Caspian Sport

Truffert: Man Utd üçün yeni sol cinah müdafiəçisi

Manchester United yayda sol cinah müdafiəçisini tapmadı, indi isə plan tamamilə dəyişə bilər. Lewis Hall-ın Newcastle United ilə yeni müqavilə razılaşdırması “Old Trafford” rəhbərliyini başqa ada yönəldə bilər: Bournemouth-un parlayan solu Adrien Truffert.

INEOS-un klubdakı ilk böyük transfer pəncərəsi mərkəz xəttini silkələdi. Andrey Santos, Youri Tielemans və Carlos Baleba gətirildi, orta sahə yenidən yığıldı. Növbə sol cinaha gələndə, rəhbərlik Luke Shaw üçün ideal rəqabət və gələcək varis kimi bir adın üzərində dayandı – Lewis Hall.

Plan aydın idi: əvvəlcə Shaw ilə mövqeni bölüşəcək, sonra isə ondan estafeti götürəcək gənc sol cinah müdafiəçisi. Lakin bir maneə var idi – Newcastle.

Newcastle qapını bağladı

Bu yay Anthony Gordon, Bruno Guimaraes və Sandro Tonali kimi sütunlarını itirən Newcastle üçün Hall-ın satışı heç masaya belə qoyulmadı. Klub onu gələcək layihənin mərkəzinə yerləşdirib.

Man Utd alternativlərə baxdı. Alejandro Balde, Rayan Ait-Nouri, Jorge Salinas kimi adlar müzakirə olundu, amma heç biri üçün son addım atılmadı. Səbəb sadə idi: klub Hall üçün yolu bağlamaq istəmirdi, çünki 2027-ci ilin yayında yenidən hücuma keçməyi planlaşdırırdı.

Rəhbərlik hesab edirdi ki, Michael Carrick Luke Shaw yoxluğunda Patrick Dorgu, Baleba, Diogo Dalot və Noussair Mazraoui kimi oyunçuları sol cinahda istifadə edə bilər. Riskli, amma şüurlu qərar idi.

İndi isə o plan masadan qalxır.

Məlum olub ki, Hall Newcastle ilə yeni müqaviləyə razılıq verib. Jurnalist Ben Jacobs məlumatı belə açıqlayıb: gənc müdafiəçi yeni baş məşqçi Matthias Jaissle-dən təsirlənib, danışıqlar son həftələrdə sürətlənib və idman direktoru Ross Wilson üçün Hall-ın uzadılması prioritet olub.

Bu qərar Man Utd üçün siqnaldır: 2027 gözləntisi bitdi, yeni hədəf lazımdır.

Truffert səhnəyə çıxır

İngiltərədə Truffert haqqında səs çoxdan yüksəlir. Newcastle ilə Bournemouth-un 2:2 hesablı heç-heçəsindən sonra talkSPORT studiyasında müzakirə məhz fransalı sol cinah müdafiəçisinin üzərində quruldu.

Bir azarkeş onun adını çəkəndə, Jason Cundy tərəddüd etmədi: “Tamamilə haqlısan – necə futbolçudur. Məncə, hazırda ölkədə ən yaxşı sol cinah müdafiəçisi ola bilər”.

Studiyadakı həmkarı Jamie O’Hara isə bu müzakirəyə Hall və Manchester City-nin gənci Nico O’Reilly-ni də daxil etdi. Cundy cavabında Hall-ı bəyəndiyini dedi, amma əlavə etdi ki, bu gün bir qədər çətinlik çəkib. Ardınca isə açıq mesaj göndərdi:

“Truffert böyük transfer qazanacaq və bilirsiniz, kim onu almalıdır? Man Utd. Mən onu ötən mövsümdən izləyirəm, bu mövsümə görə demirəm. Çox güclü sol cinah müdafiəçisidir. Kerkez Liverpool-a gedəndən sonra Premyer Liqada Truffert-i kifayət qədər görmüşəm, sizə söz verirəm. Onlar Hall-ın arxasınca düşüblər, amma Bournemouth ağır danışıqlar aparacaq. Man United-ə sol cinah müdafiəçisi lazımdır!”

Bournemouth-un mövqeyi aydındır: əsas oyunçularını ucuz buraxmırlar. Amma bazarda sol cinah keyfiyyəti bu qədər məhdud olanda, qiymət artımı da qaçılmaz görünür. Xüsusən də Manchester United kimi nəhəng qapını döyəndə.

Keane-in tənqidi Hall-ı, tərifi isə dolayı yolla Truffert-i göstərir

Lewis Hall-ın yeni müqaviləsi yalnız transfer planını dəyişmir, həm də müzakirənin tonunu. Roy Keane yaxınlarda Hall haqqında danışarkən, onu sərt analiz etmişdi:

“Düşünmürəm ki, Hall cavabdır. Pis deyil, məni səhv başa düşməyin. Amma məncə, yaxşı müdafiəçi deyil. Yenə o sual yaranır: müdafiəçidə prioritet nədir? Əlbəttə, topa sahib olanda rahat olmasını istəyirsən, amma ilk növbədə, müdafiə etməyi bacarmalıdır, çünki əsas çağırışın budur”.

Keane-in fikri aydındır: Man Utd arxa xəttdə əvvəlcə möhkəmlik, sonra texniki komfort axtarmalıdır. Bu baxış bucağından Truffert daha uyğun profil kimi görünə bilər. Premyer Liqada artıq sınaqdan keçib, fiziki sürətə adaptasiya olub, həmçinin top ilə irəli çıxmağı da bacarır.

United-in Hall-dan imtina etməsi deyil bu; sadəcə, o qapı indi bağlanıb. Klub yenidən sol cinah bazarına qayıdır və bu dəfə qarşısında başqa reallıq var: vaxt itirmədən, konkret hədəflə hərəkət etmək məcburiyyəti.

Bournemouth-un Truffert üçün hansı rəqəmi masaya qoyacağı, United-in isə nə qədər irəli gedəcəyi yeni mövsümün ilk böyük suallarından birinə çevrilir. Sol cinahda növbəti illəri müəyyən edəcək cavab isə artıq çox da uzaqda görünmür.