Caspian Sport

Tuchelin Dünya Kuboku siyahısı: İngiltərənin ümidləri

11 iyunda Dünya Kuboku start götürəndə, Ivan Toney-nin son İngiltərə oyunundan düz bir il və bir gün keçmiş olacaq. O vaxt Senegal ilə sarsıdıcı yoldaşlıq məğlubiyyətində, Nottingham Forest-in City Ground arenasında cəmi iki dəqiqəlik epizod… Və həmin gündən bəri bir daha heyətə belə dəvət edilməyib.

İndi isə, 12 ay susqunluqdan sonra Thomas Tuchel qəfil 30 yaşlı Al-Ahli hücumçusuna geri dönür və onu Harry Kane-in ehtiyat variantlarından biri kimi Dünya Kubokuna aparır. Sanki heç nə olmamış kimi.

Toney-nin Səudiyyə Ərəbistanında 40-dan çox qolla keçirdiyi mövsüm nəhayət gözardı edilə bilməyəcək qədər böyüyüb. Tuchel bir il ərzində bunu görməməzliyə vursa da, indi rəqəmlər onu sıxışdırıb. Üstəlik, Toney özü də Şimali Amerikadakı yandırıcı istiyə, Avropada mövsümü bitirən bir çox həmkarına nisbətən daha yaxşı adaptasiya olacağını iddia edir.

Bu, Tuchel erasında ilk böyük dönüş deyil. Amma bəlkə də ən risklisidir.

“10 nömrə” savaşı: Foden və Palmer kənarda, Eze sağ qalır

İngiltərənin “10 nömrə” mövqeyində bir böyük qərarın gələcəyi əvvəldən bəlli idi. Hücumameyilli yarımmüdafiə xəttində seçim bolluğu var, amma yer məhdud.

Morgan Rogers-in adı demək olar ki, əvvəlcədən yazılmışdı. Jude Bellingham isə istənilən halda təyyarədə olacaqdı – həm mərkəzdə, həm də irəlidə oynaya bilməsi onu toxunulmaz edir. Qalan yer üçün isə Eberechi Eze, Cole Palmer, Phil Foden və Morgan Gibbs-White arasında səssiz, amma amansız yarış gedirdi.

Forma baxımından Gibbs-White bəlkə də ən parlaq namizəd idi. Buna baxmayaraq, uzun müddətdir onun outsider olduğu yazılırdı, ona görə də heyətdən kənarda qalması sensasiya sayılmır. Əsl zərbə başqadır: həm Palmer, həm də Foden-in eyni anda Dünya Kubokundan kənar qalması sosial şəbəkələri partlatdı.

Şok böyükdür. Amma Tuchel-in baxış bucağından bəlkə də izahı sadədir.

Palmer-in mövsümü zədələrlə parçalanıb. Chelsea-də ilk iki mövsümdə Premyer Liqanı silkələyən futbolçudan əsər-əlamət uzun müddət görünmədi. İngiltərə millisində isə Euro 2024-dən bəri demək olar ki, oynayıb-oynamayıb. İndi-indi öz köhnə ritminə qayıtmağa başlayır.

Foden-in durumu başqa cür, amma nəticə eynidir. Klubda da, millidə də formadan düşmə prosesi artıq iki ildir davam edir. Son Avropa çempionatında zəif çıxış, “ehtiyatda qalsın” çağırışları, inamsızlıq… Bu dalğa hələ də dayanmayıb.

Beləliklə, Arsenal-də ilk mövsümünü gah yaxşı, gah orta səviyyədə keçirən, amma ümumi götürəndə etibarlı görünən Eze, həmin mövqedə yeganə “sağ qalan” olur.

Tənqidlər isə qaçılmazdır. Çünki ehtiyatdan oyuna girəndə fərq yarada biləcək Gibbs-White, Palmer və Foden kimi adlar evdə qalır, onların əvəzinə isə daha az həyəcan doğuran futbolçular təyyarəyə minir. Tuchel isə bu mövzuda möhkəm dayanır və hücum yarımmüdafiəçiləri barədə danışarkən açıq şəkildə bildirir: beş “10 nömrə”ni gətirib, sonra da onları öz mövqelərindən kənarda oynatmaq istəmir. Onun üçün balans hər şeydən önəmlidir.

Kobbie Mainoo: “ölü” şansdan Dünya Kubokuna

Mövsümün ortasında Kobbie Mainoo-nun Dünya Kuboku xəyalları faktiki olaraq bitmiş sayılırdı. Manchester United-in o vaxtkı baş məşqçisi Ruben Amorim, üçlü müdafiə sistemində ona yer görmürdü və gənc yarımmüdafiəçini tam kənarda saxlayırdı. Yanvarda klubdan ayrılmaq fikri belə gündəmə gəlmişdi.

