Caspian Sport

Arsenal'ın Çempionluq Yolu: Mentalitet Problemləri

Arsenal uçurumun kənarında dayanıb. Bir ay əvvəl dörd kubokdan danışılır, Mikel Artetanın komandası liqada 10 xal fərqlə qaçır, mövsümün nağıl kimi bitəcəyi düşünülürdü. İndi isə ardıcıl iki liqa məğlubiyyəti, Carabao Cup finalında City-yə uduzulan titul və FA Cup-da Championship təmsilçisi Southampton-a qarşı biabırçı dörddəbir final fiaskosu – hamısı birlikdə köhnə kabusları geri qaytarıb: bu komanda həqiqətən də böyük anların təzyiqinə tab gətirə bilir?

Arteta və oyunçularının çiyinlərindəki yük nəhəngdir. Söhbət təkcə kubok qazanmaqdan getmir. Söhbət futbol tarixinin ən böyük “bottle job”larından birinə çevrilməməkdən gedir.

Qandallanmış favorit

Maraqlısı odur ki, Arsenal-ın indiki vəziyyəti həm təhlükəli, həm də xilas oluna biləcək kimidir və bu, bəlkə də onları xətdə saxlayan yeganə amilə çevrilə bilər. Wayne Rooney-nin dediyi kimi, mövsüm boyu klassik George Graham üslubunda “1:0 oğurlamağa” çalışan komanda indi artıq ehtiyatlı oynamaq lüksünü itirib. Boğazdan yapışmaqdan başqa yol qalmayıb.

Neytralların bu Arsenal-a isinməməsinin səbəbi çoxdur: standart vəziyyətlərə həddən artıq güvən, vaxt uzatmalar, məşq meydançasından çəkilən TikTok-lar, beyin silkələnməsi protokollarından maksimalist istifadə və sair. Amma bu antipatiyanın mərkəzində başqa hiss dayanır – məyusluq.

Çünki Arsenal-ın gənc, parlaq, potensialla dolu bir heyəti var, amma oynatdığı futbol çox vaxt köhnəlmiş və darıxdırıcı görünür. Bir neçə il əvvəl bu komanda axına düşəndə izləmək zövq idi. İndi isə Artetanın şüurlu şəkildə seçdiyi konservativlik və total nəzarət ideyası onları getdikcə daha ağır tamaşaya çevirib. Uğur naminə riskdən imtina, oyunu boğmaq – və bununla birlikdə azarkeşi də itirmək.

Elə buradan da paradoks doğur: elə bir nöqtəyə gəlinib ki, İngiltərədə bir çox azarkeş serial qalib City-nin – özü də Premyer Liqa-nın 115-dən çox maliyyə qaydasını pozmaqda ittiham olunan klubun – son doqquz mövsümdə yeddinci dəfə çempion olmasına daha isti baxır. Çünki meydanda Rayan Cherki kimi oyunçular “gözəl oyunun” əsl təmsilçisi sayılır, Arsenal isə özünü boğan favorit obrazında qalıb.

İki penalti, evdə

İndi isə masa yenidən qurulub. Çox nadir rast gəlinən ssenari: çempionluq yarışında cəmi beş tur qalmış Arsenal liderlə eyni xala malikdir. Bu, bir növ penalti seriyasına bənzəyir – üstəlik, ilk iki zərbəni də öz meydanlarında vurmaq şansı var.

Bir həftə ərzində Emirates ard-arda iki ağır qonaq görəcək: Newcastle və Fulham. Söhbət təkcə altı xal toplamaqdan getmir. Arsenal rəqibləri meydana çıxmamış City-dən xallar baxımından aralanmaqla yanaşı, top fərqini də ciddi şəkildə yaxşılaşdıra bilər.

Newcastle sürətlə sərbəst enişə keçib. Son 12 liqa oyunundan cəmi üçünü qazanıblar, 18 yanvardan bəri isə cəmi bir dəfə qapılarını toxunulmaz saxlayıblar. Nəticədə Eddie Howe-nun üzərindəki təzyiq, şənbə günü şimal London səfərinə çıxan komanda üçün, Artetanınkından da az deyil.

Fulham-ın baş məşqçisi Marco Silva üçün fon bir qədər fərqlidir. Onun adının Chelsea-nin Liam Rosenior-un yerinə daimi baş məşqçi siyahısında hallanması əhval-ruhiyyəni yüngülləşdirir. Amma meydandakı tablo parlaq deyil. London klubu hazırda turnir cədvəlində 12-ci yerdədir, Newcastle-dan cəmi iki pillə və üç xal öndədir. Müdafiədə isə öz dərdləri var: bu mövsüm 46 qol buraxıblar, hətta düşmə xətti ilə üz-üzə qalan Nottingham Forest-dən (45) da çox.

Sual isə açıq qalır: Arsenal həm Newcastle-ı, həm də Fulham-ı məğlub edəcək gücdədir, yoxsa yox? Üstəlik, rəqibləri tam şəkildə “sındırmaq” üçün kifayət qədər cəsarət tapacaq?

