Diego Forlan: Manchesterin Uğursuz Hücumçusundan Əfsanəyə
Uşaqlıqda raket tutan əli, illər sonra “Old Trafford”da qolları qeyd edən həmin əl idi. Diego Forlan əvvəlcə tennisçi olmaq istəyirdi. Atası Pablo kimi futbolçu yox, kort qəhrəmanı. Amma ailəni sarsıdan bir qəza hər şeyi dəyişdi.
Bacısı Alejandro ağır avtomobil qəzasına düşdü, sevgilisi öldü, özü iflic qaldı. Həmin günlərdə Argentinanın dahisi Diego Maradona ailəyə kömək üçün cibindən pul çıxardı, tibbi xərcləri ödəməyə yardım etdi. Forlan üçün bu jest sadəcə maddi dəstək deyildi, taleyini dəyişən jest idi. 12 yaşında tennis raketini yerə qoydu, topun dalınca qaçmağa başladı.
Montevideo-dan Avropaya aparan uzun yol
Urugvayın iki nəhənginin – Penarol və Danubio – akademiyalarında böyüdü. 1995-ci ildə hələ 16 yaşında ikən Fransaya, Nancy klubuna yeddi aylıq sınağa getdi. Sonda müqavilə təklif olunmadı. Çoxları üçün bu qapının bağlanması idi. Forlan üçün isə sadəcə başqa qapıya tərəf dönüş.
Cənubi Amerikaya qayıtdı. Ailə tanışlığı və məşqçi Jose Omar Pastoriza sayəsində Argentinanın “Böyük beşlik” klubundan biri olan Independiente-nin gənclər sisteminə daxil oldu. 18 yaşında – 1998-ci ildə – əsas komandada debüt etdi və qitədə ad qazandı: 91 oyunda 40 qol, iki ayağı ilə də vuran, hərəkətli, cəsarətli hücumçu.
Avropa yenidən qapını döydü. 2002-ci ilin yanvarında Middlesbrough onun üçün 6,9 milyon funt ödəməyə razılaşdı. Hər şey hazır idi. Ta ki, Manchester United işə qarışana qədər.
Sir Alex Ferguson işi masadan deyil, birbaşa telefondan həll etdi. Forlan illər sonra “The National” üçün yazdığı sütunda həmin anı belə xatırlayırdı: hamamda idi, telefon zəng çaldı, otaq yoldaşı yatırdı, o isə pıçıltı ilə danışmağa çalışırdı. Sürətli, sərt şotland aksenti, çətin anlaşılan cümlələr… Amma bir cümlə tam aydın idi: “We want you… You will play for Manchester United”. O anda istiqamət dəyişdi. Middlesbrough yox, “Old Trafford”.
Gəlişdə böyük səs, ilk mövsümdə böyük sükut
United üçün yeni “9 nömrə” zərurət idi. Teddy Sheringham və Andy Cole artıq getmişdi. Forlanın gəlişi ümid yaratdı. Debütünü Bolton Wanderers-ə qarşı 4:0 hesablı Premyer Liqa qələbəsində son 15 dəqiqədə meydanda edəndə, onun hərəkəti, əzmkarlığı, sürəti dərhal diqqət çəkdi. Ruud van Nistelrooy belə dedi: “Çox gənc və istedadlı futbolçudur… Çox sürətlidir, iki ayağı da əladır, gələcəyi böyükdür”.
Amma reallıq tezliklə daha sərt üzünü göstərdi. Forlan uzun müddət Ruud və Ole Gunnar Solskjaer-in kölgəsində qaldı. İlk dəfə start heyətinə yalnız martın əvvəlində, Solskjaer-in zədələndiyi oyunda – Tottenham-a qarşı çıxdı. United yenə 4:0 qalib gəldi, Forlan daim arxaya sızan qaçışlarla təhlükə yaratdı, amma qapı qarşısında soyuqqanlılıq onu tərk etmişdi. Bir-birinin ardınca boşa verilən epizodlar…
2001-02 mövsümünü 18 oyun, 0 qolla bitirdi. United də uğursuz idi: Premyer Liqada üçüncü yer, ölkə kuboklarından tez ələnmə, Çempionlar Liqasında Bayer Leverkusen-ə yarımfinalda uduzmaq. Amma tribunalar Forlanı yenə sevirdi. Səbəb sadə idi: top onsuz olanda da yorulmadan qaçır, pressinq edir, komanda üçün işləyirdi.
2002 Dünya Çempionatında Uruqvay qrupdan çıxa bilmədi, amma Forlan Senegalə vurduğu fantastik voleylə turnirin ən yadda qalan qollarından birinə imza atdı. Özünə inamın bir parçasını orada geri aldı. Manchesterə qayıdanda isə tablo hələ də dəyişmirdi: əvəzləyici, qolsuz, gözləyən.
Britaniya mediası ona acımasız ləqəb yapışdırdı: “Forlorn” – ümidsiz, kədərli. 26 oyunda qol yox idi. 27-ci oyunda isə hər şey dəyişdi.
