Caspian Sport

Tottenham'da Yenidənqurma: Van de Ven Sınaq Mərkəzində

"Tottenham Hotspur Stadium"da son iki mövsümün ardıcıl 17-ci yerləri klubun damarını yoxlayan, tribunaları da, rəhbərliyi də narahat edən suallarla baş-başa qoydu. "Spurs" bir neçə dəfə uçurumun kənarından qayıtdı, amma Premyer Liqa biletini itirmədi. Bu da klubun özünü yenidən qurması üçün nadir, bəlkə də son şanslardan birini saxladı.

Bu dəfə London klubu qorxunu deyil, iddianı seçdi. Pul masaya qoyuldu, bəhanələr kənara atıldı. İndi "Tottenham" problemlərdən qaçmır, onları transfer bazarında pulla döyməyə çalışır.

200 milyonluq mesaj

Yay pəncərəsi "Spurs" üçün sakit keçmir. Mateus Fernandes, Sandro Tonali və Jan Paul van Hecke – bu üçlüyə 200 milyon funt sterlinqdən çox sərf olunub. Üstəlik, Andy Robertson və Marcos Senesi kimi təcrübəli adlar azad agent kimi gətirilib. Aydın xətt var: Premyer Liqa təcrübəsi, hazır futbolçular, dərhal təsir.

Bu qədər gələnə baxmayaraq, gedənlər cəbhəsində ciddi boşalma yoxdur. Xüsusilə də bir adın qalıb-qalmayacağı çoxlarını maraqlandırırdı – Micky van de Ven. Klubun ən qiymətli aktivlərindən biri, dünya çempionatında Niderland millisinin heyətində olan mərkəz müdafiəçisi üçün narahatlıq real idi: ağır mövsümdən sonra o da çamadanını toplayıb daha sabit, daha iddialı layihəyə keçə bilərdi.

Old Trafford, Anfield, Stamford Bridge – adlar tanış, ehtiyac aydındır. Hər üçündə müdafiənin mərkəzinə etibarlı əlavə lazımdır. Amma təklif gəlmədi. Heç olmasa, danışıqlar səviyyəsinə çatan konkret addım atılmadı. Və hazırda elə bir siqnal yoxdur ki, yaxın günlərdə nəsə dəyişsin.

Alderweireld-in sərt xatırlatması

"Tottenham" azarkeşləri Micky van de Ven haqqında danışanda ilk növbədə sürətini çəkir ortaya. Premyer Liqada az müdafiəçi var ki, bu qədər geniş sahəni təkbaşına örtə bilsin. Lakin klubun keçmiş dirəklərindən biri, Toby Alderweireld, xatirələrə qapılmır, reallığı göstərir.

O, Hajper ilə əməkdaşlıq çərçivəsində GOAL-a danışarkən bir tərəfdən Van de Ven-i tərifləyib, digər tərəfdən amansız bir detalı xatırladıb: "Hamı Micky van de Ven və onun sürətindən danışır, amma o, çox yaxşı müdafiəçidir. Kaş mən də onun qədər sürətli olardım! Amma unutmayaq ki, "Tottenham Hotspur" demək olar ki, aşağı liqaya düşürdü və o, bunun bir hissəsi idi. Bu, reallıqdır. O, nə qədər yaxşı olsa da, bu fakt dəyişmir".

Bu cümlə "Spurs"un son mövsümünü bir zərbədə açır. Fərdi keyfiyyətlər, potensial, sürət – hamısı var. Amma cədvəldə 17-ci yer yazılırsa, tarix kitabında da bu qalır. Alderweireld-in fikrincə, məhz bu detal bəzi nəhəng klubları düşündürə bilər: "Bəlkə də klublar buna baxıb deyirlər ki, keçən mövsüm kluba daha çox kömək etməli idi".

Amma ssenari tam qaranlıq deyil. Eyni Toby başqa qapını da açır: "Digər tərəfdən, əgər "Spurs"da qalırsa, bu, onun üçün pis situasiya deyil. Görürsən ki, etdikləri transferlər klubun havasını dəyişir. Roberto De Zerbi kimi çox yaxşı məşqçi ilə çalışır. Bəlkə də indi qalmaq və hamıya göstərmək üçün doğru vaxtdır: keçən mövsüm baş verənlərdən sonra indi bizim əsl simamızı görəcəksiniz. Məncə, onun üçün "Spurs"da daha böyük imkanlar və çağırışlar var".

Potensial, yaş və düzgün meydan

Van de Ven cəmi 25 yaşındadır. Mərkəz müdafiəçisi üçün bu, hələ giriş mərhələsidir. Alderweireld onu daha əvvəl də GOAL-a dəyərləndirəndə, potensialın hara qədər uzana biləcəyini açıq qoymuşdu: o, Van de Ven-in dünyada ən yaxşı mərkəz müdafiəçilərindən birinə çevrilmək üçün mentalitetə sahib olduğunu deyib.

Onun fikrincə, keçən mövsüm fərdi performansı da komandanın ümumi çöküşünün içində itib: "Düşünmürəm ki, klubun vəziyyətinə görə ən yaxşı mövsümünü keçirdi. Amma ən yaxşı mərkəz müdafiəçilərindən birinə çevrilmək potensialı var. Özünü də yüksəltməlidir, amma bəzən komanda səni aşağı çəkir. Hələ gəncdir, inkişaf edə bilər və ümid edirəm ki, qalmaq, klubda özünü daha da təkmilləşdirmək istəyəcək".

Burada əsas sual sadədir: Van de Ven bu inkişafı harada edəcək? Daha sakit, daha qurulmuş bir mühitdə, yoxsa təzyiq altında yenidənqurma aparan "Spurs"un mərkəzində?

De Zerbi-nin layihəsi və müdafiənin oxu

"Tottenham" bu suala artıq cavab verib. Klub Van de Ven-i 2029-cu ilin yayına qədər müqavilə ilə özünə bağlayıb və satmaq üçün heç bir təzyiq hiss etmir. Rəsmi xətt aydındır: təkliflər dəvət olunmur. Roberto De Zerbi-nin planlarında keçmiş Wolfsburg müdafiəçisi əsas fiqurlardan biri kimi görünür.

Bu, təkcə keyfiyyətlə bağlı deyil, həm də kontekstlə. Klub kapitanı Cristian Romero haqqında gediş ehtimalları müzakirə olunur. Belə bir fonda Van de Ven yalnız sürətli sol ayaqlı mərkəz müdafiəçisi deyil, həm də sabitlik simvoluna çevrilə bilər. Yeni transferlərlə yanaşı, o, arxa xəttin tonunu müəyyən edən oyunçu statusunu qazanmağa yaxındır.

London klubunun son illərdə nadir uğur hekayələrindən biri kimi görünən Van de Ven hazırda ən azı bir mövsüm də İngiltərənin paytaxtında qalmağa meyllidir. Onun fərdi ambisiyası böyükdür, amma indi bu ambisiyanın komandanın kollektiv səviyyəsi ilə üst-üstə düşməsi tələb olunur.

"Tottenham" illərdir nəsə qurmaq istəyir, amma hər dəfə ya yarıda dağılır, ya da hədəfə bir addım qalmış büdrəyir. İndi sual budur: bu dəfə fərqli olacaq, yoxsa Van de Ven-in zirvəyə yolçuluğu da klubun sonsuz yenidənqurma dövründə ilişib qalacaq?