Etihad-dakı ziddiyyət

Son altı oyunda dörd məğlubiyyət. Bu seriya təkcə xal cədvəlini deyil, özünəinamı da dağıdıb. Xüsusilə də Bournemouth-a evdə 1:2 hesabı ilə uduzulmuş, əsəbi və sıxıntılı çıxış həyəcan siqnalı kimi yadda qalıb.

Buna baxmayaraq, Etihad-da City-yə qarşı məğlubiyyət tamamilə qara rəngdə deyil. Roy Keane, Micah Richards-ın “Arsenal üçün müsbət məqamlar da var idi” fikri ilə razılaşmasa da, studiyadakı həmkarının müəyyən haqlı tərəfi var idi. Qonaqlar çoxlarının gözlədiyindən daha cəsarətli oynadılar. Yeganə qolları Gigi Donnarumma-nın hədiyyəsi kimi gəlsə də, xüsusən ikinci hissədə heç olmasa bir xal qazanmağa yete biləcək qədər imkan yaratdılar.

Problem ondadır ki, Arsenal Etihad-da bəlkə də həddindən artıq açıq oynadı. Bir neçə dəfə sürətli əks-hücumdan qol buraxmaq riski ilə üz-üzə qaldılar – matçdan əvvəl heç kimin ağlına gətirmədiyi ssenari. Çünki hamı gözləyirdi ki, riskdən qaçan Arteta komandaya “qapını bağlamağı” tapşıracaq, elə Pep Guardiola-nın özü etiraf etdiyi kimi, heç-heçə belə titul üçün kifayət edə bilərdi.

İndi qarşıda duran vəzifə Newcastle-a qarşı bu balansı tapmaqdır. Arsenal-ın kamikadze futbola ehtiyacı yoxdur. Newcastle-ın Anthony Gordon başda olmaqla, əks-hücumda zərər verə biləcək oyunçuları var. Amma meydan sahibləri ilk dəqiqədən təşəbbüsü ələ almalı, tempi yuxarıda saxlamalıdır. Bu dəfə tərəddüdə yer yoxdur.

Həftə ərzində oyunun olmaması müəyyən üstünlük verir. Son həftələrdə Declan Rice və Martin Zubimendi kimi əsas fiqurların tükəndiyi açıq görünürdü. Üstəlik, Fulham matçı iki ağır Champions League qarşılaşması – Diego Simeone-nin Atletico Madrid-inə qarşı duellər – arasında sıxışıb və kağız üzərində Newcastle görüşündən daha təhlükəli görünür.

Məsələ ayaqda yox, başdadır

Əslində, Arsenal-ın problemi bədən yox, başdır. Mentalitet.

Rice yaxınlarda komandanın oyun üslubuna yönələn tənqidlərin onu maraqlandırmadığını dedi. Amma bu, əslində, narahatlıq doğurmalıdır. Çünki bu üslub çempionluğu əlindən ala bilər. Uzun müddətdir formalaşan fikir budur: Arsenal, xüsusən böyük oyunlarda, həddindən artıq ehtiyatlıdır. Keçmiş Manchester United müdafiəçisi Gary Neville daha avqustda vurğulamışdı ki, Arteta sanki matçı qazanmaqdan çox, uduzmamağa fokuslanır.

Keane də eyni xətt üzrə davam edir: Arsenal oyunun ritmini standart vəziyyətlərlə və arxadan qısa ötürmələrlə diktə etməyə çalışır. Mövsümün böyük hissəsində bu, nəticə verdi. Amma bu cür praqmatizm adətən bir yerə qədər aparır, xüsusilə də heyətdə “qazanmağı vərdişə çevirmiş” futbolçular yoxdursa. Elə buna görə də mövsümün həlledici mərhələsində Arsenal-ın ilişib qalması əslində o qədər də təəccüblü deyil.

Bu ssenarini artıq bir dəfə yaşayıblar və finiş xəttini keçə bilməyiblər. Guardiola-nın City-si isə tam əksinə, 33 turdan sonra zirvədə olduğu heç bir mövsümdə titulu əldən verməyib. Bu mənada, City-nin xal itirməsinə ümid bağlamaq, öz komandanı daha sərbəst oynatmaqdan daha riskli strategiyadır.

Arteta Etihad-dakı məğlubiyyətdən sonra “yeni Premyer Liqa”nın başladığını dedi. Bu yeni mühitdə mükafat cəsarətə veriləcək, praqmatizmə yox. Klassik “one-nil to the Arsenal” artıq kifayət etmir.

İndi qərar anıdır. Əgər Arteta nəhayət əlini əyləcdən tam çəkə bilsə, Arsenal bu mövsümün ən sıx çempionluq yarışında yenidən təşəbbüsü – və zirvəni – ələ keçirə bilər. Və onda sual dəyişəcək: bu dəfə finiş xəttini keçmək üçün onlara nə mane ola bilər?