Caspian Sport

Real Madrid-in paltardəhlizində Tchouameni-Valverde münaqişəsi

Real Madrid yenə qazan kimi qaynamağa başlayıb. Bu dəfə söhbət meydandakı fırtınadan yox, paltardəhlizdəki partlayışdan gedir. Klubun içində uzun müddətdir yığılan gərginlik cümə axşamı açıq müharibəyə çevrildi: Aurelien Tchouameni və Federico Valverde soyunma otağında əlbəyaxa oldular.

Dava ağır sonlandı. Uruqvaylı yarımmüdafiəçi üzündən xəsarət aldı, beyin silkələnməsi şübhəsi ilə xəstəxanaya aparıldı. Klub hər iki futbolçuya qarşı intizam işinə start verib. Bu, sadəcə bir əsəbi an deyildi. Bu, aylarla yığılan narazılığın partlaması idi.

Oktyabrdan başlayan çatlar

İspaniyanın “MARCA” nəşrinin məlumatına görə, Tchouameni ilə Valverde arasında qarşıdurma, mövsüm boyu paltardəhlizdə yığılan dərin narazılıqların son həlqəsidir. Komanda indiyə qədər heç olmadığı qədər parçalanmış görünür.

Çat ilk dəfə keçmiş baş məşqçi Xabi Alonso dövründə özünü göstərdi. Bir neçə aparıcı futbolçu, o cümlədən kapitanlar Vinicius Jr. və Valverde, oktyabr ayından etibarən Alonsoya qarşı narazılığını gizlətməyi dayandırdı.

Onların tənqidinin mərkəzində məşqlərin yüksək taktiki intensivliyi, bitib-tükənməyən video-analiz iclasları və bəzilərinin “həddən artıq sərt” hesab etdiyi metodologiya dayanırdı. Bir hissə üçün bu, peşəkar yanaşma idi. Digərləri üçün isə boğucu rejim.

Alonsonu dəstəkləyənlər isə hesab edirdi ki, bu etirazlar əslində futbolçuların öz narazılıqlarını ört-basdır etmək cəhdidir. Xüsusilə də Vinicius-un tez-tez ehtiyatda qalmasından doğan əsəbini.

Beləliklə, paltardəhliz iki cəbhəyə bölündü. Bir tərəfdə Alonsoya sadiq qalanlar, digərində isə onun üsullarının komandanın çıxışına mənfi təsir etdiyini düşünənlər – onların sırasında Jude Bellingham və Eduardo Camavinga da var idi.

Gərginlik təkcə fikir ayrılığı ilə bitmədi. Alonsonun tərəfdarları, bəzi komanda yoldaşlarının davranışını açıq hörmətsizlik kimi qəbul edirdi. Taktiki iclaslarda “yuxuya” gedənlər, baş məşqçi danışarkən pıçıldaşanlar... Sonda Alonso dözmədi və məşhur cümləsini qışqırdı: “Mən uşaq bağçasına gəldiyimi bilmirdim!!!”

El Clasico – qayıdış nöqtəsi

Geri dönüşü olmayan an isə oktyabrın sonundakı El Clasico oldu. Vinicius əvəzlənəndən sonra kənarda açıq şəkildə Alonsonu hədəfə alan narazılığını göstərdi. O görüntü, komandanın bir hissəsi ilə baş məşqçi arasında münasibətlərin tamamilə qopmasının simvoluna çevrildi.

Yanvarda Alonso ilə yollar ayrıldı. Klub, vəziyyəti sabitləşdirmək ümidi ilə sükanı Álvaro Arbeloa-ya tapşırdı. Amma o, artıq zədələnmiş, dərin bölünmələr yaşayan bir paltardəhliz miras aldı.

Xüsusilə Alonsoya inananlar – o cümlədən Tchouameni – bu layihənin bu qədər tez dağıdılmasını anlaya bilmirdi. Onlar hesab edirdi ki, komandaya daha taktiki və tələbkar sistemə uyğunlaşmaq üçün vaxt lazımdır.

