Caspian Sport

Sülh alovundan Asiya Oyunlarına yola çıxır

Hiroşima, 21 avqust – Asiya Oyunlarının məşəl estafeti üçün alovun yandırılması mərasimi cümə axşamı qərbi Yaponiyanın Hiroşima şəhərində xüsusi rəmzlərlə yadda qaldı.

Sülh alovundan Asiya Oyunlarına

Hiroşima Sülh Memorial Parkında keçirilən tədbirdə şəhərin meri Kazumi Matsui və Yaponiya kişi millisinin baş məşqçisi Hajime Moriyasu ön sırada idi. Səhnə sadə görünürdü, amma mənası ağır idi.

Matsui məşəli birbaşa “Sülh Alovu”ndan yandırdı. Bu alov 6 avqust 1945-ci il ABŞ atom bombardmanının qurbanlarına həsr olunub və Hiroşima üçün təkcə xatirə deyil, xəbərdarlıq daşıyır. Məşəldən Moriyasunun əlində tutduğu alışdırma çubuğu yandırıldı, daha sonra alov qızılı rəngli fənərə köçürüldü. Sanki şəhərin ağrılı yaddaşı idmanın gələcək bayramına ötürüldü.

Moriasudan sülh və idman mesajı

Korporativ və peşəkar futbolçu kimi karyerasına məhz Hiroşimada başlayan Hajime Moriyasu üçün bu an təkcə rəsmi protokol deyildi. O, mərasimdə çıxış edərək idmanın sərhədləri aşan gücünə toxundu:

“Düşünürəm ki, idmanın müxtəlif dəyərləri və mədəniyyətləri birləşdirən gücü var. İstəyirəm ki, Asiya Oyunlarında iştirak edəcək idmançılar sülh arzusuyla bütün güclərini ortaya qoyaraq mübarizə aparsınlar,” – deyə o bildirdi.

Sözləri parkdakı sükuta qarışdı. Atom faciəsinin kölgəsində səslənən bu çağırış, Asiya qitəsinə ünvanlanan açıq mesaj idi: rəqabət olsun, amma nifrət yox.

Aichi Asiya Oyunlarına hazırlaşır

Dörd ildən bir keçirilən böyük idman yarışı bu dəfə əsasən mərkəzi Yaponiyada, Aichi prefekturasında təşkil olunacaq. Turnir 19 sentyabrda başlayacaq və 4 oktyabra qədər davam edəcək.

Hiroşimadan qalxan alov indi Aichiyə, ordan isə bütün qitəyə doğru yola çıxır. Sual təkdir: bu dəfə idmanın səsi siyasət və münaqişələrin səsini nə qədər üstələyə biləcək?