Caspian Sport

Unai Emery Jadon Sancho-nun gələcəyi barədə danışmadı

Aston Villa üçün mövsümün bu mərhələsində xırda mövzulara yer yoxdur. Qarşıda Bolonya ilə ağır cavab oyunu, masanın üstündə isə Avropa Liqasının yarımfinal bileti var. Amma təbii ki, bir sual yenə də gündəmi deşib keçir: Jadon Sancho-nun gələcəyi.

Emery isə həmin qapını bu dəfə açmadı.

“Biz 100 faiz hazırıq, kollektiv və fərdi şəkildə. İndi gələcək barədə danışmağın mənası yoxdur”, – o, çərşənbə günü Sancho ilə bağlı sual veriləndə sərt şəkildə mövqeyini ortaya qoydu.

Sancho-nun saatı işləyir

Sancho mövsümün əvvəlində Manchester United-dən icarə əsasında Birmingham-a gəldi. Old Trafford-da müqaviləsinin son ili gedir, iyunda azad agent olacaq. Almaniyadan isə artıq siqnallar var: Borussia Dortmund-un idarəedici direktoru Lars Ricken onu geri qaytarmaq imkanını araşdırdıqlarını açıq şəkildə dilə gətirib.

Statistika isə Sancho üçün parlaq görünmür. Villa forması ilə 31 oyun, amma onların 14-də o, ehtiyatdan meydana daxil olub. Ümumi 1520 dəqiqə, cəmi bir qol, üç məhsuldar ötürmə. Son iki matçı isə – o cümlədən Bolonyaya qarşı səfərdə qazanılan 3:1-lik böyük üstünlüyü – çiyin zədəsinə görə buraxıb.

Emery bu müddətdə Sancho ilə kifayət qədər danışdıqlarını deyir, amma indi söhbətin mövzusu dəyişib: “Mövsüm boyu onunla çox danışmışıq – buradakı vəzifəsi, bizə lazım olan çıxışı, keyfiyyətləri barədə. Amma indi söhbət sabahkı oyundan gedir. O qayıdır. Fantastik futbolçudur və davamlı olmalıdır. Çox tələbkar olub, bizim strukturumuza uyğunlaşıb. Təəssüf ki, son iki həftə zədəli idi, çünki fasilədən əvvəl fantastik oynamağa başlamışdı”.

Martinez – hazır, amma zəmanət yoxdur

Emery-nin qarşısına çıxan tək həssas mövzu Sancho deyildi. Qapı xətti də indi diqqət mərkəzindədir. Dünya çempionu Emiliano Martinez bazar günü Nottingham Forest-lə 1:1 hesablı oyundan əvvəl isinmədə baldırından zədə alıb, son anda heyətdən çıxmışdı.

Onun yerinə çərçivəyə keçən Marco Bizot isə şansı əldən vermədi və baş məşqçidən yüksək qiymət aldı. İndi isə Martinez sağalıb, komanda ilə məşqə qayıdıb, amma qapıda oynamaq üçün mübarizə yenidən başlayır.

Emery argentinalı ulduz barədə dedi: “O, fantastik qapıçı, fantastik insandır, hazırdır. Möhtəşəm çıxış edir və onunla çox qürur duyuruq. Hər gün dua edirik ki, hamımız oynamağa hazır olaq. Bazar günü son anda belə bir şey olanda – vay, Marco necə cavab verdi!”

Son məşqdə Martinez yenidən komanda ilə idi: “Bu gün bizimlə məşq etdi. Normaldır, sabah üçün hazır olacaq və sabah qərar verəcəyik”.

Statistika Villa-nın tərəfindədir

Rəqəmlər də Villa-nın üstünlüyünü təsdiqləyir. Opta-nın superkompüteri Birmingham təmsilçisinə yarımfinala çıxmaq üçün 97 faiz şans verir. Finala qədər yolun davam etmə ehtimalı – 64 faiz. Kuboku qaldırmaq üçün əsas favorit isə məhz Villa göstərilir – 42 faizlə modeldə hamıdan irəlidədirlər.

Bu rəqəmlər sadəcə analitiklərin oyuncağı deyil. Komandanın içində də hədəf aydındır. Yarımmüdafiəçi Youri Tielemans bunu bir cümlə ilə yekunlaşdırır: “Sən oynayırsansa, qazanmaq üçün oynayırsan. Mənim mentalitetim budur, həm də heyətdəki bir çox futbolçunun mentaliteti”.

Amma o, bir vacib detalın da altını cızır: “Ora çatanda gərək oyunu mümkün qədər yaxşı oynayasan və sonu düşünməyəsən, çünki bəzən insan özünü elə yerdə itirir. Biz bu cür oynamağa davam etməli və ümid edirik ki, həmin oyunları qazanacağıq”.

Villa üçün indi nə transfer pəncərəsi, nə də yay planları ön plandadır. Sancho-nun taleyi, Martinez-in start heyətində olub-olmaması, Opta-nın faizləri – bunların hamısı sabah gecə Bolonya qarşısında veriləcək cavabla yeni məna qazanacaq.

Avropa Liqasında bu qədər aydın favoritkən, sual təkdir: Villa bu şansı sonadək sıxa biləcəkmi?