Hekayə 1934-dən başlayır. Tam başqa bir dünyada. Ekransız, kamerasız, yalnız xışıltılı səslə xəbər daşıyan radio ilə… və 11 misirli futbolçunun ürəyində yanan kiçik, amma inadkar bir yuxu ilə.
O zaman Misirin milli komandası köhnə bir gəmi ilə İtaliyaya yollandı. Məqsəd aydın idi: dünya çempionatında çıxış edən ilk ərəb və afrika ölkəsi olmaq. Səfər uzun, yorucu idi, amma Fələstin üzərində qazanılan seçmə qələbələrindən sonra həyəcan hər cür yorğunluğun üstünə kölgə salmışdı.
Romada rəqib Avropanın nəhənglərindən biri – Macarıstan idi. Nəticə kağız üzərində aydın görünürdü, meydanda isə başqa bir tarix yazıldı. Misir 2:4 uduzdu, amma Abdelrahman Fawzi-nin vurduğu iki qol qitənin taleyini dəyişdi. O, dünya çempionatında qol vuran ilk afrikalı kimi tarixə düşdü.
Qahirənin dar küçələrində insanlar kiçik radioların ətrafına yığışır, qırıq-kəsik səslərlə gələn xəbərlərə qulaq asır, alqışlayır, gülür, gözləri əvvəllər heç tanımadıqları bir qürurla parıldayırdı. O gün Misirdə bir yuxu doğuldu.
Sonra sükut. Uzun, ağır sükut.
Müharibələr başladı, silah səsləri top səsindən, tribunaların qışqırığından uca çıxmağa başladı. Ölkə özünü yenidən qurmağa çalışarkən, dünya çempionatı misirlilər üçün yalnız qəzet səhifələrində yaşayan uzaq bir nağıla çevrildi.
Yeni nəsillər ard-arda gəlirdi – Saleh Selim, Taha Ismail, Hassan Shehata, Mahmoud El Khatib… Afrikada Misir zirvədə idi, qitə çempionluqları ard-arda gəlirdi. Amma dünya çempionatı yenə də əl çatmayan ulduz kimi uzaqda parıldayırdı.
56 il sonra, 1990-cı ildə o ulduz bir az yaxınlaşdı. Misir nəhayət dünya çempionatına qayıtdı. Baş məşqçi Mahmoud El Gohary-nin rəhbərliyi altında “Fironlar” ölkə idman tarixində yeni səhifə açdılar.
Seçmə mərhələ ağır keçdi. Hər xal, hər dəqiqə gərginlik idi. Və nəhayət, Hossam Hassan-ın Əlcəzairə vurduğu qol o görünməz “şüşə tavanı” sındırdı. O noyabr gecəsi küçələr insanla doldu, balkonlardan bayraqlar sallandı, şəhərin səmalarını tükənməyən şüarlar bürüdü. Unudulması mümkün olmayan gecə idi.
İyun 1990
Misir yenidən İtaliyada, bu dəfə Palermo şəhərində Avropa çempionu Niderlandın qarşısına çıxır. İlk hissə qolsuz bitdi. 58-ci dəqiqədə isə Marco van Basten-in ötürməsindən sonra Wim Jonk hesabı açdı. Avropa nəhəngi irəli çıxdı, amma Misir geri çəkilmədi.
Və gəldi o məşhur 83-cü dəqiqə. Cərimə meydançasında Hossam Hassan yıxıldı, hakim nöqtəni göstərdi. Topun arxasına Magdy Abdelghany keçdi. Dərin nəfəs, güclü zərbə… və top tora sancıldı. Şərhçinin qışqırığı Qahirənin küçələrində əks-səda verdi: “Misir üçün qol!”
İllər sonra bu epizod həm qürur, həm də zarafat mövzusuna çevriləcəkdi. Abdelghany hər müsahibədə o penaltini xatırladır, sanki Misirin yeganə futbol nailiyyəti o imiş kimi… Amma həmin anda bu, sadəcə qol deyildi. Bu, Fawzi-dən Abdelghany-yə, bir nəslin o birinə uzanan körpü idi. Oyun 1:1 bitsə də, misirlilərin ürəyində bu, qələbə kimi yaşadı.
İkinci Oyun
İkinci oyunda rəqib İrlandiya idi. Gərginlik, tər, qışqırıqlar, hər hava topu üçün mübarizə… Misir müdafiəsi isə sanki beton divara çevrilmişdi. Qapıda Ahmed Shobeir hər topa həyatının son zərbəsi kimi atılırdı.
Bu oyun başqa səbəbdən də yadda qaldı. Shobeir-in bilərəkdən vaxt udması, rəqibi əsəbləşdirən hərəkətləri illər sonra belə müzakirə olundu. Dünyanın bir çox azarkeşi həmin gün qapıçının etdiklərini FIFA-nın sonradan geriyə ötürmə qaydasını dəyişməsinə bağladı. Rəsmi təsdiq olmasa da, 0:0 hesabı Misirdə yenə də qələbə kimi qarşılandı.
