Raheem Sterling təhlükəli sürücülük və azot oksidi ittihamlarını etiraf etdi
Raheem Sterling karyerasının ən ağır anlarından birini yaşayır. Keçmiş Liverpool, Manchester City, Chelsea və Arsenal cinah oyunçusu may ayında Böyük Britaniyada magistral yolda baş verən qəza ilə bağlı məhkəmə qarşısına çıxıb və özünü təqsirli bilib.
31 yaşlı futbolçu Basingstoke şəhərindəki magistrat məhkəməsində təhlükəli sürücülük, azot oksidi (nitrous oxide) saxlanılması və analiz üçün nümunə verməkdən imtina ittihamlarını qəbul edib.
Hadisə bu ilin 28 mayında, M3 magistral yolunun cənub istiqamətində, Hampshire bölgəsindəki Minley qovşağı yaxınlığında baş verib. Polisə səhər saatlarında zəng daxil olub. Rəsmi məlumata görə, Sterling idarəetməni itirərək yolun ortasındakı ayırıcı hissəyə çıxıb və daha sonra çıxış yolunda yerləşən metal darvazaya çırpılıb.
Hampshire & Isle of Wight Constabulary nümayəndəsi həmin vaxt BBC Sport‑a açıqlamasında bunu “tək nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi” kimi təsvir etmişdi. Yalnız bir maşın – Lamborghini. Başqa heç bir avtomobil zərər görməyib, xəsarət alan olmayıb.
Polis hadisə yerinə çatanda mənzərə daha da narahatedici olub. Məlum olub ki, Sterling sərnişin oturacağında əyləşib, sürücü yeri isə boş olub. Onun dizlərinin üstündə iki ədəd azot oksidi balonu olub. Ümumilikdə altı balon müsadirə edilib. Məhkəmədə şahid futbolçunun davranışını “tamamilə dəhşətli sürücülük” kimi təsvir edib.
Azot oksidi Böyük Britaniya qanunvericiliyinə görə C sinifinə aid narkotik hesab olunur və adətən “gülüş qazı” kimi tanınır. Sterling bu maddəni qanunsuz şəkildə saxlama və yanlış istifadə məqsədilə inhalyasiya ittihamlarını qəbul edib.
Sterlingi nə gözləyə bilər?
Böyük Britaniyanın yol hərəkəti qaydalarına görə, cəzanın sərtliyi törədilən əmələ görə müəyyən olunur və son sözü məhkəmə deyir. “Təhlükəli sürücülük” maddəsi üzrə maksimum cəza iki ilədək azadlıqdan məhrumetmə, məhdudiyyətsiz məbləğdə cərimə və sürücülük vəsiqəsinin məcburi qaydada alınmasıdır.
Narkotik təsiri altında sükan arxasında olmaq və ya qanunla müəyyən olunmuş həddi aşmaq da ayrıca ağır pozuntu sayılır. Rəsmi məlumatlara görə, bu halda şəxs:
- məhmumluq qeydi ala bilər;
- altı aya qədər azadlıqdan məhrum edilə bilər;
- məhdudiyyətsiz cərimə ödəməyə məcbur edilə bilər;
- ən azı bir il müddətinə avtomatik sürücülük qadağası ilə üzləşə bilər (son 10 ildə iki dəfə eyni pozuntuya yol verilibsə, bu müddət üç ilə qalxır).
Sterlingin işində bütün bu maddələr masa üzərindədir. Məhkəmə onun qəza anındakı davranışını, üzərində tapılan azot oksidi balonlarını və nümunə verməkdən imtinasını birlikdə qiymətləndirəcək.
Bir vaxtlar Premyer Liqanın ən partlayıcı cinah oyunçularından sayılan Sterling indi fərqli cür təzyiq altında qalır. Bu dəfə tribunalar deyil, məhkəmə zalı qərar verəcək.