Arbeloa bir müddət gərginliyi yumşaltmağı bacardı. Komanda yeməkləri, daxili toplantılar, birlik görüntüsü... Amma nəticələr pisləşən kimi köhnə yaralar yenidən açıldı. Və bu dəfə daha ağrılı.

Partlayan paltardəhliz

Məşqlərdə toqquşmalar artıq təəccübləndirmirdi. Antonio Rüdiger ilə Alvaro Carreras arasında yaşanan qarşıdurma, buzdağının yalnız görünən hissəsi idi. Amma kulminasiya Tchouameni ilə Valverde arasında baş verən iki ayrı insident oldu. Sonuncu dava isə xəstəxana ilə nəticələndi.

Bu, təkcə iki oyunçunun emosional partlaması deyildi. Bu, paltardəhlizin ortasından keçən dərin xəttin, Alonso dövründən qalan yarılmanın, Arbeloa dövründə də sağalmadığının sübutudur.

Daxildə başqa bir problem də böyüyür: ən azı altı futbolçu ilə Arbeloa arasında demək olar ki, heç bir münasibət qalmayıb. Son aylarda baş məşqçi ilə bağlı şikayətlər artıb, səslər sərtləşib.

İroniya ondadır ki, Arbeloa-ya bu gün ən çox etiraz edənlərin bir qismi, vaxtilə Alonso layihəsinin ən sadiq tərəfdarları idi. Onlar indi özlərini nə əvvəlki, nə də indiki sistemdə rahat hiss edirlər.

Mbappé faktoru: ulduz, amma bıçağın üstündə

Bu xaosun fonunda Kylian Mbappé amili də paltardəhlizi sarsıdır. Bəzi futbolçular fransız hücumçudan narazıdır, onu komandadakı balansı pozmaqda günahlandırırlar. Mbappé-yə yaxın olanlar isə hesab edir ki, klub daxilində onun imicini zədələmək üçün məqsədli cəhdlər var.

Belə atmosferdə hər jest, hər söz, hər baxış böyüdülür. Hər azacıq konflikt, böyük müharibənin yeni cəbhəsinə çevrilə bilər. Tchouameni–Valverde davaları da məhz bu zəhərli mühitin məhsuludur.

Kapitanlıq sistemi sual altındadır

Real Madrid-in qarşısında indi təkcə idman nəticələri ilə bağlı problem dayanmayıb. Klubun gələcəyini müəyyənləşdirəcək əsas məsələ paltardəhlizin yenidən birləşdirilib-birləşdirilə bilməyəcəyidir.

Məhz buna görə növbəti baş məşqçinin təyinatı həyati əhəmiyyət daşıyır. Prosesi şəxsən Florentino Perez izləyir. O, artıq bilir ki, bu dəfə səhv seçim, təkcə bir mövsümü deyil, bütöv nəsli itirmək anlamına gələ bilər.

Daxildə başqa bir müzakirə də qızışıb: kapitanların seçilmə sistemi. Bir çox səsə görə, Valverde və Vinicius, bu qədər parçalanmış paltardəhliz üçün ideal lider fiqurlar deyil. Komandada Dani Carvajal-dan başqa güclü, hamını birləşdirən istinad nöqtəsi qalmayıb. O isə bu yükdən emosional cəhətdən tükənib.

Thibaut Courtois kimi hörmətli bir lider yalnız kapitanlıq iyerarxiyasında dördüncü yerdədir. Bu, bir daha göstərir ki, Real Madrid-in iç strukturu kağız üzərində göründüyü qədər möhkəm deyil.

İndi sual budur: klub bu parçalanmış paltardəhlizi yenidən bir komanda halına sala biləcəkmi, yoxsa Tchouameni–Valverde davaları, gələcək illərin də xəbərdarlıq siqnalı kimi xatırlanacaq?