Amma Amorim getdi, qapı açıldı.

Michael Carrick müvəqqəti baş məşqçi kimi gəldi və akademiya yetirməsi birbaşa komandaya qayıtdı. Mainoo-nun sakit, amma inamlı çıxışları United-i yenidən Çempionlar Liqasına daşıyan ikinci dövrün əsas sütunlarından birinə çevrildi və ona yeni müqavilə qazandırdı.

İndi isə o, Tuchel-in heyətində mərkəz yarımmüdafiədə son bileti qapıb. Adam Wharton və James Garner ilə rəqabətdə qalib gəlir. Başlanğıc “11-lik”də Declan Rice və Elliot Anderson-un önünə keçməsi çətin görünür, amma bu artıq başqa söhbətdir. Əsas odur ki, o təyyarədədir.

Trent Alexander-Arnold: açıq qapı belə kömək etmədi

Trent Alexander-Arnold üçün bu qərarın gələcəyi çoxdan hiss olunurdu. Amma bu, ağrını azaltmır.

Zədələr sağ və sol cinahda boşluqlar açmışdı. Kağız üzərində bu, Real Madrid müdafiəçisi üçün yeni şans demək idi. Tuchel isə yenə də başqa cığır seçdi. O, bir daha Alexander-Arnold-dan yan keçdi və Tottenham müdafiəçisi Djed Spence-i çağırdı. Mart toplanışına 35 nəfərlik geniş heyətə Trent-in salınmaması əslində bu günün anonsu idi.

Madrid-də ilk mövsüm, gözləntilər, Ballon d'Or söhbətləri… 27 yaşlı futbolçu Liverpool-dan “Los Blancos”a məhz bu səviyyəyə qalxmaq üçün getmişdi. Amma milli komanda qapısı üzünə getdikcə daha çox bağlanır.

Ben White zədəlidir, Tino Livramento isə Dünya Kubokuna cəmi-cümlətanı sağalmış halda gələcək. Yenə də Trent yox. Tuchel dövrü davam etdiyi müddətdə onun İngiltərə ilə gələcəyi sual altındadır, çünki artıq təxminən bir ildir millidə oynamır.

Məşqçinin bu qərarı yenə mübahisə doğuracaq. Çünki aşağı müdafiə bloklarını yarmaq üçün Trent-in ötürmə dəqiqliyi və hücum potensialı çoxlarına görə unikal silahdır. Amma eyni zamanda, onun müdafiə zəiflikləri də yenə ön plana çıxır və görünür, Tuchel üçün həlledici məhz budur.

Xabi Alonso üçün gözlənilməz hədiyyə

Bir nəfər klub məşqçisi var ki, Tuchel-in sərt seçimlərindən sonra içində gizli bir rahatlıq hiss edir. O da yeni Chelsea baş məşqçisi Xabi Alonso-dur.

İspan mütəxəssis 1 iyulda Cobham-da işə başlayacaq və gözlənilmədən demək olar ki, bütün ingilis oyunçuları ilə tam hazırlıq dönəmi keçəcək. İngiltərə millisinin Dünya Kuboku heyətində yalnız bir Chelsea futbolçusu var: Reece James.

Cole Palmer kənarda qaldı. Levi Colwill də. Trevoh Chalobah isə ümumiyyətlə real namizəd sayılmırdı. Bu, Alonso üçün xüsusilə faydalıdır. Palmer mövsüm boyu zədələrlə boğuşub, Colwill isə mövsümün böyük hissəsini ön çarpaz bağ zədəsinə görə buraxıb və indi-indi qayıdır.

Braziliya millisində Carlo Ancelotti tərəfindən Joao Pedro, Andrey Santos və Estevao kimi adların da çağırılmaması fonunda Chelsea-dən Dünya Kubokuna yəqin ki, yalnız James, Marc Cucurella, Jorrel Hato, Enzo Fernandez, Moises Caicedo, Pedro Neto və Nicolas Jackson gedəcək. Alonso üçün bu, sanki əlavə bir hazırlıq düşərgəsi deməkdir.

Harry Maguire: “şok və sarsıntı” ilə bitən xəyallar

Harry Maguire, son toplanışa geri çağırıldıqdan və Manchester United-də mövsümün ikinci yarısında dirçəliş yaşadıqdan sonra özünü Dünya Kuboku üçün “hazır yer” kimi görürdü.

Tuchel isə başqa cür düşünür.

Alman mütəxəssis mərkəz müdafiəçisini heyətdən kənarda qoydu. Əslində, mart ayında o, açıq şəkildə bildirmişdi ki, Maguire hələ də müdafiə xəttində seçim sıralamasında aşağıdadır və fikrini dəyişdirməyib. Kulis məlumatlarına görə, futbolçunun “ehtiyatda oturmağa razı olmaması”, yəni eqo məsələsi də narahatlıq doğurub. Digər iddialar isə topu arxadan rahat şəkildə çıxarma bacarığının Tuchel-in standartlarına uyğun olmamasını önə çəkir.

