Old Trafford-da Şok Geridönüş: Carrick Məsuliyyəti Üzərinə Götürdü
Old Trafford-da gecə iki fərqli hekayə yazıldı. Bir tərəfdə oyunu əlinə alıb buraxan, sonda tribunaları susduran Manchester United. Digər tərəfdə isə 2:0 geridəykən planından dönməyən, inamını itirməyən və 3:2 qələbəni qoparan Brighton & Hove Albion.
Michael Carrick oyundan sonra nə pərdə arxasına sığındı, nə də bəhanə axtardı. O, açıq şəkildə dedi: bu məğlubiyyət mənim üzərimə yazılır.
Carrick: “Oyunun sonundakı performans mənim boynumadır”
Manchester United-in baş məşqçisi Sky Sports-a açıqlamasında komandasının iki müxtəlif sima göstərdiyini etiraf etdi:
“Oyunun əvvəli ilə sonu tamamilə fərqli idi. Elə bil eyni oyun deyildi, emosiyalar da tam başqa idi. Oyunu istədiyimiz kimi nəzarətə götürmüşdük, sonra isə onu əlimizdən çox böyük şəkildə verdik. Oyunun hekayəsi budur”.
Carrick komandanın bunu kollektiv şəkildə qəbul etməli olduğunu vurğuladı, amma ilk addımı özü atdı:
“Baxıb analiz edəcəyimiz bir çox məqam var. Bunu qrup olaraq qəbul edə bilmərik. Məsuliyyəti üzərimə götürürəm. İkinci hissənin sonlarına doğru olan performans – bu mənim boynumadır. Hamımız daha yaxşı olmalıyıq. Bazar günü böyük oyunumuz var, ona hazırlaşmalıyıq. Bu turnirdən kənarda qaldıq və yenidən qalib gəlməyə qayıtmalıyıq. Hazırda özümüzü yaxşı hiss etmirik, amma qələbə qazanmağa qayıtmaq və daha yaxşı olmaq məcburiyyətindəyik”.
Onun fikri artıq növbəti oyunda idi: “Qazanmaq istəyirik və bunu tez etmək istəyirik. Növbəti oyun bazar günüdür və hazırda yalnız bunu düşünürəm”.
BBC Radio 5 Live-a danışarkən Carrick bir qədər də dərinə endi. Gecənin yeganə parlaq detalı – akademiya yetirməsi Shea Lacey-nin qolu – belə ümumi məyusluğun içində itib getdi:
“Oyunun əvvəli indi çoxdan keçmiş kimi gəlir, amma start fantastik idi. Ümid etdiyimiz hər şey, hətta bəzi məqamlarda daha da artıq – xüsusilə Shea-nın qol vurması baxımından. Akademiya üçün, onun yoluna dəstək olan hər kəs üçün bu, xüsusi an idi. O isə bu anı daha çox qeyd edib zövq almalı idi. Amma oyun tam başqa istiqamətə döndü. Vaxt keçdikcə oyunu əldən verdik”.
Carrick son tabloya görə yenə özünü önə çəkdi:
“Gecə çox məyusedici bitdi, bunu demək asandır. Bunu qəbul edirik. Belə mövqedə olub, oyunu bu şəkildə uduza bilmərik. Məyusluq və əsəbi reaksiyaları anlayıram, qəbul edirəm. Bu mənim boynumadır. Daha yaxşı olmalı olacaq”.
Son həftələrdə kiçik detalların əleyhlərinə işlətdiyini xatırlatdı – Everton-a uzaq məsafədən buraxılan gec qol, Manchester City qarşısında qapılarına yazılan top – amma yenə də üzr üçün istifadə etmədi:
“Son bir-iki həftədə xırda şeylər əleyhimizə getdi və bu da yığılıb daha böyük hiss etdirir. Bunu etiraf etməliyik. Amma bu, oyunu bu cür bitirməyimizə haqq qazandırmır. O mövqedən belə sonluq olmamalı idi. Təvazökar olmalı, bunu qəbul etməliyik. Bazar günü üçün cavabları tapmaq məcburiyyətindəyik”.
Hurzeler və Brighton: “2:0-dan sonra ya təslim olursan, ya da inanırsan”
Rəqib texniki zona isə tamam başqa ovqatda idi. Brighton baş məşqçisi Fabian Hurzeler üçün bu, planına sadiq qalmağın mükafatı idi.
Sky Sports-a danışan gənc alman mütəqəssis komandası ilə fəxr edirdi:
“Düşünürəm ki, oyuna həqiqətən yaxşı başladıq. İki asan qol buraxdıq, amma planımıza sadiq qaldıq. Bu, müsbət idi. 2:0 geridəsən – ya bir istiqamətə gedib ‘oyun bitdi’ deyə bilərsən və plana sadiq qalmazsan, ya da inanarsan. Komanda yoldaşlarına inanmalısan. Özünə inanmalısan”.
