Caspian Sport

Son Heung-minin Los Angeles FC-yə Keçidi: Şübhədən İnamadək

Son Heung-min ilk dəfə eşidəndə ki, Los Angeles FC onu heyətinə qatmaq istəyir, ABŞ-a köçmək fikri ağlının ucundan belə keçmirdi. Onun üçün Major League Soccer uzun illər başqa mənanı daşıyırdı: karyerasının sonuna yaxınlaşan ulduzların sakitcə “söndürülməyə” getdiyi liqa.

Bundesliqa təcrübəsi, ardınca dünyanın ən nüfuzlu çempionatı sayılan İngiltərə Premyer Liqasında uzun illər – belə bir marşrutdan sonra MLS ona bir addım geri kimi görünürdü. Hamburqda peşəkar debüt, “Tottenham Hotspur”da onillik, Avropanın ilk beş liqasında daimi rəqabət… Bu fonun içində ABŞ liqasına şübhə ilə yanaşması təəccüblü deyildi.

Amma bu hekayə başqa cür davam etdi.

Şübhədən “bəli”yə gedən yol

Sonun fikri, müqaviləsinin bitməsinə bir il qalmış dəyişməyə başladı. “Tottenham”la münasibətinin sonuna yaxın o, içində yeni çağırış ehtiyacını daha kəskin hiss etdi. Elə bu vaxt “Los Angeles FC”nin illərdir onu izlədiyini, danışıqlarda isə emosiyadan çox səmimiyyət nümayiş etdirdiyini gördü.

“The Late Run” podkastına qatılan koreyalı hücumçu “Tottenham”dan ayrılıq, MLS-ə keçid qərarı, Almaniyada adaptasiya dövrü və keçmiş, eləcə də hazırkı komanda yoldaşları barədə danışdı. Verilişdə ilk sual da məhz bu idi: niyə məhz indi və niyə MLS?

Son ötən yay “Tottenham”la 10 illik birlikdən sonra klubdan ayrılıb “LAFC”yə qoşuldu. Koreyada da, Avropada da bu keçid gözlənilməz qarşılandı. Çünki çoxlarının gözündə o, hələ də Avropanın ilk beş liqasında yüksək səviyyədə oynaya biləcək gücdə idi.

Son özü də etiraf edir ki, “LAFC”nin ilk maraq siqnalı ona çatanda bu ideyaya qətiyyən isti baxmayıb:

“Londonda olanda agentim dedi ki, Los Angeles FC mənimlə maraqlanır. O vaxt düşündüm ki, ‘niyə artıq MLS-ə gedim ki? Qətiyyən getmirəm’”.

Bu cümlə onun o dövrdəki baxışını tam açırdı. Amma təzyiq yox, ardıcıl maraq və aydın plan hər şeyi dəyişdi.

Zoom ekranından başlayan dönüş

Vaxt keçdikcə “LAFC”nin israrı sadəcə bir transfer cəhdi yox, uzunmüddətli izləməyə, konkret layihəyə söykənən təklif kimi görünməyə başladı. Son danışır ki, müqaviləsinin bitməsinə bir il qalmış içindəki sükut pozulub:

“Müqaviləmin bitməsinə bir il qalmış hiss etdim ki, mənə yeni çağırış lazımdır. Agentim təklif etdi ki, ‘LAFC’ ilə görüşək. Zoom vasitəsilə danışdıq. Onda başa düşdüm ki, onlar məni çoxdan izləyirlər və maraqlarının nə qədər səmimi olduğunu hiss etdim. Bu da qərarımı verdi”.

Bir videozəng, bir neçə cümlə və illərlə formalaşmış stereotipin dağılması. Son üçün MLS artıq “karyera qocalar evi” deyildi, fərqli qitədə yeni meydan oxuma imkanı idi.

MLS haqqında köhnə təsəvvürlər və yeni reallıq

Koreyalı ulduz gizlətmir: ABŞ-a yollanmadan əvvəl liqa haqqında dərin bilgisi yox idi. Amma Los Ancelesdə ilk oyunlardan sonra gördükləri onu təəccübləndirib:

“MLS-ə gəlməzdən əvvəl liqa haqqında çox şey bilmirdim. Amma hər oyunda stadionların dolu olduğunu görmək məni həm təəccübləndirdi, həm də sevindirdi”.

Onun fikrincə, mundialdan sonra yaranan dalğanı qorumaq artıq təkcə təşkilatçıların yox, futbolçuların da borcudur:

“Dünya Çempionatından sonra bu momentumu davam etdirmək məsuliyyəti indi həm oyunçuların, həm də liqanındır”.

Sonun karyera xəritəsində bu addım bəzilərinə risk kimi görünə bilər. Amma o, “Tottenham”da onillikdən sonra təhlükəsiz zonada qalmaqdansa, MLS-də dolu tribunalar qarşısında yeni səhifə açmağı seçdi. İndi sual başqadır: bu seçimin dalğası növbəti ulduzları da Atlantikanın o tayına aparacaq, yoxsa Son Heung-min bu yolun nadir istisnası kimi qalacaq?