Caspian Sport

Romero şoku: Arsenal və Tottenham arasındakı gərginlik

Şimali Londonun köhnə yarası yenidən qaşınır. Bu dəfə ad Sol Campbell deyil, Cristian Romero-dur. Argentina millisinin müdafiəçisi yayda Tottenham-dan ayrılmağa hazırdır, Arsenal isə fürsəti qaçırmaq istəmir. Amma bir problem var: Tottenham rəhbərliyi bu ssenarini ağlından belə keçirmək istəmir.

Romero beş illik “Spurs” macərasını bağlamaq niyyətindədir. 28 yaşlı mərkəz müdafiəçisinə İspaniyada Atletico Madrid, İtaliyada Inter Milan maraq göstərir. Şayiələrə görə, Arsenal də sıraya qoşulub. Belə keçid, şübhəsiz, şimal Londonun ağ-qara xatirələrini oyadacaq, “Spurs” azarkeşlərinin qəzəbini alovlandıracaq.

Amma klub içində mövqe sərtdir. İngiltərə mətbuatının, xüsusilə də “The Sun”ın məlumatına əsasən, Tottenham rəhbərliyi Romeronun Emirates-ə keçidi üçün “heç bir ssenari”nin mövcud olmadığını açıq şəkildə bildirib. Başqa ölkə, başqa liqa – bəli. 4.5 millik yol ilə rəqibə – qətiyyən.

Bu sərt mövqenin arxasında real güc dayanır. Campbell 2001-ci ildə müqaviləsi bitəndə White Hart Lane-dən sərbəst oyunçu kimi Arsenal-a keçmişdi, Tottenham isə əl-qolu bağlı qalmışdı. O transfer hələ də Premyer Liqa tarixinin ən mübahisəli addımlarından sayılır. Romero isə tam başqa vəziyyətdədir: onun klubla müqaviləsinin daha üç ili var. Yəni indi top Tottenham-ın ayağındadır.

Klub daxilində artıq plan da qurulub. Yeni baş məşqçi Roberto De Zerbi müdafiə xəttini yenidən dizayn edir. Brighton-dan 52 milyon funt sterlinqə alınan Jan Paul van Hecke faktiki olaraq Romero üçün əvvəlcədən gətirilmiş əvəzləyici kimi görünür. Van Hecke, eləcə də yayda gətirilən digər adlar – o cümlədən Sandro Tonali – ilə birlikdə transfer xərcləri 200 milyon funtun üzərinə çıxıb. Tottenham Romerosuz dövrə hazırlaşır, amma onu Emirates-ə yollamaq fikrində deyil.

Romero üçün qapısı açıq olan əsas istiqamətlərdən biri Atletico Madrid-dir. Madrid klubu argentinalı stopperi uzun müddətdir izləyir. Diego Simeone həmyerlisini çox bəyənir və onu müdafiənin mərkəzində lider kimi görür. Xəbərlərə görə, Atletico təxminən 40 milyon funt sterlinqlik təklif hazırlayır. La Liga nəhəngi ötən yay da Romeronu almağa çalışmışdı, lakin o zaman keçmiş baş məşqçi Thomas Frank müdafiəçini komandada saxlamağı bacarmış, ona yeni müqavilə imzalatdırmış və kapitanlıq sarğısını vermişdi.

Romero isə son aylarda yalnız transfer xəbərləri ilə gündəmdə olmayıb. Ötən mövsümün son turunda yaşanan qalmaqal azarkeşlərin yaddaşından silinməyib. Komandanın mütləq qələbə qazanmalı olduğu həlledici matç ərəfəsində onun Argentinaya uçaraq uşaqlıq klubu Belgrano-nun River Plate-lə titul oyununa baxmağa getməsi sərt tənqidlərə səbəb olmuşdu. Müdafiəçi son anda fikrini dəyişmiş, geri qayıdaraq Everton üzərində qazanılan qələbədə komanda ilə birgə olmuşdu. Amma bu epizod “Spurs” tribunalarında ona olan münasibəti xeyli soyutdu.

İndi isə qarşıda daha böyük sual dayanır: Tottenham Romerodan maksimum gəlir götürərək onu xaricə yollayacaq, yoxsa bu yay sınaqdan keçən şimal London xəttini bir daha alovlandırmağa risk edəcək? Bir şey dəqiqdir – Arsenal formasında Cristian Romero obrazı hazırda yalnız azarkeşlərin kabuslarında mövcuddur. Klub rəhbərliyinin planında isə belə bir ssenariyə yer yoxdur. Azı bu yay.