Real Madrid-də böhran: El Clásico ərəfəsindəki gərginliklər
Real Madrid üçün səs-küy yeni deyil. Amma bu dəfə sanki həddini aşıb. Məşq bazasında dava, soyunma otağında gərginlik, başından xəsarət alıb xəstəxanaya aparılan futbolçu və prezident Florentino Perez-in təcili iclas çağırması. “El Clásico”ya cəmi bir neçə gün qalmış Madrid nəhəngi mövsümün ən ağır silkələnməsini yaşayır.
Valverde – Tchouameni xətti qopdu
Hər şey çərşənbə günü Valdebebas-da başladı. Məlumatlara görə, Aurelien Tchouameni ilə komandanın vitse-kapitanı Federico Valverde arasında əvvəlcə meydançada, sonra isə soyunma otağında kəskin mübahisə yaşanıb. Gərginlik orada bitməyib.
Ertəsi gün Valverde, Tchouameni-yə yaxınlaşıb və həmin mübahisənin mətbuata sızdırılmasında onu günahlandırıb. Fransalı yarımmüdafiəçi bunu qəti şəkildə inkar edib. İkisi arasında əl sıxmaq cəhdi də alınmayıb – iddialara görə, tərəflər bundan imtina edib. Emosiyalar alovlanıb, məşq zamanı ikili arasında sərt müdaxilələr bir-birini əvəzləyib.
İspaniyanın “AS” nəşrinin yazdığına əsasən, Valverde Tchouameni-ni sözügedən xəbəri sızdırmaqda israrla ittiham etməyə davam edib. Gərginlik pik həddə çatanda Tchouameni-nin Valverde-yə zərbə vurduğu, uruqvaylının yıxılıb başını vurduğu bildirilir. Nəticə: baş nahiyəsində yarıq, xəstəxanada tikiş.
Valverde-nin versiyası: “Heç kim heç kimi vurmayıb”
Hadisədən sonra Federico Valverde sosial şəbəkədə uzun açıqlama ilə çıxış etdi. O, komanda yoldaşı ilə mübahisə yaşandığını təsdiqlədi, amma “yumruq davası” iddialarını rədd etdi.
Onun sözlərinə görə, insident zamanı o, təsadüfən stolun küncünə dəyib və alın nahiyəsində kiçik kəsik yaranıb, bu da rutin xəstəxana müayinəsini zəruri edib. Valverde açıq şəkildə bildirdi: “Heç bir anda komanda yoldaşım məni vurmayıb, mən də onu vurmadım”. O, yarışların gərginliyi və yığılmış frustrasiyanın baş verənləri şişirtdiyini vurğulayıb.
Klubun cavabı: intizam işi açıldı
Real Madrid isə emosiyaya yox, prosedura söykəndi. Klub rəsmi şəkildə açıqladı ki, cümə axşamı səhər məşqində baş verən hadisələrə görə həm Federico Valverde, həm də Aurelien Tchouameni barəsində “intizam icraatı” başlanılıb. Madridlilər bildiriblər ki, daxili araşdırma başa çatdıqdan sonra qərar ictimaiyyətə açıqlanacaq.
Klub eyni zamanda Valverde-nin zədəsi ilə bağlı tibbi məlumat yayıb və onu bazar günü keçiriləcək “El Clásico” üçün sıradan çıxarıb. Uruqvaylıya “kranioensefalik travma” – yəni baş-beyin travması diaqnozu qoyulub. Rəsmi məlumata görə, o, evdədir, vəziyyəti stabildir, amma protokola uyğun olaraq 10-14 gün istirahət etməlidir.
Bu xəbər təkcə soyunma otağındakı ab-havanı deyil, həm də “Camp Nou”ya çıxacaq heyət planlarını alt-üst etdi.
Valdebebas-da ard-arda gərginliklər
Son həftələrdə bu, Real Madrid-in məşq bazasından gələn ilk gərginlik xəbəri deyil. Antonio Rüdiger ilə gənc müdafiəçi Alvaro Carreras arasında da sərt mübahisənin yaşandığı bildirilmişdi. Rüdiger sonradan üzr istəyib, Carreras isə sosial şəbəkədə bunun “əhəmiyyətsiz, bir dəfəlik insident” olduğunu, məsələnin bağlandığını yazmışdı.