Dünya birdən-birə soruşmağa başladı: “Bu aslan kimi vuruşan afrikalılar kimdir?” Mətbuat onları “dəmir Misir komandası” adlandırdı.
Sonra qarşıda İngiltərə durdu. Ağır, boğucu oyun. Misir davamlı təzyiq altında idi, amma asan sınmadı. Yeganə qol məğlubiyyəti rəsmiləşdirdi – 0:1. Komanda bunu sırf “məğlubiyyət” kimi qəbul etmədi. El Gohary-nin məşhur cümləsi həmin gün dillərə düşdü: “Bu gün toxumu səpdik… Sabah kimsə onu biçəcək.”
O toxumun adı illər sonra bütün dünyanın əzbərinə çevriləcəkdi: Mohamed Salah.
Nagrig adlı kiçik kənddən çıxan oğlan. Milyonların arzusunu çiynində daşıyan uşaq. Al Mokawloon-dan başlayıb Basel, Chelsea, Fiorentina, Roma, Liverpool pillələrini dırmaşdıqca, hər oyunun, hər qolun öz hekayəsi vardı. Hər addım, hər transfer, hər stadionda səslənən “Egyptian King” nəqarəti Misirin xəyalını böyüdürdü.
2018 Dünya Çempionatı
2018 dünya çempionatının seçmə mərhələsində Salah artıq qəhrəman idi. Qolları ümidləri diriltdi, oyunu insanlara yenidən inam verdi. Və bir gecə, Borg El Arab stadionunda, o inam reallığa çevrildi.
Misir Konqo ilə 1:1 hesabı ilə əlavə dəqiqələrə girmişdi. Hər hücumda şərhçi Medhat Shalaby-nin səsi yüksəlirdi: “Ver bizə nəsə, ya əxi!” 94-cü dəqiqədə Trezeguet yıxıldı. Hakim penalti nöqtəsini göstərdi. Shalaby qışqırdı: “Allahu Əkbər!”
Topun arxasında Salah. Topu yerə qoydu, yüngülcə gülümsədi və vurdu. Top tora dəydi, stadion partladı. Səs dalğası İsgəndəriyyənin sahillərini silkələdi. Küçələrə axışan insanlar, sevinçdən ağlayan uşaqlar… 28 il sonra Misir yenidən dünya çempionatına gedirdi.
Çempionlar Liqası Finalı
Bir ay sonra bütün dünyanın gözü başqa bir finala dikildi – Kiyev, Çempionlar Liqasının böyük gecəsi. Real Madrid – Liverpool. Bütün baxışlar Salah-ın üzərində idi, tribunalar “Egyptian King” səsləndirirdi. Kameralar onu izləyir, şərhçilər Premyer Liqada vurduğu rekord qollardan danışırdı. Hər şey onun gecəsi olmalı idi.
Və birdən hər şey dağıldı.
Bir epizodda Sergio Ramos ilə toqquşma, yerdə qalan Salah, çiynini tutub ağrı içində qıvrılan ulduz… Ayağa qalxa bilmədi. Üzündəki ağrı yavaş-yavaş göz yaşına çevrildi, meydanı tərk etdi.
Qahirədə səssizlik çökdü. Kafelərdə ekranlar dondu, insanların dili tutuldu. Bir neçə dəqiqə əvvəl sevincdən oynayan uşaqlar indi sanki daş kəsilmişdi. Sanki bütün Misir Salah-la birgə yerə yıxılmışdı.
Həftələr keçdi. Salah sağalmamışdı, amma sınmamışdı. Dünya çempionatına zədəli halda qayıtdı və bir cümlə ilə ölkəsinə mesaj göndərdi: “Bədənlər yıxıla bilər… Amma yuxular yox.”
Rusiyada "Fironlar"
Rusiyada “Fironlar” 28 ildən sonra yenidən səhnədə idi. Amma başlanğıc istədikləri kimi alınmadı.
Uruguay-a qarşı ilk oyunda Salah ehtiyatda qaldı, ağrıyan çiyni riskə girməyə imkan vermirdi. Komanda inadla müdafiə olundu, intizamlı oynadı, hətta bir çox epizodda qələbəyə daha yaxın göründü. Amma 89-cu dəqiqədə qapılar sındı. Qol buraxıldı, xal əldən çıxdı. Buna baxmayaraq, meydanda göstərilən ruh bir çoxlarına “bu hekayə burada bitməyəcək” hissini verdi.
“Salaha qayıtsın, hər şey dəyişəcək” – ölkədə, tribunada, sosial mediada ən çox deyilən cümlə bu idi. İkinci oyunda, ev sahibi Rusiya ilə qarşılaşmada Salah start heyətində idi. Səhnəyə gülərək çıxdı, amma bədəni hələ də eyni dərəcədə cavab vermirdi.
