Tottenham itkilərlə Premier League mövsümünə başlayır
Premier League-in yeni mövsümünün ilk turu ərəfəsində Tottenham ciddi itki xəbərləri ilə sarsılıb. Komanda həm müdafiənin sütunu Micky van de Ven-dən, həm də sağ cinahın əsas adamı Pedro Porro-dan məhrum olacaq.
Bu yetmirmiş kimi, son günlərdə komandanın mərkəzində önəmli fiqura çevrilən Pape Matar Sarr da zədəlilər sırasına qoşulub. Brentford səfərinə sayılı saatlar qalmış yarımmüdafiəçi əzələ (hamstring) problemi yaşayaraq kənara çəkilib.
Baş məşqçi Roberto De Zerbi cümə günü mətbuat konfransında durumun konturlarını cızdı: Micky van de Ven və Pedro Porro sabahkı matç üçün heyətdə olmayacaq. Sarr barədə isə o, zədənin ağır olmadığını, amma riskə getməyəcəklərini vurğulayıb. Klub yeni mövsümün startında ehtiyatlı davranmağı seçib.
De Zerbi Van de Ven-in durumuna ayrıca toxunub. Niderlandlı müdafiəçi Avstraliya toplanışı zamanı problem yaşamışdı. Məşqçi bu zədənin uzun uçuşla əlaqəli ola biləcəyini deyib, amma məsələni “böyük problem deyil” sözləri ilə yumşaldıb. Micky artıq komandaya qoşulub, məşqlərdə iştirak edir, ancaq Brentfordla oyuna qədər tam riskə açıq sayılmır.
Bu boşluğu doldurmaq üçün variantlar məlumdur: Roberto De Zerbi-nin əlində Marcos Senesi və Ben Davies kimi təcrübəli müdafiəçilər var və o, hər ikisinin sabah oynamağa tam hazır olduğunu bildirib.
Kapitanlıq zənciri silkələndi
Van de Ven və Porro-nun eyni vaxtda sıradan çıxması təkcə müdafiə xəttini deyil, komandanın liderlik strukturunu da alt-üst edib. Yeni mövsüm üçün kapitanlıq sarğısı Van de Ven-ə, birinci kapitan köməkçisi statusu isə Pedro Porro-ya həvalə olunmuşdu. Onların hər ikisi Brentford səfətində meydanda olmayacaq.
De Zerbi-nin açıqlamasına görə, kapitanlıq iyerarxiyasında üçüncü yerdə Ben Davies dayanır. Lakin uelsli müdafiəçinin start heyətdə yer alması gözlənilmir. Dördüncü sırada olan James Maddison isə hələ optimal oyun hazırlığından uzaqdır, bu da onu ilk gündən komandanın lideri roluna atmağı çətinləşdirir.
Bu vəziyyətdə diqqətlər bir anda gənc Archie Gray üzərinə yönəlib. O, kapitanlıq siyahısında beşinci yerdədir və Porro-nun yoxluğunda sağ cinah müdafiəsində oynaya bilər. Ssenari belə formalaşarsa, Tottenham mövsümün ilk turuna arxa xəttdə gənc oyunçuya kapitan sarğısını etibar etmiş şəkildə çıxacaq.
Liderlərini itirmiş, amma meydanda özünə yeni səs axtaran bu komanda Brentford səfərinə yollanır. Mövsümün ilk sualı da elə budur: bu qədər boşluğun içində kim irəli çıxacaq?




