Caspian Sport

Sesko nəhayət nəfəs alır: Gözləmək böyük qərar idi

Sesko nəhayət nəfəs alır: “Gözləmək böyük qərar idi”

Benjamin Sesko üçün son aylar yalnız qol sayları və sistemə uyğunlaşmaqdan ibarət olmayıb. Sloveniya millisinin hücumçusu uzun müddət onu rahat buraxmayan baldır sümüyü (shin) zədəsiylə mübarizə aparıb, debüt mövsümü yarımçıq qalıb, yay hazırlığı demək olar ki, dağılıb. İndi isə o, bədəni ilə nəhayət barışdığına inanır.

Çempionlar Liqasında start heyətinə qayıdışı ilə yenidən səhnəyə çıxan gənc forvard özünü fiziki baxımdan başqa bir səviyyədə hiss edir. Səbrli gözləmənin arxasındakı planı danışarkən, təkid edir ki, tələsməmək hər şeyi dəyişdi.

“Əsas məqsəd yalnız bunun daha da pisləşməməsinə əmin olmaq idi. Problem elə bu idi,” – deyə o, klubun tibbi heyətinin ehtiyatlı yanaşmasını izah edib. – “Sadəcə adi vaxtdan bir az çox gözləməli idik, çünki çox tez başlasan, yenidən ortaya çıxa bilər. Məncə, bir az daha çox gözləmək möhtəşəm qərar idi. İndi sağalıb, hər şey əladır. Bu, baldır sümüyü idi.”

Zədə bir anda yaranmayıb. Zərbə, yüksəkintensiv oyun və Premyer Liqa ritmi birlikdə onu bu nöqtəyə gətirib. Sesko problemin köklərinin ötən mövsümün sonuna getdiyini, həm rəqibin təması, həm də özünün yüklənməsi nəticəsində vəziyyətin qırılma həddinə çatdığını deyir. Bütün bunlara baxmayaraq, uyğunlaşma çətinlikləri fonunda həmin mövsümü 12 qolla başa vurmuşdu.

“Keçən mövsüm zərbə aldım, amma bir az da öz tərəfimdən yüklənmə idi. Əsasən bu idi,” – 23 yaşlı hücumçu etiraf edib.

Mançesterdə həyat: xaosdan rahatlığa

Zədələr əsəbləri gərsə də, Sesko indi özünü tam fərqli biri kimi görür. O, artıq Mançesterdə məskunlaşıb, ritmi tutub, gündəlik həyatdan həzz alır. Almaniyadan İngiltərəyə keçid hər gənc futbolçu üçün böyük sınaqdır; yeni ölkə, yeni mədəniyyət, fərqli futbol dili. İlk il onun üçün bir növ fırtına idi – hər şey yeniydi, hər şey sürətli idi.

İndi isə ikinci mövsümdə o, özünü bu şəhərin və bu komandanın bir parçası kimi hiss edir.

“İndi özümü çox daha yaxşı hiss edirəm, xüsusilə də keçən mövsümlə müqayisədə. Ölkə dəyişdim. Hər şey mənim üçün yeniydi,” – deyə o, hazırkı ruh halından danışıb. – “İndi isə doğrudan da zövq alıram. Burada çox xoşbəxtəm. Buradakı həyatı sevirəm. Komanda yoldaşlarım mükəmməldir. Heç nədən şikayət edə bilmərəm.”

Old Trafford-a uzun yol

Sesko-nun “Theatre of Dreams”ə gəlişi daha tez baş tuta bilərdi. Manchester United onu hələ 16 yaşından izləyirdi. Amma hücumçu və ətrafı pillə-pillə irəliləməyi seçdi. Red Bull Salzburg-dan Leipzig-ə, ordan isə Premyer Liqaya. Sürətli sıçrayış yox, planlı yüksəliş.

Bu, təkcə transfer strategiyası deyildi, həm də psixoloji hazırlıq planı idi. Dünyanın ən böyük klublarından birinin hücumçusu olmaq, hər həftə nəhəng təzyiqin altında oynamaq üçün o, özünü tam hazır hiss etməli idi.

“Sadəcə elə bir an idi ki, biz qərar verdik, çünki bu, vacib idi,” – Sesko həmin seçimi belə dəyərləndirib. – “Məncə, Avstriya və ya Sloveniya kimi yerlərdən birbaşa Manchester United-ə tullanan addım mənim üçün bir az həddindən artıq böyük olardı. Mənə bu pillələr lazım idi ki, get-gedə daha da yaxşı olum və nəhayət buradayam.”

İndi isə məsələ sadədir: bədəni nəhayət onu yarı yolda qoymur. Qalanı Sesko-nun ayaqlarına, qapı qarşısındakı soyuqqanlılığına və Old Trafford tribunalarının ondan nə qədər tələb edəcəyinə qalır. Bu dəfə cavab verməyə hazır görünür.