Ouahbi-dən Fransa ilə oyundan sonra sərt irad
Fransa ilə ağır və əsəbləri gərən 90 dəqiqənin ardından, mərakeşlilərin baş məşqçisi Ouahbi qəzəbini gizlətmədi. Xüsusilə də oyunun taleyini açan epizod – Fransa yığmasının ilk qolu – onun üçün hələ də boğazda qalan tikədir.
Söhbət Adrien Rabiot-nun epizodundan gedir. Ouahbi-yə görə, fransalı yarımmüdafiəçi topa açıq şəkildə əllə toxunub, bundan saniyələr sonra isə Kylian Mbappe həmin epizodun davamında topu Mərakeş qapısına sancıb. Hakim Facundo Tello isə oyunu davam etdirməyi seçib və qol qüvvədə qalıb.
Mərakeş çalışdırıcısı beIN Sports-a açıqlamasında epizodu belə təsvir edib: “Qol bir az… bölüşdürülmüş topdan sonra gəldi, bəziləri dayandı, çünki əl ilə oynama gördülər. Bu, əl idi, amma bilmirəm, verilməli idimi, yoxsa yox, bilmirəm”.
Hakimin qərarına etiraz açıq idi, amma Ouahbi emosiyanı ittiham ovuna çevirmədi. Qolu haqsız saysa da, rəqibin səviyyəsini tanıdı, Fransa yığmasının keyfiyyətini açıq şəkildə qəbul etdi. Uduzduğu oyundan sonra belə, tonunu qaldırmaq əvəzinə, diqqəti öz komandasının inkişafına yönəltdi.
“Etiraf etməliyik ki, çox yaxşı komandaya qarşı oynadıq. Birinci hissədə çox əziyyət çəkdik, Bounou penalti epizodunda möhtəşəm qurtarış etdi”, – deyə 49 yaşlı mütəxəssis vurğulayıb.
Oyunun qrafiki də dediklərini təsdiqləyirdi. İlk hissədə Mərakeş topa nəzarətdə çətinlik çəkdi, pressinqdən çıxmaqda zorlandı, bəzi futbolçular sanki nəfəs dərirdi, ritmə gec qoşulurdu. Müdafiə bloku tez-tez sıxılır, Fransa isə boş zonaları axtarırdı.
Fasilədən sonra isə tablo eyni qalsa da, oyunun şəkli dəyişdi. Mərakeş daha sıx, daha intizamlı müdafiə etdi, topu itirdiyi anlarda daha tez reaksiya verdi. Ən əsası – topa sahib olanda panikaya düşmədi.
Ouahbi bunu xüsusi qeyd etdi: “İkinci hissədə daha yaxşı müdafiə olunduq və hər şeydən önəmlisi, topa sahib olanda daha sakit idik. Çox daha yaxşı idik. Birinci hissədə elə görünürdü ki, bəzi futbolçular nəfəs dərirdi. Eyni futbolçuların ikinci hissəyə necə yaxşı başladığını gördük”.
Mərakeşin oyunu getdikcə bərkiyirdi, amma sonda güc yenə də çatmadı. Son dəqiqələrdə yorğunluq, zədələr, daralan heyət öz sözünü dedi. Buna baxmayaraq, baş məşqçi geri çəkilmək niyyətində deyil.
“Axırda çətin oldu, amma inanıram ki, inanmağa və işləməyə davam etməliyik. Əsaslara üzərində də işləməliyik ki, zədələr olanda, daha az hazır futbolçular olanda daha geniş oyunçu hovuzumuz olsun. Davam edəcəyik, burada dayanmayacağıq. Çox məyusuq, daha çox istəyirdik, amma bunu qəbul etməliyik”, – deyə Ouahbi sözlərini tamamlayıb.
Hakim qərarına qəzəb, rəqibə hörmət, öz komandasına isə tələbkarlıq. Mərakeş üçün bu oyun bir son deyil, daha iddialı bir kollektiv qurmaq üçün sərt, amma aydın siqnal kimi yadda qalacaq.




