Real Madrid-də Arda Güler və Jude Bellingham dueli
“Real Madrid” daxildə mövsümün ən gərgin mübarizələrindən birinə sürüklənir. Cəmi bir mövqe, iki ulduz namizəd. Jose Mourinho-nun sxemində “10 nömrə” rolu üçün seçim Türkiyənin Arda Güler-i ilə İngiltərənin Jude Bellingham-ı arasında gedir.
İspaniyanın “Mundo Deportivo” nəşrinin məlumatına görə, portuqaliyalı mütəxəssis yeni komandasını Kylian Mbappe-nin arxasında yerləşəcək ikili üzərində qurur. Məhz həmin hücumameyilli yarımmüdafiə xətti meydanın mərkəzi ilə hücumun bağlandığı əsas körpü sayılır və uzun müddət bu mövqenin dəyişməz sahibi kimi Bellingham görünürdü.
Amma yay hazırlığı hər şeyi alt-üst etdi. Dünya Çempionatından sonra istirahətdən gec qayıdan Bellingham məşqlərə sonradan qoşuldu. Bu gecikmə Arda üçün qapı açdı. Gənc türk yarımmüdafiəçi hazırlıq oyunlarında komandanın ən parlaq futbolçularından birinə çevrildi, diqqəti tamamilə öz üzərinə çəkdi.
Mourinho onu əvvəlcə mərkəz yarımmüdafiəsində sınadı. Ardınca bir addım irəli çəkdi, hücumameyilli yarımmüdafiə roluna yerləşdirdi. Elə burda da Arda partlayış etdi. Gözləntiləri aşan çıxışlar, topa münasibətdə cəsarət, qərar vermədə sürət – hamısı birlikdə onu birdən-birə start heyətinə əsas namizədə çevirdi.
Gözləntilər
İndi siqnallar aydındır: Arda Güler-in 22 avqustda “Espanyol”a qarşı La Liqa açılış matçına start heyətində çıxacağı gözlənilir. Bu isə o deməkdir ki, Jude Bellingham öz yerini geri almaq istəyirsə, yenidən sıfırdan mübarizəyə başlamalıdır.
“Real Madrid”in mövsüm planları Mbappe-nin arxasında cəmi bir yaradıcı beyin tələb edir. Hazırda o beyin kimi Arda görünür. Bellingham üçünsə bu, həm xəbərdarlıq, həm də çağırışdır: Madrid mərkəzində taxt boş deyil, onu qazanmaq üçün hər gün sübut lazımdır.




