Rodri üçün 70 milyon funt tələb edən Manchester City
"Manchester City" yay pəncərəsinin ən sərt mövqelərindən birini tutub. Klub Rodri-nin satışına yalnız bir şərtlə razıdır: təxminən 70 milyon funt sterlinq masanın üstünə qoyulmalıdır. "The Times" yazır ki, bu rəqəm artıq "Barcelona"ya açıq şəkildə bildirilib.
Katalon klub son günlər təklifini artırmışdı: 51,3 milyon funt əsas məbləğ, üstəgəl 5 milyon funt bonuslar. Kağız üzərində, xüsusən də 30 yaşlı, müqaviləsinin son ilinə girən yarımmüdafiəçi üçün kifayət qədər cəlbedici görünən paket idi. Amma "City" üçün yox.
Mancester klubu bu təklifi qəti şəkildə rədd edib və "Barcelona"ya mesajı aydın verib: bu səviyyə "qəbulolunmaz"dır. Gözləntilər tam əksinə idi – ikinci təklifin razılıq üçün yetərli olacağı düşünülürdü. Ancaq "Etihad" rəhbərliyi ssenarini dəyişdi və oyunun qaydalarını sərtləşdirdi.
Rodri illərdir "City"nin meydanın mərkzində ürəyi olub. Dörd "Premier League" çempionluğunda, eləcə də 2022-23 mövsümündə qazanılan "Champions League" titulunda onun rolu danılmazdır. Buna baxmayaraq, ispan futbolçu hazırkı müqaviləsini uzatmaq niyyətində deyil. Müqavilə gələn ilin iyununda başa çatır və bu, vəziyyətə əlavə gərginlik qatır.
"City" onu itirəcəksə, əvəzini də dərhal tapmaq istəyir. Hədəfdəki əsas ad – "Chelsea"nin yarımmüdafiəçisi Enzo Fernandez-dir. Amma burada da divar kimi dayanan başqa bir rəqəm var: London klubu argentinalını 120 milyon funtdan aşağı qiymətə buraxmaq fikrində deyil. "Chelsea" rəqiblərinə açıq mesaj verib – yalnız bu məbləğ ödənilərsə və bu da cümə günü saat 17:00-dək baş verərsə, satışa baxıla bilər.
Bu fondda "City"nin mövqeyi o qədər də rahat görünmür. Yayda klub tarixinin rekord transferi artıq reallaşıb – Elliot Anderson üçün 116 milyon funt xərclənib. Bu qədər böyük sərmayədən sonra daha bir nəhəng məbləği masaya qoymaq real görünmür. Mancester təmsilçisi Enzo üçün qiyməti aşağı salmağa çalışa bilər, amma "Chelsea"nin sərt xətti bu danışıqları ağırlaşdırır.
Beləliklə, tablo aydındır: "Barcelona" Rodri üçün növbəti addımı atmalıdır, ya da gözləmə rejiminə keçib futbolçunun vəziyyətinin necə inkişaf edəcəyini izləməlidir. "City" isə eyni anda həm meydandakı dirəyini itirməməyə, həm də mümkün itkiyə hazırlaşmağa çalışır.
Bu yay pəncərəsi üçün sual təkdir: Rodri "Etihad"da daha bir mövsümün mərkəzi fiquru olacaq, yoxsa 70 milyonluq qiymət etiketini ödəyən ilk klub tarixdə yeni bir zəncirvari reaksiyanı başladacaq?




