Mourinhonun unudamadığı final: Roma – Sevilla
José Mourinho üçün Roma dövrü qısa oldu, amma iz buraxdı. Serie A nəhəngi ilə Avropada ardıcıl iki final, onlardan biri tarixə düşən kubok yürüşü. 2022-ci ildə Konfrans Liqasının finalında Feyenoord-u məğlub edən Roma yalnız bir titul qazanmadı, bütöv bir şəhəri ayağa qaldırdı.
Həmin gecə Mourinhonu da tarixə yazdı. O, Çempionlar Liqası, UEFA Cup/Europa League və Konfrans Liqasını qazanan ilk baş məşqçi oldu. Portuqaliyalı həm də Roma üçün 11 illik böyük kubok həsrətinə son qoydu. Bu, paytaxt üçün sadəcə bir kubok deyildi, boğazda ilişib qalmış daşın yerindən qopması idi.
Amma növbəti mövsüm sevincin ardınca ürək ağrısı gəldi. Europa League finalında Sevilla ilə dramatik duel, penaltilərdə məğlubiyyət və Mourinhonun karyerasında ilk avrokubok finalı itkisi. O gecə Premyer Liqa hakim briqadasının idarəçiliyi, xüsusilə də baş hakim Anthony Taylor-un qərarları portuqaliyalının yaddaşına sancılıb qaldı.
İllər keçir, karyeralar yoluna davam edir, amma o finalın tozu hələ də tam çökməyib. Mourinhonun özü də bunu gizlətmir. “Beast Mode On” podkastında Adebayo Akinfenwadan “yenidən oynamaq istədiyin tək oyun hansıdır?” sualını eşidəndə, cavab gözlənilmədən sürətli və kəsərli gəlir: “Roma – Sevilla, Europa League final. Anthony Taylor olmadan!”
Bu cümlə hələ də içində qalan yanğının ölçüsünü göstərir. O final yalnız taktika və penaltilər deyildi, emosiyanın, gərginliyin, mübahisəli qərarların düyünə çevrildiyi bir gecə idi. Mourinhonun etirazları, meydandan kənardakı qızğın mübahisələr, son fitdən sonra da davam edən gərginlik – hamısı bu seçimin arxasında dayanır.
Ən çətin səfər; Bernabéu, ən güclü soyunma otağı
Mourinho söhbət boyu yalnız o finala qayıtmır. Karyerasının ən çətin səhnələrini də bir-bir gözünün önündən keçirir. Premyer Liqanın nəhəng arenaları, düşmənə çevrilən tribunalar, təzyiqin son həddə çatdığı anlar.
Ən çətin səfər meydanı barədə sual veriləndə isə tərəddüd etmir: Anfield. Liverpool-un evi, atmosferi ilə məşqçilərin sinirlərini sınağa çəkən stadion. Oradakı səs-küy, tribunaların oyuna müdaxilə edən enerjisi, Mourinhonun yaddaşında xüsusi yer tutur.
İndi isə o, yenidən Real Madrid-ə qayıdır. Bernabéu onun üçün tanış səhnədir, amma bu dəfə soyunma otağı daha da parlaq ulduzlarla doludur. Jude Bellingham, Kylian Mbappé, Vinícius Júnior – Mourinho üçillik müqavilə ilə yenidən bu səviyyədə ego və istedadla işləməyə hazırlaşır. Onun sözlərinə görə, Real Madrid-in soyunma otağı ən güclü, ən dolğun mühitə sahib olanıdır.
Madridə ikinci missiya
Mourinho artıq Portuqaliya, İngiltərə, İtaliya və İspaniyada böyük titullar qazanıb. Real Madrid-dəki ilk dövrü də boş keçməmişdi: La Liga çempionluğu, Copa del Rey zəfəri və Barcelonaya qarşı aparılan sərt mübarizə ilə yadda qaldı. 2010–2013-cü illər arasında qurduğu komanda Bernabéu-da ritmi dəyişmişdi.
İndi o, Madridə ikinci dəfə qayıdarkən məqsəd eynidir: kubok yolu yenidən açılmalıdır. Klubun DNT-si titullarla yazılıb və Mourinho bu təzyiqi yaxşı tanıyır. Onun üçün bu, həm də şəxsi irs məsələsidir – 26 illik məşqçilik karyerasında artıq hər şeyi görmüş biri kimi yenə ən yüksək səhnəyə çıxır.
Roma: bir şəhərin dəli olduğu gecə
Bu qədər titulun içindən “ən çox qürur duyduğun uğur hansıdır?” sualı asan görünə bilər. Amma Mourinho cavabı çox uzaqda axtarmır. Yenə Roma, yenə Konfrans Liqası.
“Oydu ki, Roma-da Konfrans Liqasını qazandıqda, şəhər dəli oldu” – deyə o, həmin uğuru xatırlayır. O, bu titulu başqa şəhərlərdəki Çempionlar Liqası qələbələri ilə müqayisə edir və fərqli bir nöqtəyə toxunur: Roma-nın klubla münasibəti.
Onun təsvirinə görə, Roma elə bir şəhərdir ki, insanlar klubla yaşayıb klubla nəfəs alırlar. “Nəhəng klub, inanılmaz ehtiras” – bu sözlər paytaxtın ruhunu dəqiq tutur. Konfrans Liqası ilk mövsümündə o qədər də böyük dəyər görməsə də, Roma üçün həmin kubokun mənası rəqəmlərdən çox-çox o tərəfdə idi.
Mourinho həmin paradı xatırlayır: Kolizey, Circus Maximus ətrafında açılan yürüş, küçələri dolduran minlərlə insan, qırmızı-sarı dənizi. O an başa düşdü ki, bu kubokun şəhərə verdiyi hissi bəlkə də bəzi Çempionlar Liqası qalibləri öz şəhərlərində belə yaşada bilməyib. Avropa o vaxt Konfrans Liqasına bu gün verdiyi dəyəri vermirdi, amma Roma üçün bu, bəlkə də əsrin gecəsi idi.
İndi isə o, yenidən Madrid səhnəsinə çıxır, arxasında Roma-nın dəli şəhəri, Anfield-in boğucu səsləri, Budapeştin acı final xatirəsi və qarşısında Bernabéu-nun işıqları. Sual təkdir: bu dəfə tarix onunla bir daha eyni cümlədə yazılacaqmı?



