Morgan Gibbs-White: İngiltərə millisinin ‘10 nömrə’ mübahisəsi
Morgan Gibbs-White bu mövsüm təkcə Nottingham Forest-i Premyer Liqada sağ qalma həddinə daşıyan oyunçu deyil. O, eyni zamanda İngiltərə millisinin “10 nömrə” mübahisəsini də alt-üst edib. İlin ilk yarısında kölgədə qalan, ikinci yarısında isə alovlanan bir futbolçu haqqında danışırıq.
Mövsüm ərzində Premyer Liqada 35 oyunda 13 qol. Onlardan yeddisi martdan sonra gəlib. Bu, sadəcə yaxşı forma deyil, pik hədddir. Və bu pik, istər-istəməz Thomas Tuchel-in diqqətini cəlb edib.
Tuchel-in siyahısına sığmayan “10 nömrə”
May ayında Tuchel-in Yaponiya və Uruqvaya qarşı yoldaşlıq görüşləri üçün açıqladığı 35 nəfərlik geniş heyətdə Morgan Gibbs-White yox idi. O vaxt qərar təəccüblü görünmürdü. İndi isə sual tərsinə çevrilib: onu necə görməməzlikdən gəlmək olar?
İngiltərənin yaydakı dünya çempionatında “10 nömrə” mövqeyi üçün rəqabət amansızdır. Real Madrid-dən Jude Bellingham, Arsenal-dan Eberechi Eze, Aston Villa-dan Morgan Rogers, Manchester City-dən Phil Foden və əlbəttə, Chelsea-nin Cole Palmer-i. Kağız üzərində hamısı elit, hamısı yaradıcı, hamısı fərqləndirici oyunçu.
Amma rəqəmlər bəzən bütün reputasiyalardan daha sərt danışır. Rogers və Gibbs-White bu mövsüm klublarında digərlərindən ən azı min dəqiqə artıq oynayıb. Davamlılıq, ritm, məsuliyyət – hamısı onların çiyinlərində olub.
Açıq oyundan qol və ötürmələrdə isə Morgan Gibbs-White hamısını qabaqlayır: 16 qoləlaqə – 12 qol, 4 assist. Rogers iki ilə geri qalır – 14. Qalanları isə bu tempə yaxın belə düşmür.
İlin əvvəlindən bəri forma göstəricilərinə baxanda tablo daha da kəskinləşir: Gibbs-White-ın 16 qoləlaqəsinin 12-si yanvardan sonra gəlib. Rəqiblərdən ən yaxını Rogers-dir – cəmi dörd.
Stamford Bridge-dəki 20 dəqiqəlik vitrin
Chelsea – Nottingham Forest oyunu bu mübahisənin canlı nümayişi idi. 3:1 hesabı ilə başa çatan matçın 20 dəqiqəsi, sanki Tuchel üçün açıq sınaq idi. Meydanda həm Cole Palmer, həm də Morgan Gibbs-White eyni anda idi.
Palmer oyuna start verdi, 90 dəqiqə meydanda qaldı, penalti qaçırdı, hücumda dişsizlik yaşadı, qərarları keçmədı. Gibbs-White isə fasilədən sonra meydana daxil oldu və cəmi altı dəqiqə sonra hesabda izini qoydu – assist.
Bir tərəfdə bu mövsüm zədələrlə boğuşan, cəmi beş qoləlaqə ilə kifayətlənən Palmer. O biri tərəfdə isə ritmi tutmuş, özünü lider kimi təsdiqləyən Gibbs-White. Forma baxımından müqayisə artıq sadəcə rəqabət deyil, uçurum təsiri bağışlayır.
“Artıq söhbətin içindədir”
Keçmiş Liverpool yarımmüdafiəçisi Danny Murphy ötən ay Match of the Day efirində bunu açıq şəkildə dilə gətirdi. Onun fikrincə, 2026-cı ildəki bu performans Morgan Gibbs-White-ı İngiltərə yığmasının real namizədləri sırasına itələyib. Murphy-nin məntiqi sadədir: əgər məşqçi formda yaradıcı oyunçular axtarırsa, qollar vuran, oyunlara təsir edən futbolçulara baxırsa, bu siyahıdakı bəzi adlar hazırda Gibbs-White qədər yaxşı oynamır.
Əvvəlki mövsümlərdə onu geri saxlayan əsas problem qol çatışmazlığı idi. Bu il isə sanki tıxac qırılıb. İlk dəfədir ki, bir mövsümdə iki rəqəmli qol sayına çatır. Premyer Liqada 13 qol – son iki mövsüm birlikdə vurduğundan daha çox.
Keçmiş Nottingham Forest müdafiəçisi James Perch-in BBC Radio Nottingham-da dediyi kimi: “Bu mövsüm onun rəqəmləri ilə mübahisə edə bilməzsən. Bütün turnirlərdə 15 qol – əladır.” Perch təkcə hücumdan danışmır, Gibbs-White-ın geriyə qayıdıb müdafiəyə verdiyi dəstəyi də xüsusi vurğulayır. Onun sözlərinə görə, o, “inanılmaz” olub, böyük oyunlarda ortaya çıxır, bəzən matçları təkbaşına qazanır.
Və əsas cümlə: “Niyə hələ də yığmaya dəvət almır, anlamıram. Daha nə etməlidir ki?”
Vaxt daralır, şans böyüyür
İngiltərənin dünya çempionatı üçün yekun heyəti 30 may şənbə gününə qədər təqdim olunmalıdır. Bu tarixə qədər heç bir yoldaşlıq görüşü planlaşdırılmayıb. Yəni Gibbs-White-ın əlində yalnız klub səviyyəsində qalan matçlar var.
Forest-in Premyer Liqada qarşıda üç oyunu qalıb – Newcastle, Manchester United və Bournemouth. Üstəlik, Avropa Liqasının yarımfinalında Aston Villa ilə ən azı bir matç daha. İlk oyundan sonra Forest cəmi 1:0 hesablı üstünlüyə sahibdir.
Ssenari aydındır: əgər Morgan Gibbs-White bu komandanı Avropa kubokuna aparan aparıcı fiqura çevrilə bilsə, onun dünya çempionatına gedəcəyi ilə bağlı suallar daha çox ritorik səslənəcək.
Amma Stamford Bridge-də hər şey plan üzrə getmədi. Chelsea qapıçısı Robert Sanchez-lə toqquşmadan sonra Gibbs-White başından ağır zədə aldı, yara tikiş tələb etdi və oyuna girdikdən cəmi 20 dəqiqə sonra meydanı tərk etdi. İndi isə o, Villa ilə cavab görüşünə qədər vaxtla yarışır.
Forest-in 1:0-lıq üstünlüyünü qorumaq və ya artırmaq üçün onun yaradıcılığına ehtiyacı var. Eyni zamanda, bu matç Gibbs-White üçün şəxsi vitrin ola bilər – Avropada yarımfinal, yüksək səviyyəli rəqib, böyük səhnə.
James Perch-in son fikri bu vəziyyəti yaxşı xülasə edir: “Bəlkə də artıq dəvət üçün bir az gecdir, amma mənim gözümə görə o, buna layiqdir. O, klubunda əlindən gələni edir. Tuchel onu daha nə qədər görməzlikdən gələ bilər?”
İngiltərənin “10 nömrə”sini seçmək indi təkcə taktiki məsələ deyil. Bu, həm də formaya, cəsarətə və son aylarda kimlərin həqiqətən məsuliyyət daşıdığına verilən qiymətdir. Morgan Gibbs-White isə cavabını artıq meydanda verib. İndi növbə Tuchel-dədir.