Zaman keçdikcə üstünlüyün onlara keçdiyini açıq şəkildə gördüyünü dedi:
“Oyun uzandıqca biz daha yaxşı oynadıq və sonda düşünürəm ki, qələbəni haqq etdik”.
Hurzeler komandasının başlanğıcda o qədər də pis olmadığını, sadəcə əsəb və texniki səhvlərin tabloya təsir etdiyini vurğuladı:
“Düşünmürəm ki, pis başladıq. Əlbəttə, qollar buraxdıq və qollar oyunun momentumunu dəyişdi, amma ümumilikdə düzgün strukturdaydıq. Yaxşı hücum şablonlarımız vardı. Başlanğıcda pis olan tərəf o idi ki, xeyli əsəbi idik. Çox texniki səhv etdik. Sonra oyunçular oyuna girdilər”.
Son hissədə nə baş verdiyini isə bir cümlə ilə xülasə etdi:
“Sonda oyuna tam nəzarət etdik və başqa qol vurmaq üçün kifayət qədər imkanımız vardı”.
Redknapp-dan sərt tənqid: “Bu, 5 nəfərlik meydança deyil”
Sky Sports studiyasında Jamie Redknapp Manchester United-in müdafiə xəttini, xüsusilə də Brighton-un ikinci qolundakı davranışı yerə vurdu.
Onun fikrincə, Ayden Heaven və Leny Yoro həm mövqe, həm reaksiya, həm də aqressivlik baxımından sinifdə qaldılar.
Redknapp həmin epizodu belə təsvir etdi: Heaven və Yoro bir-birindən həddən artıq aralı idi, bu, müasir futbolda bəzən qəbul oluna bilər, amma mərkəzdə topu itirən, təzyiq altında əziyyət çəkən yarımmüdafiəçiyə dəstək gəlmədi. Heaven topu tələb edib şikayətlənmək əvəzinə, 20 metr sprintlə geriyə, Pascal Gross-un qol vurduğu mərkəzə doğru qayıtmalı idi. Əvəzində o, ayaqüstə qaldı, təhlükəni qabaqcadan görmədi, cərimə meydançasına doğru sürətli reaksiya vermədi.
Redknapp Leny Yoro-nu da sərt tənqid etdi, onun topa müdaxilə cəhdini “izaholunmaz” adlandırdı, səviyyəyə uyğun olmayan asanlıqda keçildiyini vurğuladı.
O, müdafiəçilərin davranışını belə yekunlaşdırdı: “Bu, 5 nəfərlik meydança oyunu deyil. Bu, böyük turnirdir. Aqressiv olmalısan. Bu dəyişməsə, onlar Manchester United üçün müntəzəm oynaya bilməzlər”.
Morrison: “Kadr dərinliyi yetmir, bazar günü dönüş nöqtəsi ola bilər”
BBC Radio 5 Live-da Old Trafford-dan danışan keçmiş hücumçu Clinton Morrison diqqəti başqa məqama yönəltdi – kadr seçimi və gənc oyunçuların eyni anda meydanda olması.
O, ötən mövsüm Ruben Amorim çətinlik çəkəndə Michael Carrick-in gördüyü işi xatırlatdı və bu nəticəyə görə onu birdəfəlik hədəfə çevirməyin ədalətsiz olacağını işarə etdi. Morrison-un fikrincə, bu gün aldığı şansdan yararlana bilməyən, əsas heyətə alternativ kimi düşünülən oyunçuların səviyyəsi sual altındadır:
“O, bu gün ehtiyat oyunçularına şans verdi və bu da göstərdi ki, hazırda həmin oyunçular bu səviyyəyə girməyə kifayət qədər hazır deyillər. Mən Ayden Heaven və Leny Yoro-nu bəyənirəm, amma onlar hələ gəncdirlər və zamana ehtiyacları var. Onları eyni vaxtda oynatmaq – bu, risk idimi?”
Morrison həm də problemin təkcə taktiki planda olmadığını düşünür:
“Premyer Liqa-da da qollar buraxırlar, ona görə də bunun yalnız taktika ilə bağlı olduğunu düşünmürəm. Sadəcə hazırda hər şeyi düzgün qura bilmirlər”.
Onun üçün indi hər şey bazar gününə bağlanıb:
“Bazar günü böyük oyundur, çünki beynəlxalq fasiləyə ardıcıl üç məğlubiyyətlə getmək istəməzsən”.
Manchester United indi həm nəticə, həm də özgüvən baxımından təhlükəli zolağa girib. Carrick məsuliyyəti öz üzərinə götürüb, Brighton isə Old Trafford-dan prinsipial qələbə ilə çıxıb.
Cavab isə artıq çox uzaqda deyil – bazar günü bu komanda həqiqətən reaksiyaya qadirdirmi, ya yox?




