Caspian Sport

Perry Ng Sinqapur yığmasına yaxınlaşır: Niyə buradan gedim?

Cardiff City müdafiəçisi Perry Ng nəhayət illərdir arzuladığı hədəfə – Sinqapur millisinin formasına – real mənada yaxınlaşdığını deyir.

Liverpulda doğulan 30 yaşlı futbolçu atasının atasından gələn xəttlə Sinqapur üçün oynamağa haqq qazanır və uzun müddətdir “Lions” heyətində çıxış edib beynəlxalq səviyyədə iz qoymağı düşünür.

Pasport marafonunda finiş düzüyü

Ng mart 2025-də Sinqapurda daimi yaşayış statusu alıb. Ondan sonra isə Xarici İdman Mükəmməlliyi Proqramı vasitəsilə vətəndaşlıq üçün rəsmi müraciətini edib.

Prosesi isə asan adlandırmaq mümkün deyil. Müdafiəçi daha əvvəl vətəndaşlıq yolunda yaşadığı çətinliklərdən, qarışıq şərtlərdən narazılığını dilə gətirmişdi. İndi isə ton tamam fərqlidir.

“Düşünürəm ki, artıq daha yaxınıq,” – deyə Ng bildirir. – “Elə bilirəm, sentyabrda getməli olacağam, pasport üçün kriteriyalara uyğun daha bir neçə fərqli şey etməliyəm. Amma ümid edirəm ki, artıq çox uzaqda deyil.”

Arada o, xəyalını qurduğu ölkədə də vaxt keçirib. Yay fasiləsində istirahətini məhz orada edib.

“Bu yay Sinqapurda bir ay keçirdim,” – deyə o əlavə edir. – “Çoxlu fəaliyyətlərdə oldum, ailəmlə vaxt keçirdim, müxtəlif icma tədbirlərinə qatıldım. Möhtəşəm idi.”

Hər şey aydındır: Ng təkcə pasport üçün yox, bir gün o milli formanı geyinmək üçün bu yolu gedir.

Cardiff-də yüksəliş və Brian Barry-Murphy amili

Ötən mövsüm Ng üçün klub səviyyəsində də zirvəyə yaxın bir il oldu. O, Cardiff-in Championship-ə qayıdışında aparıcı fiqurlardan biri kimi çıxış etdi və PFA League One mövsümün rəmzi komandasına salındı.

Bu fonunda baş məşqçi Brian Barry-Murphy ilə əməkdaşlıq, sanki, karyerasında çatışmayan son parça kimi görünür. Ng Cardiff-də o qədər çox məşqçi dəyişikliyi görüb ki, artıq sayını itirib.

“Deyəsən, artıq hesabı itirmişəm. Elə bilirəm, 11 və ya 12 idi,” – deyə o, keçmiş baş məşqçilərin sayını xatırlamağa çalışır. Ardınca isə fikrini kəskin şəkildə yekunlaşdırır: “Brian kimi bir məşqçinin gəlməsini gözləyirdim. Elə hiss edirəm ki, niyə indi buradan gedim ki?”

Bu cümlə onun mövqeyini tam açır. Ng təkcə hazırkı mühitdən razı deyil, eyni zamanda gələcəyini də burada görür:

“Əsasən Brian ilə işləməyi davam etdirmək istəyirəm. Düşünürəm ki, o, liqadakı ən yaxşı məşqçilərdən biridir və əminəm ki, çox parlaq gələcəyi olacaq.

Sadəcə futbolu görmə tərzi, bizdən necə oynamağımızı istəməsi, meydanda və meydandan kənarda detallara yanaşması… Cardiff-də keçirdiyim müddətdə bəzən bu cür detallılıq çatmırdı. Onunla hər gün işləmək həqiqətən zövqdür.”

Ng-in klubla müqaviləsi 2028-ci ilə qədərdir. Yəni Cardiff onu yaxın illərdə itirmək niyyətində deyil və bunu baş məşqçi də gizlətmir.

Barry-Murphy onu klub üçün “çox böyük əhəmiyyətə” malik oyunçu adlandırıb: “İndi ondan gözlədiyimiz odur ki, liderlik rolunu tam mənimsəsin, özünü daha da inkişaf etdirsin. Çünki o, bizim üçün çox vacib futbolçudur.

Perry ritm oyunçusudur. Ritmini tapıb ard-arda çox oyun keçirdikcə, adətən çox tez inkişaf edir. Biz də bunu ondan istəyirik.”

İki cəbhədə eyni hədəf

Beləliklə, Ng üçün qarşıdakı illər iki paralel xətt üzrə gedir: Cardiff-də liderlik rolunu tam ələ almaq və Sinqapur pasportunu alıb milli formanı daşımaq.

Bir tərəfdə Championship-də məsuliyyət yükü artır, o biri tərəfdə isə milli komanda arzusu artıq kağız üzərindəki prosedurlardan gerçəkliyə çevrilməyə başlayır.

İndi sual təkdir: Perry Ng ilk dəfə Sinqapur himnini meydanın mərkəzində nə vaxt dinləyəcək?