Red Bull-un komanda rəhbəri Laurent Mekies-in bir cümləsi Yuki Tsunoda-nın karyerasına yenidən işıq saldı: yapon sürücü tamştat yarışmaq üçün “başqa bir imkan”ı haqq edir.
Keçən mövsümün sonunda Formula 1-dəki əsas yerini itirən Tsunoda hazırda Red Bull-da ehtiyat pilot və eyni zamanda simulyator üzrə əsas fiqurlardan biridir. Onun trasdakı səsi susub, amma komandanın mərkəzində, qapalı qapılar arxasında işi davam edir.
2025-ci ilin uğursuz mövsümü isə rəqəmlərlə danışır. Red Bull üçün 22 Qran Pridə cəmi 30 xal, ümumi təsnifatda 17-ci yer. Eyni maşında komanda yoldaşı Max Verstappen dünya ikincisi olanda bu göstərici ağır zərbə kimi göründü. Nəticə gözlənilən idi: Tsunoda yerini itirdi, sükan arxasına isə Racing Bulls-la debüt mövsümündə Zandvoortda podium qazanan Isack Hadjar keçdi.
Mekies buna baxmayaraq, yapon sürücünü silmir. Əksinə, onun dörd il Racing Bulls-da, daha sonra Red Bull-da göstərdiyi sürəti xatırladır və vurğulayır ki, Tsunoda hələ də start xəttində yer almağı haqq edir.
“Yuki bizimlə çox yaxşı iş görür, təkcə ehtiyat pilot kimi yox, həm də simulyator sürücüsü kimi,” – Mekies “Beyond the Grid” podkastında deyib.
Onun sözlərinə görə, maşını bu qədər yaxından, bu qədər təzə təcrübə ilə hiss edən bir sürücünün mövcudluğu kulisdə komanda üçün böyük üstünlükdür. Komanda rəhbəri açıq danışır: yarışçılar yarışmaq üçün yaranıb və Red Bull daxilində Tsunoda üçün traslara qayıdacaq bir fürsətin doğulmasını səmimi şəkildə arzulayırlar.
Mekies həm də etiraf edir ki, son illərdə Red Bull-un ikinci maşın performansı istənilən səviyyədə olmayıb. Verstappen-in yanındakı yer komanda üçün illərdir həssas mövzudur və o deyir ki, oradan çıxan dərslər indi gündəlik işin bir hissəsinə çevrilib. Bu fonunda Tsunoda-nın sürət potensialı xüsusi qeyd olunur: o, keçmişdə kifayət qədər güclü temp nümayiş etdirib və komanda rəhbəri ona “yolda başqa bir imkan” gələcəyinə ümid edir.
Amma bir detal var. Bu “ikinci şans” çox böyük ehtimalla Red Bull-un özündə olmayacaq.
Hadjar dalğası: gənc fransız fürsəti əldən vermir
Hadjar hələ ilk üç Qran Pridə Verstappen-in yanında özünü elə göstərib ki, Red Bull-un gələcək planları artıq fərqli görünməyə başlayıb. Üstəlik, RB22-nin çətin, “kaprizli” maşın olmasına baxmayaraq.
Melburnda debüt təsnifatında üçüncü yer – mövsümün, bəlkə də, komandanın indiyədək ən gurultulu anlarından biri. Çin Qran Pridə xal, Suzukada isə dünya çempionu komanda yoldaşını təsnifatda qabaqlamaq. Tsunoda-nın heç vaxt edə bilmədiyi bir iş.
Mekies-in sözlərindən görünür ki, bu performans təsadüf deyil, planlı zəhmətin nəticəsidir. O, Hadjar-ın komandaya adaptasiyasını xüsusi vurğulayır: gənc sürücü yanvarın əvvəlində Londona köçüb, demək olar ki, hər ikinci gün zavoddadır, simulyatorda saatlarla işləyir, maşının texniki incəliklərinə baş vurur. Bu, sadəcə, peşə borcu deyil, onun həyat arzusu kimi təsvir olunur.
Hətta iki Bəhreyn testinin arasında belə, Hadjar-ın yenidən fabrikə uçub simulyatorda əlavə proqramlar sınaqdan keçirdiyi qeyd olunur. Bu səviyyədə fədakarlığa görə Mekies açıq şəkildə ona “kredit” verir. Amma eyni zamanda əlavə edir: bu, Hadjar üçün “zəhmət” kimi hiss olunmur, çünki o, illərdir bu anı xəyal edib.
İlk iki yarışda nəticələr artıq özünü göstərib. Hadjar startdan etibarən tempini nümayiş etdirə bilib, Melbourne-dəki ilk təsnifatı isə uzun müddət yaddaşından silinməyəcək: P3, yəni üçüncü yer. Qarşıda uzun, dalğalı mövsüm var, amma Red Bull rəhbərliyi ondan il ərzində daha bir neçə inkişaf addımı gözləyir və inanır ki, gənc sürücü bunun üçün həm talanta, həm də yanaşmaya malikdir.
Tsunoda üçün növbəti dayanacaq haradır?
Bu mənzərədə Tsunoda-nın adı başqa cür səslənir. Red Bull-un indiki reallığında Hadjar dalğası güclənir, Verstappen isə hələ uzun illər komandada qalmağa hazır görünür. İkinci maşın uğursuzluqlarından dərs çıxarmağa çalışan komanda indi gənc fransızın üzərinə ciddi şəkildə yatırım edir.
Belə şəraitdə Tsunoda üçün qapı, çox güman ki, başqa komandaların bazasında axtarılmalıdır. Onun simulyatordakı rolu, maşın barədə dərin və təzə bilgiləri, keçmiş illərdə göstərdiyi xam sürət – bunlar hamısı hələ də dəyərli aktivdir. Sual yalnız budur: hansı komanda risk edib, ona start xəttində yenidən yer verəcək?
Red Bull-un içindən gələn səs isə aydındır. Mekies Tsunoda-nın adını sadəcə keçmiş xatirə kimi çəkmir. O, açıq şəkildə bildirir ki, Yuki hələ bitməyib və sükan arxasında başqa bir fəsilə layiqdir.
İndi növbə paddockdadır. Formula 1 komanda rəhbərləri bu çağırışı eşidəcəkmi?