Maguire və hətta ailə üzvləri heyət açıqlanmamışdan bir gün əvvəl sosial şəbəkələrdə bu qərara qarşı açıq etiraz etdilər. Müdafiəçi yazdı ki, belə bir mövsümdən sonra yayda ölkəsi üçün böyük rol oynayacağına əmin idi və qərarı “şok və sarsıdıcı” adlandırdı. Bu reaksiyalar, bəlkə də, Tuchel-in onun bu qrup üçün uyğunluğu ilə bağlı şübhələrini təsdiqlədi.

Nico O’Reilly: mövsümün ulduzu, Dünya Kubokunun sol cinahı

Nico O’Reilly üçün 2025-26 mövsümü nağıl kimi keçib. 21 yaşlı futbolçu Manchester City-də müdafiənin solundan çıxış edərək 15 qol iştirakına imza atıb – bu, sol cinah üçün absurd dərəcədə yüksək göstəricidir. İndi isə o, bu möhtəşəm mövsümü İngiltərənin Dünya Kubokunda əsas sol cinah müdafiəçisi kimi tamamlamağa hazırlaşır.

Lewis Hall və Myles Lewis-Skelly-nin heyətdən kənarda qalması hamını təəccübləndirdi. Çoxları Tuchel-in O’Reilly ilə rəqabət üçün ən azı onlardan birini aparacağını gözləyirdi. Amma məşqçi başqa cür qərar verdi və City oyunçusunun həmin mövqeni tam mənada “özəlləşdirməsi” üçün meydanı təmizlədi. Djed Spence ehtiyat variant kimi görünür.

Risk böyükdür. Çünki O’Reilly əslində təbii sol cinah müdafiəçisi deyil, yarımmüdafiəçidir. Heyətdə isə mövqeyi sırf sol cinah olan, təmiz sol bek yoxdur. Spence də daha çox sağda özünü rahat hiss edir. Tuchel bu riskə rəğmən, öz seçiminə inanır. Uduzsa, tənqid dalğası hazırdır. Qazansa, bu cəsarət ona yazılacaq.

Tuchel-in Dünya Kuboku qumarı: dahilik, yoxsa ifrat risk?

İngiltərə millisinin sükanına keçdiyi ilk gündən Tuchel bir şeyi gizlətmədi: o, populyar qərarların deyil, öz futbol fəlsəfəsinin adamıdır. Əgər Dünya Kubokunu qazanmaq üçün sevilməyən seçimlərə getmək lazımdırsa, tərəddüd etməyəcək.

İndi isə sual budur: bu dəfə həddi keçdi, yoxsa yox?

Kağız üzərində əsas onurğa yerindədir. Harry Kane, Jude Bellingham, Declan Rice, Reece James, əsas hücumçular və müdafiə sütunları – hamısı buradadır. Amma bu skeletin ətrafında dərinlik nə qədər güclüdür?

Jarrod Bowen, Palmer, Alexander-Arnold, Gibbs-White, Wharton, Maguire – hamısı ehtiyatdan oyuna girib matçı dəyişə biləcək adlar idi. Onların yoxluğunda, ehtiyat skamyasında Jordan Henderson, Spence, Noni Madueke kimi daha az inam doğuran simalar oturacaq.

Tuchel bir məqamı öz xeyrinə çevirib: bu heyət əvvəlki turnirlərdə olduğu kimi, düşərgə daxilində bitib-tükənməyən mübahisələrə zəmin yaratmır. Əsas “11-lik” demək olar ki, hamıya aydındır. Yeganə mübahisəli mövqe “10 nömrə”dir – orada Bellingham və Rogers-in növbələşməsi mümkündür. Palmer-in başlamalı olub-olmaması, Foden-in harada oynayacağı, Alexander-Arnold-un hansı mövqedə yerləşdiriləcəyi barədə mübahisələr olmayacaq. Tuchel-in dediyi “aydınlıq” budur və turnir boyu sakitlik baxımından bu, çox dəyərli ola bilər.

Amma bir həqiqət dəyişməz qalır: bu heyət seçimi Tuchel-in İngiltərə dövrünü ya möhtəşəm zəfərlə möhürləyəcək, ya da onun sonunun başlanğıcı kimi xatırlanacaq.

Dünya Kuboku bitəndə, yarımfinaldan aşağı hər nəticə uğursuzluq kimi qəbul ediləcəksə, hamı bu 26 nəfərlik siyahıya geri dönəcək. Sual isə indi havada asılı qalıb: Tuchel dahiyanə cəsarət sərgilədi, yoxsa İngiltərənin qızıl nəslini riskli bir qumara sürüklədi?