Caspian Sport

Yves Bissouma'nın Ajax'a Transferi: Riskler ve Beklentiler

Yves Bissouma-nın Ajax-a keçidi demək olar ki, tamamlanıb, amma Niderlanda doğru açılan bu qapı Britaniya mediasında köhnə sualları yenidən gündəmə gətirib. İngiltərədə onu yaxşı tanıyırlar. Və yalnız meydandakı oyununa görə yox.

Son dörd ili Tottenham Hotspur-la müqavilə altında keçirən Mali yığmasının yarımmüdafiəçisi Premyer Liqa azarkeşlərinə yad deyil. Texniki cəhətdən, fiziki güc baxımından, topu oyuna qurmaq bacarığı ilə onun səviyyəsinə az adam şübhə edir. Problem başqa yerdədir. Bissouma-nın adı hələ də daha çox intizam pozuntuları və meydandan kənar qalmaqallarla çəkilir.

İngiltərə mətbuatının sərt yaddaşı

talkSPORT jurnalisti Jack Johnson xatırladır ki, onun Tottenham-da müqaviləsinin uzadılmaması heç kəsi təəccübləndirməyib. Söhbət təkcə son mövsümündə yaşadığı diz zədəsindən getmir. Johnson yazır ki, Bissouma-nın klubdan ayrılığının arxasında meydandan kənar müxtəlif problemlər, təkrarlanan gecikmələr və intizamla bağlı narazılıqlar dayanıb.

Məhz bu səbəbdən o vaxtkı baş məşqçi Thomas Frank onu heyətdən kənarda saxlamışdı. Rəsmi izah: “intizamın olmaması”. İngiltərə mətbuatı həmin qərarı birbaşa Bissouma-nın sosial şəbəkələrdə paylaşdığı videoya bağlayırdı – kadrlarda yarımmüdafiəçi azot oksidi istifadə edirdi.

Həmin hadisədən sonra verilən cəza da onu dayandırmayıb. talkSPORT-un məlumatına görə, Bissouma daha sonra yenidən azot oksidi balonu ilə görüntülənib. Bu dəfə gizli çəkilişlərdə.

Travma, psixoloji yük və azot oksidi

The Mirror başqa bir tərəfə işıq salır. Nəşr yazır ki, Bissouma sonradan bu davranışının kökündə ağır şəxsi sarsıntının dayandığını etiraf edib. Onun sözlərinə görə, evinə edilən oğurluq həyatı alt-üst edib, psixoloji durumuna ciddi zərbə vurub.

Mali millisinin üzvü həmin hadisədən sonra özündə güclü həyəcan, panik atak, depressiya və paranoya əlamətləri hiss etdiyini bildirib. Elə bu fonunda da azot oksidi ilə tanış olduğunu deyib. Yəni, futbolçunun izahına görə, bu, əyləncə üçün yox, sarsıntıdan qaçış cəhdi idi.

İngiltərə mediası isə bütün bu izahları qeyd etsə də, yekun nəticədə eyni nöqtəyə qayıdır: risk yenə də böyükdür.

Britaniyadan Ajax-a açıq xəbərdarlıq

The Sun yazır ki, Ajax bu transferi reallaşdırsa, Bissouma-nı əvvəlki klublarından daha yaxından nəzarətdə saxlamalı olacaq: “Eyni ssenarinin təkrarlanmaması üçün Amsterdam klubu onu əvvəlkilərdən daha ciddi izləməlidir”.

Söhbət yalnız gecikmələrdən və ya məşq intizamından getmir. Britaniya mətbuatı Ajax-ın, belə desək, “paketin içində gələn” psixoloji və davranış risklərini də qəbul etdiyini vurğulayır. Yüksək səviyyəli yarımmüdafiəçi, amma yanında da ciddi nəzarət tələb edən xarakter.

Niderlandda da şübhə var

Şübhələr yalnız Mançester və London redaksiyalarında dolaşmır. Niderland studiyalarında da ton oxşardır. Valentijn Driessen “Vandaag Inside” verilişində Bissouma transferinə kəskin yanaşıb.

Onun ifadəsi sərt səslənib: “Bu elə bir malili futbolçudur ki, məşqlərdə iştirakından çox azot oksidinə marağı ilə tanınır. Azot oksidi – özü də peşəkar futbolçu üçün!” Driessen xatırladıb ki, Jordi Cruyff vaxtilə Noa Lang-dan “çətin futbolçu” imici ucbatından imtina etmişdi: “Əgər indi Bissouma-nı gətirirsənsə, deməli, kluba açıq-aşkar problem gətirirsən”.

Bu cümlələr Niderland futbol mühitindəki ikili standart sualını da səsləndirir: riskə dəyərmi?

Tibbi müayinə, müqavilə və açıq suallar

Hazırda Bissouma-nın Amsterdamda tibbi müayinədən keçdiyi bildirilir. Hər şey qaydasında olsa, o, orta sahəni möhkəmləndirmək üçün nəzərdə tutulmuş uzunmüddətli müqaviləyə imza atacaq – 2027-ci ilin ortalarınadək, üstəlik bir illik uzatma opsionu ilə.

Ajax üçün bu, həm meydanda güclü qazancla, həm də kənarda incə idarəetmə tələb edən transferdir. Klub azarkeşləri indi bir sualın cavabını gözləyir: Amsterdam Bissouma-nın istedadını nəzarətlə balanslaşdıra biləcək, yoxsa bu keçid Niderland nəhənginin son illərdəki dalğalı kursunu daha da sərtləşdirəcək?

Yves Bissouma'nın Ajax'a Transferi: Riskler ve Beklentiler