Wolves-da dəyişiklik: Rob Edwards gedir, Cesar Peixoto gəlir
Molineux-da gözlənilən, amma yenə də sərt səslənən qərar verilib. Klub rəhbərliyi Rob Edwards-lə yolları ayırmağa hazırlaşır və artıq Gil Vicente-də parlayan baş məşqçi Cesar Peixoto ilə tam razılıq əldə olunub.
Bu, sadəcə məşqçi dəyişikliyi deyil. Bu, Wolves-un Premyer Liqaya dərhal qayıdış planının mərkəzinə qoyduğu böyük riskdir.
Edwards-in qısa dövrü və ağır hökm
Rob Edwards-in hekayəsi romantik başlamışdı. Middlesbrough-da karyerasına parlaq start verən gənc məşqçi, doğma klubuna – Wolves-a keçəndə, bu addım həm Teesside, həm də Molineux üçün sarsıdıcı idi. Böyük səs-küy, böyük gözləntilər, “öz adamımız” narrativi.
Amma dekabrda Molineux-da şübhələr artıq pərdəarxası səslənməyə başlamışdı. Komandaya startda verdiyi təsir inandırıcı olmadı, nəticələr zəif idi, oyun isə parçalanmış görünürdü. Sonradan müəyyən irəliləyiş gəlsə də, yekun tablo ağır oldu: cəmi 20 xal, mövsüm boyu yalnız üç qələbə və Premyer Liqa ilə vidalaşma.
Wolves aşağı liqaya demək olar ki, səs çıxarmadan düşdü. Buna baxmayaraq, klub ətrafında çoxları düşünürdü ki, Edwards-in gətirilməsi əslində məhz növbəti mövsüm üçün planlaşdırılmış addımdır – Çempionşipdə dərhal yüksəliş missiyası üçün.
Edwards sadəcə texniki zonada dayanan adam deyildi. O, transfer strategiyasının qurulmasında ciddi rol oynadı, Raul Jimenez-in Molineux-a qayıtmasında önəmli fiqur oldu, təcrübəli müdafiəçi Kieran Trippier-in transfer prosesinin irəliləməsində də təsirli idi. Yəni klubun gələcəyinə toxunan qərarlara imza atmışdı.
Amma kulislərdə hava dəyişdi. Yeni icraçı sədr Nathan Shi öz izini qoymaq istəyir. Elə bu mərhələdə də səhnəyə yenə tanış bir ad çıxdı – super-agent Jorge Mendes.
Mendes xətti: Peixoto planı
Mendes-in Wolves sahibləri Fosun ilə münasibəti hələ də əvvəlki kimi güclüdür. Məhz o, Gil Vicente-dəki işi ilə birdən-birə diqqət mərkəzinə düşən Cesar Peixoto-nu Molineux üçün real alternativ kimi önə çıxardı.
Danışıqlar sürətləndi. Klub mənbələri bildirir ki, qısa müddətdə Wolves rəhbərliyi Peixoto-nun futbol fəlsəfəsini, taktiki yanaşmasını, iş metodlarını detallı şəkildə öyrənmək imkanı qazanıb. İlk təmaslardan sonra tərəflər tam razılığa gəlib. 46 yaşlı portuqaliyalı artıq dərhal işə başlamaq üçün hazır vəziyyətdədir.
Bu sürət təsadüfi deyil. Şi rəhbərliyi altında Wolves yeni dövrə keçdiyini göstərmək, həm də Çempionşipdə vaxt itirmədən iddialı mövqe tutmaq istəyir.
Peixoto-nun gec açılan karyerası
Cesar Peixoto Portuqaliya futbolu üçün yad ad deyil. O, oyunçu kimi Benfica və Porto kimi nəhəng klubların formasını geyinib, Portuqaliya millisində də şans qazanıb. Futbolçu kimi tanınmış sima idi.
Məşqçi kimi isə uzun müddət kölgədə qaldı. 2025-ci ilə qədər onun karyerası qısa müddətli təyinatlarla, sönük nəticələrlə xatırlanırdı. Adı var idi, amma izi görünmürdü. İstiqamət axtaran, amma sıçrayış edə bilməyən gənc məşqçilərdən biri kimi dəyərləndirilirdi.
Hər şey Gil Vicente-də dəyişdi. Peixoto komandaya gəldi və klubu altıncı yerə qədər qaldırdı – karyerasının açıq-aşkar ən böyük uğuru. Bu nəticə təkcə turnir cədvəlindəki mövqeyə görə deyil, əldə olunduğu şəraitə görə də təsir bağışladı. Çətin şərtlər, məhdud resurslar, amma aydın plan və intizamlı oyun.
Avropanın müxtəlif klubları bu performansa biganə qalmadı. Wolves rəhbərliyi də həmin mövsümü diqqətlə izləyənlər arasında idi. Mənbələrin dediyinə görə, Molineux-da Peixoto-nun taktiki elastikliyi, komandanı sıx təzyiq altında belə strukturda saxlaması və məhdud büdcə ilə rəqabət aparma bacarığı xüsusi qiymətləndirilib.
Klub rəhbərliyi onu “böyük potensialı olan yüksələn məşqçi” kimi görür. Yəni bu, sadəcə yanğınsöndürən təyinatı deyil, orta və uzunmüddətli layihə kimi düşünülən addımdır.
Təzyiq, gözlənti və tək çıxış yolu
Reallıq isə sərtdir: Wolves artıq Premyer Liqadan düşüb və klub ətrafında səslənən bir cümlə var – “dərhal geri dönmək lazımdır”. Çempionşipdə vaxt vermirlər, bəhanə qəbul etmirlər, xüsusilə də bu qədər iddialı strukturda.
Peixoto Molineux-a məhz bu fonun içində gəlir. Edwards-in gedişi tezliklə rəsmən açıqlanacaq, amma qərar artıq verilib. Yeni icraçı sədr, güclü agent şəbəkəsi, yüksələn portuqaliyalı məşqçi – tablo aydındır: Wolves yenidən qurulur.
İndi sual təkdir: Gil Vicente-ni altıncı yerə daşıyan həmin taktiki cəsarət və soyuqqanlılıq, Molineux-un ağır gözləntiləri altında da eyni effekti verəcəkmi?



