Tottenham: Yeni Stadionun İqtisadi Təsiri
Tottenham üçün ötən mövsümü xatırlamaq xoş deyil. Daha bir baş məşqçi istefaya göndərildi, əsas oyunçular ard-arda zədələndi, son turda isə dünyanın doqquzuncu ən varlı klubu Premyer Liqadan düşməmək üçün əsəbləri son həddə qədər gərən 90 dəqiqə yaşadı.
Ardıcıl ikinci dəfə 17-ci yer – bu, sadəcə “narahatlıq siqnalı” deyil, qırmızı işıqdır.
Amma meydanın kənarında tamam başqa tablo var. Komanda xal cədvəlində aşağı sürüşdükcə, klubun maliyyə göstəriciləri yüksəlir. Səbəb hamıya bəllidir: yeni stadion və onun yaratdığı nəhəng gəlir axını.
London klubunun gizli silahı
Tottenham illərdir meydanda sabitlik tapa bilmir, amma tribunalar klubun iqtisadi taleyini yenidən yazır. Futbol maliyyəsi üzrə mütəxəssis Kieran Maguire rəqəmləri ortaya qoyur:
“Spurs-un oyun günü gəliri 2016-17 mövsümündə, White Hart Lane-i tərk etdikləri il, 45 milyon funt idisə, 2024-25 mövsümündə bu rəqəm 126 milyon funt sterlinqə qalxıb”.
Stadionun tutumu ikiqat artmayıb, amma oyun günü gəliri iki yarım dəfə böyüyüb. Fərq haradadır?
Tottenham sadəcə daha böyük arena tikmədi, daha çox qalmaq istəyən, daha çox xərcləyən azarkeş üçün cəlbedici bir mühit qurdu. Azarkeş oyundan əvvəl və sonra əlavə 40-50 dəqiqə stadionda qalırsa, bu, təkcə atmosfer deyil – kassaya axan əlavə pul deməkdir.
Üstəlik, bu arena ildə 30-a qədər futbol xarici tədbiri tam tutumla qəbul edə bilir.
Konsertlər, NFL qarşılaşmaları, boks üzrə dünya çempionluğu döyüşləri – 2021-ci ildə Anthony Joshua ilə Oleksandr Usyk arasındakı ağır çəkidə döyüş kimi – artıq bu arenanı tanıdıb. 2023-dən bəri rugby union komandası Saracens də London derbisində Harlequins-i məhz burada qəbul edir.
Nəticə? Kommersiya gəlirləri 2016-17-dəki 73 milyon funtdan 2024-25-də 277 milyon funta sıçrayıb.
Belə bir artımın meydandakı təsiri gecikmədi. Klub bu əlavə pulla Sandro Tonali kimi futbolçulara sərmayə qoya bilir – o, ötən ay 100 milyon funt həddinə çata biləcək klub rekord transfer haqqı ilə komandaya qoşuldu.
Yeni maliyyə qaydaları: stadionlar üçün qızıl fürsət
Bu yay Premyer Liqa illərdir müzakirə olunan PSR qaydalarını kənara qoyur və iki əsas dayağa söykənən yeni çərçivə tətbiq edir: squad-cost ratio (SCR) və sustainability and systemic resilience (SSR).
SCR-in mahiyyəti sadədir: klubun ümumi gəliri nə qədərdirsə, heyətə – maaşlar, transferlərin amortizasiyası, agent haqları – o gəlirin müəyyən faizindən artıq xərcləyə bilməz.
Vacib detal isə başqa yerdə gizlənib: stadion infrastrukturu xərcləri bu hesablamaya daxil edilmir.
Maguire bunu Tottenham nümunəsi ilə açır: “Spurs-un infrastruktur xərcləri ildə təxminən 70 milyon funtdur – amma bunlar SCR hesablamasından kənardadır. Stadionlara yatırdığınız bütün vəsait tam şəkildə qorunur, oyunçu sərmayəsi limitinizə toxunmur”.
Yəni, bahalı stadion tikmək kağız üzərində riskli görünə bilər, amma yeni qaydalar fonunda bu, əslində klublar üçün arxa qapıdır: borcu ağıllı idarə etsən, həm nəhəng arena qurursan, həm də oyunçu bazarında əl-qolun bağlanmır.
Tottenham bunu vaxtında dərk etdi. Banklardan “spektakulyar dərəcədə ucuz” faizlə borc götürdü və indi dividendlərini yığır.
Maguire bir cümlə ilə bu yarışın sərt qaydasını xatırladır: “Rəqabətədavamlı olmaq üçün oyun günü gəlirində ciddi artım lazımdır. Bunu ya qiymətləri qaldırmaqla – ki, azarkeşlər buna dözməz – ya da stadionu böyüdüb daha çox bilet, xüsusilə də abonementsiz azarkeş üçün yer ayırmaqla əldə edə bilərsiniz”.
Everton, West Ham, Newcastle – eyni sual: qalmaq, yoxsa köçmək?
Tottenham bu yolu seçən yeganə klub deyil. Everton və West Ham da yeni stadionlara köçdü. Uzunmüddətli maliyyə perspektivi cazibədardır, amma hisslər başqa şey deyir. Bir çox azarkeş üçün köhnə meydanı tərk etmək, klubun ruhundan bir parça itirmək kimidir.
Başqa klublar da indi bu yol ayrıcındadır. Qalmaq, yeniləmək, yoxsa sıfırdan yeni ev tikmək?
