Rashford yox, Gordon: Barcelona'nın hücum planı
“Barcelona” rəhbərliyinin Marcus Rashford-u birdəfəlik transfer etməməsi, Hansi Flick-in onun çıxışından narazı qalması ilə bağlı deyildi. Məsələ daha dərindi. Və daha çox taktiki idi.
İcarə müddəti ərzində Rashford rəqəmlərini danışdırdı. “Manchester United”dən 2025/26 mövsümü üçün icarəyə gələn hücumçu bütün turnirlərdə 14 qol vurdu, 15 qolun ötürməsini verdi – ümumilikdə 29 qola birbaşa təsir. Daim əsas heyət oyunçusu deyildi, amma meydanda olduğu anlarda fərq yaratdı. Nəticə? La Liga çempionluğu və İspaniya Superkuboku “Barcelona”nın muzeyinə getdi, Rashford da bu uğurlarda pay sahibi oldu.
Yenə də mövsüm bitəndə “Camp Nou”da başqa qərar verildi. Klub rəhbərliyi uzunmüddətli hücum planında Rashford-u yox, Anthony Gordon-u seçdi. Tanınmış jurnalist Fabrizio Romano-nun məlumatına görə, bu seçim sırf Flick-in hücumdan nə istədiyi ilə bağlı idi.
Flick və Rashford: problem yox, seçim var idi
Romano bildirir ki, Rashford ilə Flick arasında heç bir gərginlik olmayıb. Əksinə, alman mütəxəssis mövsüm ərzində ingilis hücumçunu hörmətlə qarşılayıb, onunla güclü iş münasibəti qurub. Rashford-un məşqlərdəki münasibəti, meydandakı davranışı və ümumi performansı Flick tərəfindən müsbət qiymətləndirilib.
Bu da qərarı daha maraqlı edir. Çünki Rashford statistik baxımdan işini görmüşdü, komanda titul qazanmışdı, soyunma otağında problem yaratmırdı. Amma Flick sadəcə qolların və asistlərin arxasınca qaçmırdı. O, hücum xəttindən daha geniş funksionallıq tələb edirdi.
Baş məşqçi elə bir oyunçu axtarırdı ki, yalnız cərimə meydançasında parlamasın, bütün hücum xətti boyunca mövqe dəyişə bilsin, top “Barcelona”da olmayanda isə ilk müdafiə xətti kimi işləsin. Yəni Flick-in nəzərində hücumçu yalnız bitirici yox, həm də struktur elementi olmalı idi.
Niyə Gordon Flick-in planına daha çox oturdu?
Həlledici amil – çoxmövqelilik və topsuz oyundakı intensivlik idi. “Barcelona”nın məşqçilər korpusu bu profilə Anthony Gordon-un daha çox uyğun gəldiyini hesabladı.
Gordon-un hər iki cinahda oynaya bilməsi, lazım gəldikdə mərkəzə sıxışması, eyni zamanda rəqib topa sahib olanda geri qayıdıb müdafiə blokunu tamamlamaq istəyi Flick-in gözləntilərinə düz düşürdü. Yəni söhbət təkcə “neçə qol vuracaq?” sualından getmirdi. Söhbət “komandanın kollektiv pressinqinə, mövqelərarası sıxlığa, müdafiədən hücuma keçidə nə qatacaq?” sualından gedirdi.
“Barcelona” üçün seçim, əslində, Rashford-un məhsuldarlığını əvəzləməkdən çox, Flick-in taktiki tələblərinə uyğun profil tapmaq idi. Klub rəhbərliyi də məhz buna görə tərəzinin gözünü Gordon-un xeyrinə ağırlaşdırdı.
Rashford isə “Camp Nou”dan ayrılarkən arxasında titullu bir mövsüm, parlaq statistika və onu yüksək dəyərləndirən baş məşqçi qoydu. Amma Flick-in qurmaq istədiyi “Barcelona”da əsas sual bu idi: kim daha çox qol vuracaq, yoxsa kim bu sistemdə daha yaxşı işləyəcək? Bu dəfə cavabın adı Anthony Gordon oldu.




