Caspian Sport

Real Madrid-də gərginlik: Valdebebas-da nələr baş verir?

“Real Madrid”də hava ağırlaşıb. MARCA-nın məlumatına görə, Valdebebas məşq bazasında Fede Valverde ilə Aurélien Tchouameni arasında yaşanan insident klub daxilindəki çürümənin açıq simvoluna çevrilib.

Hər şey adi bir epizod kimi başlamışdı. Məşq zamanı sadə bir ikili mübarizə, adi bir faul. Amma həmin toxunuş qığılcımı verdi. Söz-söhbət qısa zamanda alovlandı, iki futbolçu üz-üzə gəldi, itələşmə, qışqırıq, əsəbi jestlər… Sakitləşməli olanlar soyunub-geyinmə otağında da mübahisəni davam etdirdilər.

Valdebebas-da bu hadisədən başqa mövzu qalmadı. Məşqçilər korpusundan tutmuş futbolçularadək hamı, gözlərinin önündəki əsəbin sərtliyinə təəccüblənib.

Bölünmüş komanda, tükənmiş mövsüm

Bu dava tək bir əsəbi an deyil, parçalanmış komandanın simptomudur. “Real Madrid” La Liga-da 34 turdan sonra 77 xalla ikinci yerdədir. Lider “Barcelona”nın 88 xalı var. Fərq – 11 xal. Praktiki olaraq, əlçatmaz.

Turnir cədvəlindəki bu vəziyyət, görünür, illərlə yığılan narazılıqları üzə çıxarıb. Komanda içində bir neçə əsas fiqur arasında münasibətlər kəskin şəkildə soyuyub, bəziləri artıq bir-biri ilə ümumiyyətlə danışmır.

Emosional yorğunluq hər yeri bürüyüb. Adi məşq epizodları belə tez alışan mübahisəyə çevrilir, meydançadakı hər toxunuşda gərginlik hiss olunur. Məşqçilər heyəti üçün isə bu mühitdə nizam-intizamı bərpa etmək hər gün daha çətin görünür.

Arbeloa ilə soyuq müharibə

Gərginlik təkcə futbolçular arasında deyil. Məlumatlara görə, Alvaro Arbeloa ilə münasibətlər də kəskin şəkildə pisləşib. Komandada təxminən altı futbolçunun onunla danışmadığı bildirilir. Bu, artıq sadəcə kiçik anlaşılmazlıq deyil, açıq cəbhələşmədir.

Həftə ərzində daha bir insident gündəmə gəldi. Bu dəfə Antonio Rüdiger ilə Alvaro Carreras arasında. İspan müdafiəçi sonradan ictimaiyyət qarşısında vəziyyəti yumşaltmağa çalışdı, “Komanda yoldaşımla insident bir dəfəlik idi, əhəmiyyətsizdir və məsələ bağlanıb” deyə bildirdi. Amma qapalı qapılar arxasında atmosferin tamam başqa olduğu vurğulanır.

Bu cür toqquşmalar yığıldıqca, komandanın psixoloji dayaqları bir-bir qopur. Hiss olunur ki, kollektiv kənarlardan deyil, içəridən dağılır.

El Clasico öncəsi ən pis vaxt

Bütün bunların üst-üstə düşdüyü məqam isə “Real Madrid” üçün daha da ağırdır. Komanda bazar günü El Clasico-ya hazırlaşır. Rəqib – “Barcelona”. Rəqibin ehtiyacı olan cəmi bir xal var ki, rəsmi olaraq çempionluğunu elan etsin.

Bu ssenari “Real” azarkeşləri üçün ən sərt zərbə ola bilər: daxildə dağılmış komanda, çöldə isə ən böyük rəqibin onların gözü qarşısında titulunu rəsmiləşdirməsi riski.

İndi sual təkcə oyunun nəticəsi deyil. Bu kollektiv, bu qədər dərin çatlar içində, son həftələrdə özünü bir yerə toplaya biləcəkmi? Yoxsa bu mövsüm, “Real Madrid” üçün yalnız meydanda deyil, soyunub-geyinmə otağında da məğlubiyyət mövsümü kimi yadda qalacaq?