Caspian Sport

Trabzonspor-da gərgin gecə: Fatih Tekke istefa verdi

Trabzonspor-un Avropa səhnəsindən aldığı sarsıdıcı zərbə təkcə nəticə ilə ölçülmədi. Gecənin yükünü üzərinə götürən baş məşqçi Fatih Tekke mətbuat konfransına çıxanda artıq qərarını vermişdi. Üzündəki ifadə hər şeyi deyirdi.

Tekke sarsıntını gizlətmədi: “Çox kədərli bir gecə yaşadıq, əlbəttə, bunun səbəbi mən və komandam. Bu, ölkəmiz və cəmiyyətimiz üçün də kədərli bir gecə idi,” – deyə o, açıq şəkildə etiraf etdi.

Oyun içində isə hər şey bir anda dəyişmişdi. Tekke həmin məqama diqqət çəkdi: “Futbolçumuz qırmızı vərəqə alana qədər oyun yaxşı gedirdi, amma sonda Europa League üçün vəsiqə qazana bilmədik.”

Sonra isə 18 ayın hesabını çəkdi: “18 aydır gecə-gündüz komandamla birlikdə daha yaxşı performans göstərməyin yollarını düşünürük. Bu andan etibarən 18 aylıq vəzifəmdən istefa verdiyimi açıqlayıram və özümü bu şəkildə cəzalandırmağa haqqım olduğunu düşünürəm.”

İdarə heyətindən sərt reaksiya: “İstefta qəbul edilmir”

Bu sözlər tribunaları, sosial şəbəkələri və klubun içini bir anda qaynadı. Avropadan biabırçı şəkildə ələnmə, üstəlik baş məşqçinin emosional istefası – Trabzon artıq fırtınanın tam mərkəzində idi.

Ancaq klub rəhbərliyi Tekkenin qərarını “ani partlayış” kimi dəyərləndirdi. Trabzonspor rəsmi saytında yayımladığı açıqlama ilə istefa ssenarisini dərhal kənara itələdi:

“Baş məşqçimiz Fatih Tekke, Ferencvaros qarşılaşmasından sonra alınan məğlubiyyətin isti-isti təsiri ilə istefa qərarı vermişdir. Trabzonspor İdarə Heyəti baş məşqçimiz Fatih Tekkenin istefasını qəbul etməmişdir. Fatih Tekke vəzifəsinin başındadır və komandamızın qarşıdakı liqa matçında, Amedspor qarşılaşmasında da komandanı o idarə edəcək.”

Beləliklə, klub açıq mesaj verdi: texniki bölgədə dəyişiklik yoxdur, ən azı indi yox. Tekke qalır. Məsuliyyət də, təzyiq də onun üzərində.

Amedspor səfəri: Üç xal artıq lüks deyil, məcburiyyətdir

Avropa xəyalı dağıldı, amma təqvim heç kəsi gözləmir. Trabzonspor indi həmin məyusluğu sürətlə arxada qoyub daxili arenaya qayıtmalıdır. Bazar ertəsi, 31 avqustda Super Liqa çərçivəsində Amedspor səfəri onları gözləyir.

Bu matç sadəcə üç xal oyunu deyil. Soyunma otağında sarsılan inamın bərpası, azarkeşlərin qəzəbinin yumşaldılması, klub içində sabitliyin qorunması üçün kritik 90 dəqiqədir.

Tekkenin qarşısında çətin və qısa müddətli missiya var: Avropa fiaskosunun izlərini silmək, futbolçuların başını yenidən qaldırmaq, meydanda reaksiya göstərən, aqressiv və inamlı Trabzonspor yaratmaq.

Beynəlxalq fasilə qapıda dayanıb. Bu fasiləyə ağır bir yarayla yoxsa, güclü bir cavabla gedəcəklər? Cavab Amedspor qarşısında veriləcək.