Caspian Sport

Real Madrid-də gərginlik: Valverde zədələndi, intizam işi başlayır

“Real Madrid”in içində aylardır yığılan gərginlik nəhayət qapalı qapılar arxasından daşdı. Komandanın kapitanı Federico Valverde və fransalı yarımmüdafiəçi Aurélién Tchouaméni arasında soyunma otağında dava düşüb, uruqvaylı futbolçu xəstəxanaya aparılıb.

Klub daxilindəki bir neçə mənbənin bildirdiyinə görə, Valverde baş nahiyəsindən kəsik xəsarəti alıb. “Real Madrid” daha sonra rəsmi açıqlama yayaraq kapitanın baş travması keçirdiyini, lakin xəstəxanadan evə buraxıldığını təsdiqlədi. Diaqnoz aydındır: ən azı 10–14 gün meydandan kənarda qalacaq.

“Bu gün tibbi heyətimizin keçirdiyi müayinələrdən sonra oyunçumuz Fede Valverde-yə baş travması diaqnozu qoyulub. Valverde evindədir və vəziyyəti yaxşıdır, bu diaqnoza uyğun tibbi protokollara əsasən 10–14 gün istirahət etməlidir”.

Hadisə cümə axşamı, Madrid vaxtı ilə səhər saatlarında, komandanın Valdebebas-dakı məşq bazasında baş verib. Üstəlik, bu toqquşma onların bir gün əvvəl yaşadığı mübahisənin davamı olub. Yəni bu, ani alovlanma yox, artıq qızışmış münasibətin son həddi idi.

Klubun sözçüsü “Reuters”ə soyunma otağında baş verənlər barədə danışmaqdan imtina edib. Amma sükut uzun çəkməyib: “Real Madrid” rəsmi açıqlama ilə çıxış edərək həm Valverde, həm də Tchouaméni barəsində intizam işi açıldığını bildirib.

Bəyanatda qeyd olunub: “Bu səhər birinci komandanın məşqi zamanı baş verən hadisələrdən sonra klubumuz oyunçularımız Federico Valverde və Aurélien Tchouaméni barəsində intizam icraatına başlamaq qərarına gəlib. Daxili prosedurlar tamamlandıqdan sonra hər iki iş üzrə qərar açıqlanacaq”.

Valverde isə axşam saatlarında sosial şəbəkələrdə üzr istəyib. O, kluba və azarkeşlərə ünvanladığı mesajında komanda yoldaşı ilə vəziyyətin “nəzarətdən çıxmadığını” iddia edib və mübahisə zamanı “təsadüfən masanı aşırdığını” yazıb. Başındakı kəsik isə həmin “təsadüf”ün nə qədər ağır başa gəldiyini açıq göstərir.

Bu insidentin ciddiliyi “Real Madrid” rəhbərliyini təcili iclasa məcbur edib. Yüksək vəzifəli klub rəsmiləri Valdebebas-a toplaşıb, futbolçular isə təxminən bir saatdan çox bazanı tərk edə bilməyiblər. Məqsəd aydındır: artıq parçalanmaq üzrə olan paltardəyişmə otağında gərginliyin daha da böyüməsinin qarşısını almaq.

Komandanın əsəbləri onsuz da kəskin həddə çatmışdı. Həftənin əvvəlində müdafiəçi Álvaro Carreras komanda yoldaşı ilə sərt mübahisə yaşadığını etiraf edib, bunu “əhəmiyyətsiz, birdəfəlik hadisə” adlandırmağa çalışmışdı. İspan mətbuatı isə onun və alman müdafiəçi Antonio Rüdiger arasında insident olduğunu yazmışdı. Yəni Valdebebas-da havada gərginlik çoxdan dolaşırdı.

İndi isə bu gərginlik birbaşa komandanın kapitanını xəstəxanaya aparacaq həddə gəlib. Bu, yalnız daxili nizam-intizam məsələsi deyil, həm də meydanda artıq ciddi şəkildə dağılmaqda olan mövsümün güzgüsüdür.

“Real Madrid”in mövsümü bir neçə cəbhədə eyni anda çöküb. Xabi Alonso mövsümün ortasında istefaya göndərildi, sükan arxasına keçən Álvaro Arbeloa isə komandanı uçurumdan geri qaytara bilmədi. İkinci ardıcıl titulsuz il real təhlükə deyil, demək olar ki, reallığa çevrilib.

Çempionlar Liqasında “Bayern München”ə qarşı dörddəbir finalda məğlubiyyət, LaLiga-da isə durum daha acınacaqlıdır: “Real Madrid” lider “Barcelona”dan 11 xal geri qalır, oynanılacaq cəmi dörd tur qalıb. Və indi bütün bu xaosun fonunda komanda bazar günü Camp Nou-da “El Clásico”ya çıxacaq. Katalon klubunun titulu rəsmiləşdirə biləcəyi oyun.

Valverde-nin yoxluğunda, paltardəyişmə otağında açıq-aşkar bölünmələr fonunda, sükan arxasında təzyiq altında qalan Arbeloa ilə birlikdə “Real Madrid” bu “Clásico”ya gedir. Bir tərəfdə kuboku qaldırmağa hazırlaşan “Barcelona”, o biri tərəfdə isə başı sarğılı kapitanın kölgəsində, intizam işləri və daxili davalarla məşğul olan nəhəng klub.

Bu mövsüm “Real Madrid” üçün yalnız uduzulmuş xal və final deyil, həm də bir sualdır: bu qədər zədələnmiş soyunma otağından sabahın çempion komandası yenidən yarana bilərmi?