Caspian Sport

Newcastle Hornicek ilə lider qapıçı transfer etdi: 25,7 milyon funt sterlinq

Newcastle United nəhayət qapı xəttində axtardığı əsas fiquru tapdı. Klub Portuqaliyanın Braga komandasından qapıçı Lukas Hornicek-i 25,7 milyon funt sterlinqə heyətinə qatdı və ona beşillik müqavilə təklif etdi.

Bu, yay pəncərəsində ikinci qapıçı transferidir. 20 yaşlı Ewen Jaouen artıq Reims-dən gətirilmişdi, amma klubun planı aydın idi: qapıda həm gələcək, həm də dərhal “bir nömrə” ola biləcək, artıq formalaşmış lider.

24 yaşlı çex qapıçı həftəsonu İspaniyada komandann təlim-məşq toplanışına uçdu, buradaca tibbi müayinədən keçdi, sərbəstqalma maddəsi ödənildi və keçid rəsmiləşdi. Emosiyalarını gizlətmədi. Onun sözlərinə görə, bu keçid bir neçə gün ərzində onu “emosional burulğana” salıb, indi isə yalnız bir hiss üstünlük təşkil edir – rahatlıq və həyəcanla qarışıq sevinc.

Hornicek üçün bu, təkcə yeni klub deyil, tamamilə yeni futbol dünyasıdır. Yeni liqa, yeni ritm, yeni təzyiq. Amma o, ilk gündən özünü yad hiss etməyib. Gəliş anından klubdakı isti münasibətdən danışır, Newcastle-in içindəki atmosferi xüsusi vurğulayır. Adaptasiya dövrü adətən qapıçı üçün ən həssas mərhələlərdən sayılır, lakin çex qolkiper artıq indi özünü bu mühitə aid hiss etdiyini deyir.

Onu ən çox cəlb edən isə şəhərin futbol nəfəsi və St James’ Park tribunalarının gücüdür. 52 minlik stadionun hər oyunda yaratdığı səs-küy, təzyiq və enerji – Hornicek bunu kənardan görmüşdü, indi isə həmin atmosferin mərkəzinə keçməyə hazırlaşır. O, bu tribunaların qarşısına çıxacağı günü səbirsizliklə gözlədiyini açıq şəkildə bildirir.

Newcastle bu transferi emosiyalarla deyil, soyuq hesablamalarla da əsaslandırır. Klub Hornicek-i təsadüfən seçməyib. Keçən mövsüm Braga ilə Europa League yarımfinalına qədər gedən marşrutda o, yeddi dəfə qapısını toxunulmaz saxladı – turnirin bütün qapıçıları arasında ən yüksək göstərici. Böyük səhnədə belə sabitlik təsadüf olmur.

Statistika onu başqa cəhətdən də önə çıxarır. Opta məlumatlarına görə, Hornicek ötən mövsüm Portuqaliyanın yüksək liqasında qapıçılar arasında uğurlu ötürmələrin sayına görə ikinci (846), ötürmə dəqiqliyinə görə isə ilk dördlükdə yer alıb (75 faiz). Yəni o, yalnız topu qurtaran deyil, hücumun başlanğıc nöqtəsidir. Müasir futbolda qapıçıdan tələb olunan budur: ayaqla oynamaq, oyunu aşağıdan qurmaq, müdafiə xəttini sakit saxlamaq.

Newcastle-in idman direktoru Ross Wilson da məhz bu inkişaf xəttinə diqqət çəkir. Onun sözlərinə görə, Hornicek-in son illərdəki irəliləyişi “heyrətamiz” olub və o, artıq Avropanın ən parlaq gənc qapıçılarından biri kimi qəbul edilir. Bu yay bir çox klubun Hornicek üçün sıraya düzələcəyi gözlənilirdi, amma Wilson-un dediyinə görə, danışıqlar zamanı bir məqam tez üzə çıxıb: çex qapıçı Newcastle layihəsinin bir parçası olmağı hər şeydən çox istəyib.

Məhz bu istək indi St James’ Park qapısında yeni rəqabət doğurur. Jaouen gələcəyin layihəsi kimi gətirilib, Hornicek isə hazır gün üçün cavabdır. Qapı xəttində bu cür seçim bolluğu illərdir Newcastle azarkeşlərinin arzuladığı lüks idi. İndi isə bu, reallıqdır.

Sual təkdir: bu reallıq komandanın ambisiyalarını hansı səviyyəyə daşıyacaq?