı: Zico bu dünya çempionatının “qurulduğunu” iddia etdi.
Bu cür bəyanatlar futbolun ali idarəedici orqanı üçün yüngül ittiham deyil. FİFA-nın indi yalnız epizodlara deyil, həm də tonuna görə diqqətlə izlənən bu şikayətə necə cavab verəcəyi maraq doğurur.
Növbədə İsveçrə var
Argentina isə bütün bu səs-küyə baxmayaraq, yoluna davam edir. Növbəti dayanacaq Kansas City, rəqib İsveçrə. Lionel Messi və komanda yoldaşları artıq diqqəti oraya yönəldiblər.
Misir isə öz sualları ilə baş-başa qalıb: bu, sadəcə ağır məğlubiyyət idi, yoxsa doğrudan da tarixini dəyişə biləcək bir gecə ədalətsiz qərarların içində əriyib getdi?




