Caspian Sport

Vinicius Junior: Münhendəki Məyusluqdan Sonra La Liga-ya Dönüş

Münhendə kabus gecəsi yaşayan, 15 dəfə Avropa çempionu olmuş nəhəng klub 4:3 hesablı məğlubiyyətlə meydanı tərk etdi və iki oyunun yekununda 6:4 hesabı ilə turnirlə vidalaşdı. Səs-küylü “Allianz Arena”da işıqlar sönməyə hazırlaşanda, komandanın böyük hissəsi artıq avtobusa minib hava limanına yollanmışdı. Bir nəfər istisna ilə.

Vinicius Junior.

Braziliyalı ulduz bütün 90 dəqiqəni meydanda keçirdikdən sonra təsadüfi anti-dopinq yoxlamasına seçildi və qapalı qapılar arxasında, soyuq prosedur qaydalarının içinə düşdü. Matçın emosional gərginliyi hələ üzərindən getməmişdi, amma burda hisslər yox, qaydalar işləyirdi. Proses gözləniləndən uzun çəkdi, klubun logistika komandası isə qərar verdi: əsas avtobus gecikməmək üçün hava limanına çıxmalı, Vinicius isə sonradan maşınla yola düşməli idi.

Heç bir rəsmi açıqlama verilmədi, heç kim gecikmənin detalları barədə danışmadı. Buna ehtiyac da yox idi. FIFA-nın anti-dopinq qaydaları hər şeyi kifayət qədər aydın göstərir: bu proseduru “keçmək”, yanından ötüb getmək mümkün deyil. Sistem sərtdir, güzəşt tanımır.

Peşəkar futbolçular üçün qadağan olunmuş maddələrə əl atmağın cəzası aylarla ölçülə bildiyi kimi, karyeranı birdəfəlik bitirəcək ömürlük diskvalifikasiyaya qədər uzana bilər. Əgər sübut olunarsa ki, oyunçu performansını süni şəkildə artırmaq, yəni açıq şəkildə aldatmaq məqsədilə dopinq qəbul edib, standart cəza dörd illik uzaqlaşdırmadır. Niyyət qeyri-iradi, səhv və ya məlumatsızlıqla əsaslandırılsa belə, iki illik cəza riski yenə də qalır və bu müddət ərzində futbol fəaliyyətinin bütün formaları qadağan olunur.

Sərhəd təkcə testin nəticələri ilə məhdudlaşmır. Qayda pozuntusu, bəzən, iynə və ya tablet deyil, davranışla başlayır. Dopinq nəzarətçisinin göstərişlərinə əməl etməmək, yoxlamadan imtina etmək, ya da idmançının harada olması barədə yanlış və ya natamam məlumat vermək də ağır sanksiya ilə nəticələnə bilər. Sistem həmçinin qadağan olunmuş maddələrin daşınmasını, paylanmasını, üçüncü şəxslərin bu qaydaları pozmağa təhrik edilməsini də izləyir. Belə hallarda söhbət artıq təkcə dopinqdən yox, saxtakarlıqdan, idarəetməyə müdaxilədən gedir və bu cür dosyelər çox vaxt ən sərt – ömürlük diskvalifikasiya ilə bağlanır.

Bu dəfə söhbət sadəcə prosedurdan getdi. Vinicius üçün isə indi əsas məsələ tam başqa yerdədir.

Münhendəki məyusluqdan sonra braziliyalı indi baxışlarını La Liga-ya çevirməlidir. Madrid gələn çərşənbə axşamı “Santiago Bernabéu”da Deportivo Alaves-i qəbul etməyə hazırlaşır. Qarşıda yeddi tur var, turnir cədvəlinin zirvəsindəki Barcelona ilə fərq doqquz xaldır. Hər xalın, hər epizodun, hər fərdi parıltının çəkisi birdən-birə ikiqat artıb.

Belə şəraitdə Vinicius-un rolu sadəcə “ön xətt oyunçusu” olmaqdan çox-çox irəli gedir. O, ritmi dəyişən, oyunun enerjisini diktə edən, müdafiə xətlərini bir hərəkətlə parçalaya bilən futbolçudur. Münhendəki sarsıntıdan sonra komandanın meydanda sürətlə toparlanması üçün məhz bu tip liderlik lazımdır. Tribunalar hələ də Avropadakı uğursuzluğun acısını hiss edəcək, amma La Liga hələ bağlanmayıb.

İndi sual sadədir, cavabı isə asan olmayacaq: Vinicius bu məyusluğu motivasiyaya çevirib, Real Madrid-i mövsümün sonunda kuboksuz qalmamaq üçün ayaqda saxlaya biləcəkmi?