Caspian Sport

Usain Bolt veteranlar liqasına yazıldı: sürət əfsanəsi yenidən meydanda

Səkkizqat olimpiya çempionu, sprintin canlı əfsanəsi Usain Bolt yenidən komanda idmanına qayıdır – bu dəfə Mançesterin bazar günü veteranlar liqasında.

İngiltərə Futbol Assosiasiyasının rəsmi Full-Time platformasında 40 yaşlı yamaykalı ulduzun adı artıq Wythenshawe Vets FC klubunun heyətində qeydiyyatdan keçmiş oyunçu kimi görünür. Komanda Cheshire Veterans Football League yarışının Premyer divizionunda çıxış edir və 35 yaşdan yuxarı futbolçulardan formalaşır.

Ulduzlarla dolu veteran komandası

Cənubi Mançesterdə yerləşən Wythenshawe Vets FC son illər adi bir həvəskar komandadan daha çoxuna çevrilib. Klub ötən mövsüm sabiq Premyer Liqa ulduzlarından ibarət heyəti ilə diqqət mərkəzinə düşmüşdü, indi isə həmin siyahıya atletikanın ən böyük adlarından biri də əlavə olunub.

Komandanın cari mövsüm üçün heyəti kifayət qədər təəccüblüdür. Orada İngiltərə millisinin və Liverpool klubunun sabiq hücumçusu Emile Heskey, Everton forması ilə tanınan forvard Oumar Niasse, Manchester United-in keçmiş kapitanı Antonio Valencia, Newcastle hücumçusu Papiss Cisse, Manchester City-nin sabiq yarımmüdafiəçisi Stephen Ireland və müdafiəçi Nedum Onuoha yer alıb. Siyahıda həmçinin Premyer Liqa çempionluğunu yaşamış müdafiəçi Joleon Lescott və yarımmüdafiəçi Danny Drinkwater da var.

İndi isə həmin veteranlar arasında dünyada 100 və 200 metr məsafələrdə ən sürətli insan statusunu daşıyan bir ad görünür: Usain Bolt.

Dünyanın ən sürətlisindən yaşıl meydanlara dönüş

Bolt 2009-cu ildə keçirilən yüngül atletika üzrə dünya çempionatında 100 və 200 metr məsafələrdə dünya rekordları müəyyənləşdirərək tarixə düşmüşdü. 2017-ci ildə atletikanı tərk etdikdən sonra o, diqqətini uşaq yaşlarından sevdiyi futbola yönəltdi.

Onun futbol macərası qısa, amma səs-küylü oldu. 2018-ci ildə Avstraliyanın A-League turnirində çıxış edən Central Coast Mariners klubunun heyətində yoldaşlıq görüşündə dubl edən Bolt, həmin komanda ilə müqavilə imzaladı. O, eyni dövrdə Maltanın Valletta klubundan gələn iki illik təklifi rədd etmişdi. Avstraliya sərgüzəşti isə çox çəkmədi – cəmi səkkiz həftə sonra yollar ayrıldı.

İllər keçdi, Bolt peşəkar futboldan uzaq qaldı, amma topa olan marağı sönmədi. İndi isə o, daha sakit, amma az qala ulduzlar liqasını xatırladan bir mühitdə yenidən meydana çıxmağa hazırlaşır.

Rəsmi açıqlama gözlənilir

Maraqlısı odur ki, hələlik nə Bolt, nə də Wythenshawe Vets FC bu qeydiyyatı ictimaiyyətə elan edib. Klub rəsmi şəkildə heç nə açıqlamayıb, yalnız Futbol Assosiasiyasının sistemindəki qeydiyyat faktı mövcuddur. Klubla əlaqə saxlanılıb və şərh gözlənilir.

Sürət rekordu hələ də onun adına məxsusdur. İndi sual başqa cür səslənir: Usain Bolt veteranlar liqasında da rəqiblərini geridə qoyacaq, yoxsa bu dəfə meydanda deyil, sadəcə soyunub-geyinmə otağında ulduz parıltısı qatmaq üçün gəlir?

Usain Bolt veteranlar liqasına yazıldı: sürət əfsanəsi yenidən meydanda