Neymarın 2026 Dünya Kubokundakı Çətinlikləri
Neymarın 2026 Dünya Kubokuna yolu asan olmayıb. Oktyabr 2023-də yaşadığı ağır diz zədəsi, ardınca baldır problemi, sanki illərlə davam edən bir pauza yaratdı. Ulduz hücumçu əvvəlcə Mərakeş və Haiti ilə açılış oyunlarını buraxdı, milli formanı yenidən geyinməsi isə yalnız qrup mərhələsinin son turunda, Şotlandiyaya qarşı qazanılan qələbədə mümkün oldu. Cəmi bir neçə dəqiqəlik iştirak – amma Braziliya azarkeşlərinə bəs etdi. Tribunalar bir anın içində “yenidən əsas heyət, yenidən lider” xəyallarına qapıldı.
Reallıq isə bir az fərqlidir.
Ancelotti ehtiyatı əldən vermir
Carlo Ancelotti həyəcan dalğasına qapılanlardan deyil. Pley-off öncəsi mətbuat konfransında italyan mütəxəssis açıq şəkildə bildirdi: Neymar hələ tam 90 dəqiqəlik futbola hazır deyil.
“Neymar çox yaxşı irəlilədi. Keçən həftə xeyli inkişaf etdi,” – deyə o, jurnalistlərin qarşısında vurğuladı. – “Təəssüf ki, bizimlə olduğu müddətin hamısında tam şəkildə məşq edə bilmədi. Artıq 15 dəqiqədən çox oynaya bilər. Vəziyyəti yaxşıdır. Amma hər şey oyunun gedişatından, kontekstdən asılı olacaq.”
Bu cümlələrdə həm ümid, həm də sərt həqiqət var. Ancelotti onu qorumağa çalışır. Braziliya isə hələ də Neymarın bir toxunuşla oyunun ritmini dəyişən versiyasını xatırlayır. İndi isə həmin sehrin nə qədərinə hazır olduqları sual altındadır.
Bazar ertəsi baş tutacaq 1/16 final qarşılaşması öncəsi əsas sual budur: Neymar start heyətində olacaq, yoxsa yenə sonradan meydana atılan gizli silah kimi saxlanılacaq?
Yaponiya meydandan əvvəl danışdı
Bu duelə gərginlik qatan yalnız Neymarın vəziyyəti deyil. Yaponiya millisinin hücumçusu Kento Shiogai verdiyi açıqlama ilə alovu bir az da qızışdırdı. Wolfsburg forvardı Braziliyanın dünya futbolundakı hegemonluğunun zəiflədiyinə işarə etdi və bununla da pley-offun ən maraqlı qarşılaşmalarından biri öncəsi emosiyaları alovlandırdı.
Turnirdə cəmi altı dəqiqə şans qazanan 21 yaşlı hücumçunun sözləri Braziliya düşərgəsində cavab gözləyirmiş kimi görünsə də, Ancelotti bu oyuna kənarda deyil, meydanda reaksiya vermək niyyətindədir.
“O başqalarının dediyini təkrarlamaq istəmirəm. Biz oyuna, rəqibin keyfiyyətlərinə, problemlərdən qaçmaq üçün yaxşı hazırlaşmağa fokuslanmışıq,” – deyə o, qısa şəkildə mövqeyini bildirdi. – “Hazırlıq dedikdə bunu nəzərdə tuturam. İngiltərədə ‘mind games’ deyirlər. Portuqal dilində necə deyirlər? Mind games. Biz o yola girmirik.”
İtalyan çalışdırıcı söz savaşını bir cümlə ilə bağladı və diqqəti yenidən meydanın içindəki mübarizəyə yönəltdi. Braziliya üçün indi vacib olan, mikrofon qarşısında deyil, 90 dəqiqə ərzində cavab verməkdir.
Yaponiyanın seriyası, Braziliyanın yaddaşı
Kağız üzərində favorit Braziliyadır. Amma rəqib, artıq uzun müddətdir ki, “asan udulan” komandalar siyahısından çıxıb. Samurai Blue 10 oyundur məğlub olmur. Bu seriyaya Tokioda Braziliyaya qarşı qazandıqları 3:2 hesablı möhtəşəm qələbə və Wembley-də İngiltərə üzərində alınan qələbə də daxildir.
Ancelotti həmin Tokiodakı yoldaşlıq görüşünü unutmur. Braziliya ilk hissədə hesabı açmış, fasiləyə üstün yollanmışdı. İkinci hissədə isə ssenari tam dəyişdi: Yaponiya geri dönüş etdi və oyunu çevirdi. Bu, sadəcə statistik qeyd deyil, xəbərdarlıqdır – Braziliya üstünlüyü 90 dəqiqə qorumağı bacarmalıdır.
Yaponiya bu turnirdə də eyni inadkar simasını göstərir. F qrupunda ikinci yeri tutan komanda Niderlandla 2:2-lik bərabərlik əldə edib, Tunisi 4:0 hesabı ilə darmadağın edib, İsveçlə isə 1:1 oynayıb. Fasiləsiz qaçan, intizamlı, topu itirəndə dərhal təzyiq edən bir komanda obrazı artıq oturuşub.
Bu Braziliya üçün nə deməkdir? Bir anlıq boşluq – və Tokiodakı ssenari yenidən yazıla bilər.
Neymar üçün yeni pərdə
Bütün bunların fonunda Neymarın rolu daha da simvolik görünür. Üç il sonra milliyə dönüş, ağır zədələrdən sonra yenidən yaşıl meydanda olmaq, indi isə pley-offun astanasında “neçə dəqiqə oynayacaq?” sualının mərkəzində dayanmaq.
Ancelotti onu tələsmədən, dozalı şəkildə oyuna qaytarır. Azarkeşlər isə tələskəndir, çünki yaxşı bilirlər: bu turnir Neymar üçün son böyük səhnələrdən biri ola bilər.
Braziliya favorit kimi meydana çıxacaq. Yaponiya isə bu rolu heç vecinə almayan, öz oyununu oynamağa öyrəşmiş komanda təsiri bağışlayır. Bir tərəfdə yenidən zirvəyə qayıtmaq istəyən nəhəng, o biri tərəfdə isə artıq nəhəngləri yıxa bildiyini sübut etmiş, 10 oyundur uduzmayan kollektiv.
Bu axşam cavab təkcə tabloya deyil, Neymarın ayaqlarına da yazılacaq. Braziliya risk edəcək, yoxsa ən böyük ulduzunu hələlik ehtiyatda saxlayacaq? Sezonun hekayəsini dəyişəcək qərar elə indi verilir.