Bu fonu ağırlaşdıran başqa bir detal da var: komandanın ulduz hücumçusu Kylian Mbappé-nin adının da gərginlik xəbərlərində hallanması. “The Athletic”in məlumatına görə, keçən ay Real Betis-lə 1:1 hesablı oyundan əvvəl keçirilən məşqdə Mbappé baş məşqçi Alvaro Arbeloa-nın məşqçi heyətindən olan bir üzvü ilə toqquşub. Səbəb isə sadə görünsə də, simvolikdir: məşq zamanı ofsayd qərarına əsəbi reaksiya.
Mbappé ətrafında böyüyən narazılıq
Mbappé hazırda Betis-lə həmin oyunda aldığı hamstring zədəsinə görə oynaya bilmir. Amma onun bərpa dövründə sevgilisi ilə birlikdə Sardiniyada istirahətə getməsi, yaxtada çəkilmiş fotoların Real Madrid-in Espanyol-la matçı zamanı üzə çıxması, azarkeşlərin səbrini daşırdı.
Bu narazılıq qısa müddətdə təşkilatlanmış formada üzə çıxdı: internetdə “Mbappe Out” adlı petisiya başlandı və artıq milyonlarla imza topladı. Bir çox azarkeş fransalı forvardı bu yay keçiriləcək Dünya Çempionatı üçün özünü qorumaqda ittiham edir. Buna baxmayaraq, onun “El Clásico” üçün heyətə qayıtmaq ehtimalı da gündəmdə qalır.
Tənqidlərin dalğası böyüdükcə, Mbappé-nin nümayəndələri açıqlama yayaraq, futbolçunun bərpa prosesinə tam sadiq olduğunu vurğuladılar. Bildirildi ki, səslənən ittihamlar “Kylian-ın komandaya gündəlik işi və bağlılığı reallığını əks etdirmir”.
Kuboklarsız illər, dağınıq ulduzlar
Bütün bunlar Real Madrid-in ümumi mənzərəsini daha da qaranlıq göstərir. Klub ardıcıl ikinci mövsümü kuboksuz başa vurmağa doğru gedir. La Liga-da Barcelona ilə xal fərqi 11-ə çatıb. Bazar günü keçiriləcək “El Clásico”da sadəcə heç-heçə belə kataloniyalılara çempionluq üçün kifayət edəcək. La Liga-nın 97 illik tarixində heç vaxt titul bu qarşılaşmada rəsmiləşməyib. İndi bu tabu da sınağa çəkilir.
Mövsüm boyu Madrid üçün hər şey yanlış notdan başlayıb. Yanvarda keçmiş yarımmüdafiəçi Xabi Alonso cəmi bir neçə ay komandada qaldıqdan sonra istefaya göndərildi. Xəbərlərə görə, ulduz futbolçular onun sərt taktiki tələblərinə uyğunlaşmaq istəmirdilər. Florentino Perez yenə bir dəfə soyunma otağının tərəfində dayandı.
Meydançada isə başqa bir problem böyüyür: Kylian Mbappé, Vinicius Jr və Jude Bellingham kimi üç superulduzu eyni sistemdə effektiv şəkildə birləşdirmək hələ də alınmayıb. Bu uyğunsuzluq, təbii ki, komandanın ən böyük adları arasında əlavə gərginlik şayiələrini qidalandırır.
“El Clásico” öncəsi sual
Məşqdə baş verən davalar, intizam işləri, zədəli liderlər, narazı azarkeşlər, öz oyununun kölgəsində qalan ulduzlar. Real Madrid “El Clásico”ya belə bir mənzərə ilə çıxır.
Bu klub tarixi boyu böhranlardan güclənərək çıxmağı bacarıb. Amma indi sual daha sərt səslənir: bu dəfə də soyunma otağındakı bu qədər qırıq xətti birləşdirib, mövsümü xilas etməyə gücləri çatacaqmı?




