Caspian Sport

Uruqvayın dünya çempionatı planlarını alt-üst edən uçuş fiaskosu

Dünya çempionatında giriş problemləri artıq kifayət qədər səs-küy yaratmışdı. İndi isə turnir başlamasına bir gün qalmış Uruqvay millisinin hazırlığına ağır zərbə dəydi.

Komandanın Cancún–Miami reysi havaya qalxa bilmədi. Səbəb – sənədlər çatışmırdı. Məlumata görə, quru marşrutlu uçuş üçün lazım olan icazələr vaxtında rəsmiləşdirilməmişdi və barmaqlar dərhal FIFA-ya tuşlandı. Nəticədə La Celeste Meksikadakı bazası – Playa del Carmen-də “ilişib” qaldı. Dünya çempionatına yollanan komanda üçün az qala amansız başlanğıc.

Uruqvay Futbol Assosiasiyası (AUF) bu xaosun günahkarının kim olduğu sualı ilə üz-üzə qaldı. “The Guardian”ın sorğusuna cavabda federasiyanın nümayəndəsi açıq danışdı: “AUF-un nəzarətindən kənar məsələlərə görə Meksikadan çıxış gecikdi”. Yəni Montevideodan baxanda məsuliyyət açıq-aşkar özlərinin üzərində deyildi.

Arxa planda saatlarla gərgin iş getdi. AUF əməkdaşları yeni reys tapmaq üçün hava yolları ilə danışıqlara girişdi, marşrutlar, vaxtlar dəyişdi, planlar yenidən cızıldı. Komanda isə gözləyirdi.

Bu vaxt FIFA öz mövqeyini ESPN vasitəsilə ortaya qoydu və ittihamı dərhal geri qaytardı. Qurumun açıqlamasına görə, əsas günahkar hava yolu şirkəti idi: “Hava yolu şirkəti yaranan narahatlığa görə üzr istədi. Gecikmə müddətində FIFA Uruqvay millisilə daimi əlaqədə qaldı”. Bildirildi ki, hava limanı və digər tərəfdaşlarla birlikdə problem mümkün qədər tez həll edilməyə çalışılıb.

Sözlər sərtləşdi, ton yüksəldi, amma saat işləməyə davam edirdi. Marcelo Bielsa üçün isə bu xaos ən həssas anda baş verdi. Komanda artıq Səudiyyə Ərəbistanına qarşı dünya çempionatındakı açılış oyununa fokuslanmalı idi. Əvəzində isə uçuş cədvəlləri, icazə kağızları, dəyişən planlar.

Gərginlik o qədər artdı ki, baş məşqçi Marcelo Bielsa və kapitan José María Giménez ilə nəzərdə tutulmuş mətbuat konfransı da ləğv olundu. Dünya çempionatına çıxan bir komanda üçün bu, adi texniki detal deyil – mesaj, ritm, psixoloji hazırlıq da pozulur.

Bielsa isə hər zamankı kimi soyuqqanlı görünməyi seçdi. Şərhində şəraitin “problem yaratmadığını” vurğuladı. Argentinanın təcrübəli mütəxəssisi komandasını sarsıtmamaq üçün tonunu aşağı saxladı, diqqəti meydançaya çəkməyə çalışdı.

Kapitan isə daha açıq danışdı. Giménez yaşananları bir cümlə ilə xülasə etdi: “Bəzi çətinliklərimiz oldu və bu, asan deyildi”. O, yenə də komandanın vəziyyətdən maksimum yararlanmağa çalışdığını, oteldə dincəlib bərpa olduqlarını dedi. Futbolçular üçün bu, sadəcə gecikmiş uçuş deyildi, hazırlıq ritminin pozulması idi.

Nəhayət, alternativ reys tapıldı. Komanda havaya qalxdı, amma artıq ciddi gecikmə ilə. Planlaşdırılmış ideal ssenari pozulmuşdu. İndi sual başqadır: La Celeste bu sarsıntını meydanda gücə çevirəcək, yoxsa bu gecikmiş reysin izi onların dünya çempionatına startına da düşəcək?