Caspian Sport

Tariq Lamptey üçün İtaliya macərası erkən bitir

Toskanada qısa və ağır bir mövsümün sonuna gəlinir. İtaliya mətbuatının məlumatına görə, Fiorentina qanalı müdafiəçi Tariq Lamptey ilə müqaviləni vaxtından əvvəl yekunlaşdırmaq üzrədir.

Yayda Brighton and Hove Albion-dan cəmi bir il qalmış müqavilə ilə ayrılıb, yeni başlanğıc üçün Serie A-ya üz tutan Lamptey üçün bu keçid karyerasında növbəti addım kimi görünürdü. İngiltərədə həm Chelsea, həm də Brighton formasını geyinmiş, sürəti və partlayıcı oyunu ilə diqqət çəkmişdi. Florensiyada isə hər şey başqa cür yazıldı.

Qanalı cinah müdafiəsi Fiorentina ilə üçillik müqavilə imzalamışdı. Klub ona uzunmüddətli layihənin bir parçası kimi baxırdı. Lakin bədən buna tab gətirmədi. Zədələr İngiltərədə olduğu kimi, İtaliyada da əlini buraxmadı.

İtaliyanın aparıcı idman nəşrlərindən biri olan La Gazzetta dello Sport xəbər verir ki, klub və futbolçu artıq müqavilənin qarşılıqlı razılaşma ilə ləğvi mərhələsinə gəlib. Cəmi bir mövsüm. İki oyun. Və ağır bir zədə.

Lamptey ilk dəfə Fiorentina formasını evdə Napoliyə qarşı matçda geyindi. Oyuna ehtiyatdan daxil oldu, amma nəticəni dəyişə bilmədi – florensiyalılar məğlub oldu. Sonra isə o, əsas heyətdə start almaq üçün şans qazandı. Rəqib Como, tarix isə sentyabrın sonları idi.

Cəmi 21 dəqiqə davam gətirdi.

Qanalı müdafiəçi ön çarpaz bağını qopararaq meydanı vaxtından əvvəl tərk etdi. Bu epizod yalnız oyunu deyil, bütün mövsümünü, bəlkə də klubdakı gələcəyini dəyişdi. Həkim otağı, reabilitasiya, itirilən ritm – Lamptey üçün tanış, amma heç vaxt öyrəşmək istəmədiyi bir dövr yenidən başladı.

Məhz bu davamlı zədə problemləri Fiorentina rəhbərliyini sərt qərara gətirib çıxarıb. Klub artıq uzunmüddətli plan qurduğu futbolçudan meydanda istifadə edə bilmir. Oyunçu isə karyerasını yenidən ayağa qaldırmaq üçün başqa mühitə ehtiyac duyur. Nəticə: ayrılıq masası.

Məlumata görə, tərəflər müqavilənin qarşılıqlı razılıqla ləğvi üçün son detalları müzakirə edir. Bu baş tutsa, 25 yaşlı müdafiəçi çətin keçən 2025/26 mövsümünün sonunda azad agent olacaq.

Bir vaxtlar Premyer Liqada gələcəyin parlaq cinah müdafiəçilərindən biri kimi göstərilən Lamptey indi yenidən başlanğıc nöqtəsində dayanır. Növbəti addımı haraya olacaq – bu dəfə bədəni ona nə qədər imkan verəcək? İndi əsas sual budur.