Yenidənqurma daha ucuz görünür, amma dərhal başqa problem doğurur: komanda tikinti vaxtı harada oynayacaq?
Yeni stadionun ən böyük əngəli açıq-aşkardır – astronomik xərc. Amma tribunada oturanlar üçün başqa qorxu da var: tarixi evdən ayrılmaq, nəsillərin yaddaşına hopmuş tribunaları tərk etmək.
Manchester United: Ratcliffe-in “bəyanat” arenası
Sir Jim Ratcliffe Manchester United üçün nə istədiyini gizlətmir. O, öz dövrünü simvolizə edəcək, klubun gücünü yenidən elan edəcək nəhəng bir arena arzulayır.
100 minlik tutum, geniş korporativ zonalar – bütün bunlar United-in oyun günü gəlirini hazırkı səviyyədən xeyli yuxarı qaldıra bilər. Bu da birbaşa gəlir artımı, daha güclü heyət, daha bahalı transferlər deməkdir.
Amma kağızdakı rəqəmlərdən kənarda da suallar var. Mart 2025-də açıqlanan ilkin planlarda nəhəng bir kanopi nəzərdə tutulub. Təkcə bu konstruksiya böyük xərc tələb edəcək. Üstəlik, kanopinin altındakı hər şey klubun məsuliyyət zonasında olacaq. Görünüş buna dəyəcəkmi?
Klub rəsmiləri işin bir hissəsinin meydandan kənarda, modul şəkildə hazırlanıb, sonra əraziyə gətirilə biləcəyini deyir. Bu, Old Trafford-un tamamilə bağlanmasından daha ucuz və daha praktik görünür.
Yeni arenanın elə indiki stadionun yaxınlığında tikilməsi isə başqa bir həssas məsələni həll edir: United uzun müddət “evsiz” qalmayacaq. Sadəcə bir stadiondan o birisinə keçəcək.
Alternativlər real deyil. Manchester City, Liverpool və Everton arenaları təhlükəsizlik baxımından ideal sayılmır, tutum baxımından da Old Trafford-dan geri qalır. Onları icarəyə götürmək həm bahalı, həm də siyasi baxımdan çətin olardı.
Newcastle üçün sərt reallıq
Newcastle bu yay maliyyə qaydalarına əməl etmək üçün əsas oyunçularından bəzilərini satmaq məcburiyyətində qaldı. Bu, meydandakı ambisiyalarla maliyyə reallığı arasındakı gərginliyi açıq şəkildə göstərdi.
Rəqəmlər Newcastle üçün daha sərt danışır:
- 2024-25 mövsümündə oyun günü gəliri – 52 milyon funt.
- Manchester United – 160 milyon.
- Arsenal – 154 milyon.
- Spurs – 126 milyon.
Rəqiblərdən 100 milyon funt geri qalmaq, sadəcə emosional məsələ deyil, struktur problemidir. Bunu ya transfer bazarında “dahiyanə” olmaqla, ya da məhsulun – biletin, matç gününün – qiymətini qaldırmaqla kompensasiya etmək olar.
Amma Newcastle üçün başqa məsələ də var: St James’ Park.
Maguire sualı belə qoyur: “Newcastle fanatına sadiq qalaraq, hər azarkeşdən gəliri necə artıra bilərsiniz? Fərqli məhsul təklif etməlisiniz və St James’ Park korporativ auditoriya üçün tikilməyib”.
Yəni, böyük korporativ lojalardan, yüksək qiymətli paketlərdən gələn pullar üçün bu tarixi arena kifayət etmir. Yeni, məqsədyönlü tikilmiş stadion ideyası bu fonda daha inandırıcı görünür.
Amma azarkeş ürəyi başqa cür danışır. Newcastle azarkeşi Charlotte Robson ikili hissləri təsvir edir: St James’ Park-ın konsertlərə ev sahibliyi edə biləcəyini, amma Tottenham və ya West Ham-ın London Stadium-u miqyasında olmadığını deyir.
Onun fikrincə, stadionu tərk etmək “axmaqlıq” olmazdı, amma St James’ Park Newcastle azarkeşinin kimliyinin o qədər mərkəzindədir ki, əhəmiyyətli bir köçürülmə çox ürəyi sındıra bilər.
London modeli hər yerdə işləyəcəkmi?
Yeni stadion planı quran hər klubun baxdığı ilk nümunələrdən biri Tottenham-dır. Amma Maguire xəbərdarlıq edir: London reallığı ölkənin qalan hissəsindən fərqlidir.
Spurs-un üstünlüyü açıqdır: London – nəhəng turist axını olan şəhər. Klubun qlobal azarkeş bazası var, şəhərin özü isə kommersiya tərəfdaşları üçün cazibə mərkəzidir. Bu model burada işləyir.
Bəs daha lokal azarkeş bazası olan, bilet qiymətlərini qaldırmağa ciddi müqavimət göstərilən şəhərlərdə necə olacaq? Orada məsələ xeyli çətinləşir.
Stadion tikintisinin maya dəyəri son illərdə kəskin bahalaşıb. Buna baxmayaraq, klubların bu yola girmək həvəsi azalmır.
Premyer Liqada yarış artıq yalnız meydanda deyil, beton və polad üzərində də gedir. Sual budur: kim yeni evini elə quracaq ki, həm balans hesabatında, həm də tribunada qalib çıxsın?