Salah Sankt-Peterburqda penaltidən qol vurdu, amma o ana qədər tablo artıq 0:3 idi. Turnir Misir üçün praktiki olaraq oradaca bitdi.
Son oyunda, Səudiyyə Ərəbistanına qarşı Salah yenə qol vurdu. Amma yenə də məğlubiyyət. Misir qrup mərhələsini xalsız tərk etdi. Qayıdış nağılı gözlənilən kimi yazılmadı.
Sonrakı İllər
Rusiyadan sonra misir futbolunun hekayəsi ən ağır fəsillərindən birinə keçdi. Eyni nəsil futbolçular 2019-cu ildə Afrika Millətlər Kubokunu evdə keçirməyə hazırlaşır, tribunalar dolu, ümidlər isə göyə yüksəlmişdi. Amma sevinc yenə təxirə düşdü. Cənubi Afrika ilə 1/8 finaldakı şok məğlubiyyət milyonları susdurdu.
İki il sonra, Kamerun 2021. Şərait ağır, meydanlar çətin, amma ruh dəyişmişdi. Misir göz oxşayan futbol oynamırdı, amma ürəklə vuruşurdu. İlk oyunda Nigeriyaya uduzdular, amma ordan ayağa qalxmağı bacardılar. Salah komandanın ürəyinə çevrildi, “Fironlar” Fildişi Sahili, Mərakeş və ev sahibi Kamerunu sırayla turnirdən kənarlaşdıraraq finala yürüdülər. Rəqib yenə Senegal idi.
Üçüncü dəfə turnirdə iş penaltilərə qaldı. Bu dəfə isə Salah topun arxasına keçməyə macal tapmadı. Seriya onun zərbəsinə çatmamış başa çatdı, kubok Senegala getdi.
Bir neçə həftə sonra eyni ssenari, başqa səhnə. Bu dəfə məsələ təkcə kubok deyildi – 2022 dünya çempionatına vəsiqə Senegal ilə ikili oyunda həll olunurdu. Yenə penaltilər. Bu dəfə Salah cərimə nöqtəsinə tərəf addımladı. Üzündə sakitlik, tribunadan üzünə yağan lazer işıqları, gözlərində isə illərin yığılmış yükü vardı. Zərbəni vurdu… Top qapının üzərindən keçib gecənin qaranlığına qarışdı.
Misir dondu. Bir ürək döyüntüsü içində bütün bir ölkənin yuxusu dağılmış kimi oldu. Amma bu yuxu bir əsrdə qurulmuşdu. Bir gecəyə də yıxılmayacaqdı.
Sonra 2026 seçmə mərhələsi başladı. Bu dəfə Salah tək deyildi. Onun ətrafında yeni bir nəsil formalaşmışdı – onu televizorda izləyib böyüyən, uğurlarını da, ağrılarını da görən gənclər. Onlar Salah-a ulduz kimi yox, böyük qardaş kimi baxırdılar.
Komandanın ruhu də dəyişmişdi. İlk oyundan – Djibouti qarşılaşmasından – hər şey aydın idi: meydanda başqa Misir var. İntizamlı, ac, bir-birinə bağlı. Salah yenə qol vururdu, amma yanında Omar Marmoush və Ahmed Sayed – Zizo parlayırdı, rəqibləri çətin vəziyyətə salan kombinasiyalar qururdular.
Texniki zonada isə bir başqa Hossam – Hossam Hassan. Kənarda bir an belə sakit dayanmadı. “Press edin! Geri çəkilməyin!” – hər hücumda, hər müdafiə epizodunda sanki özü meydanda idi. O, təkcə məşqçilik etmirdi, komandanın itirdiyi kimliyi geri qaytarırdı. Qorxu yoxa çıxmışdı. Bir zamanlar televizorda Salah-a baxan gənclər indi onunla yan-yana oynayır, ona ötürmə verirdi.
Oyun keçdikcə məğlubiyyətsiz seriya uzandı. 10 oyundan 8-i qələbə, 2-si heç-heçə ilə başa çatdı. Misir qrupun zirvəsinə sakit, amma inamlı şəkildə yerləşdi. Son seçmə oyununda final fitindən sonra Hossam kənarda sadəcə sakitcə gülümsədi. Birinci missiya yerinə yetmişdi. Futbolçular isə təmtəraqlı şou göstərmədən, təvazökar şəkildə sevindilər – sanki demək istəyirdilər: “Əsl iş indi başlayır.”
İndi isə baxışlar yenidən eyni səhnəyə dikilib – dünya çempionatına. Hossam Hassan artıq planlarını qurur, Salah isə azarkeşlərinə bir cümləlik vəd verib: “Bu dəfə söhbət təkcə iştirakdan getməyəcək.”
İllər əvvəl səpilən toxum indi, nəhayət, bar verəcəkmi? Bunu cavablandıracaq yer bir daha dünya futbolunun ən böyük səhnəsi olacaq.