Penaltidən başlayan hekayə: “Old Trafford” nəfəsini saxlayanda
Çempionlar Liqasının Maccabi Haifa ilə ev oyununda United 4:1 öndə idi, Forlan saat tamam olmamış meydana daxil oldu. Yenə qaçdı, yenə çalışdı, yenə bir super epizodu göyə vurdu. Sanki eyni film, başqa gün.
88-ci dəqiqədə David Beckham penalti qazandı. Topu götürdü, vurmağa hazırlaşdı. Forlan isə yalvarırdı. Daxildəki çarəsizlik açıq-aşkar idi. Beckham kənara çəkildi. Tribunalar susdu. ITV şərhçisi Peter Drury-nin sözləri stadionun ab-havasını dəqiq təsvir edirdi: “Zəhmət olmasa… İçində bir az insanlıq olan hər kəs onun üçün ‘zəhmət olmasa’ deyər”.
Bədən dili əsəbi, zərbə isə soyuqqanlı: qapıçını aldadıb, topu küncə göndərdi. 5:2. Qolun özü yox, yükü ağır idi. Bütün komanda Forlanın üstünə qaçdı, “Old Trafford” rahat nəfəs aldı. Beckham oyundan sonra zarafatla dedi: “Əgər penaltini mən vursaydım, 67 min adam məndən nifrət edərdi. O bu qolu çoxdan haqq etmişdi”.
Ferguson da eyni xətti davam etdirdi: “Diego-nun hərəkəti birinci dərəcəlidir, bu qolu haqq edirdi… Ümid edirəm, indi açılacaq”. Forlan isə sakit idi. Onun üçün bu, başlanğıc nöqtəsi idi: “Premyer Liqa və fərqli mədəniyyətə uyğunlaşmalı idim… Təzyiq şəxsi idi, amma bilirdim ki, qollar gələcək”.
Gəldi də. Sadəcə dərhal yox.
9 aylıq gözləntidən sonra qoparılan köynək
Penaltidən sonra Forlan ardıcıl yeddi oyunda yenə susdu. Amma 26 oktyabr 2002-ci ildə Aston Villa ilə matçda ikinci dəfə Premyer Liqada start aldı. United 13 dəqiqə qalmış 0:1 geridə idi. Mikael Silvestre sol cinahdan, sanki heç bir təhlükə olmayan vəziyyətdə topu qaldırdı. Cərimə meydanında isə kimsənin qoruduğu olmayan bir adam vardı: Diego Forlan.
Möhtəşəm baş zərbəsi, top yuxarı küncə. Peter Enckelman hərəkətsiz qaldı. Forlan 9 aylıq gözləntini, 23 Premyer Liqa oyunu davam edən qolsuz seriyanı bir zərbə ilə qırdı. Və bu andan onun imzası yaranmağa başladı – köynəyi çıxarmaq. Emosiyanı hara yönəldəcəyini bilmirdi, ona görə də səhvən United azarkeşləri yox, Aston Villa sektoruna tərəf qaçdı. O qədər həyəcanlı idi ki, istiqaməti belə səhv saldı.
Bir həftə sonra Old Trafford-a bu dəfə Southampton gəldi. Forlan yenə ehtiyatda idi. 1:1, son beş dəqiqə. Juan Sebastian Veron mərkəzdə topu götürdü, 25 metr məsafədəki Forlanı gördü. İki toxunuş, sonra qəzəb dolu zərbə. Top Annti Niemi-nin qapısından ildırım sürəti ilə keçdi. Yenə köynək havada, yenə açıq sinə, bu dəfə isə daha gülməli epizod: Nike-in ikiqat forması ilə əlbəyaxa mübarizə.
Köynəyi geyinə bilmirdi. Oyun yenidən başlayanda, o hələ də formanın yarısını əlində tutmuşdu və topa girmək üçün qaçırdı. Sonra etiraf edəcəkdi: “Tələsəndə hər şey daha da çətinləşir. Yenə edərəmmi? Görərik, o an gələndə bilinəcək”.
Onun üçün o anlar tez-tez gəlirdi.
Anfield-də taleyi yazılan gün
Newcastle ilə 5:3-lük oyunda start aldı, Ruud van Nistelrooy-a iki qol ötürməsi verdi. Bir həftə sonra isə təqvim Liverpool – Manchester United klassikasını göstərirdi. Anfield. Qırmızılar, səs, gərginlik.
Təxminən 60 dəqiqəlik qarışıq, qopuq oyun. Hiss olunurdu ki, hesabı ya dahiyanə fərdi hərəkət, ya da kobud səhv açacaq. Səhv seçildi.
Jamie Carragher topu başla Jerzy Dudek-ə qaytardı. Sadə epizod olmalı idi. Amma top qapıçının ayaqlarının altından sürüşüb keçdi. Forlan ildırım sürəti ilə reaksiya verdi, topu boş qapıya ötürdü. Sevinclə köynəyinə əl atdı, çıxarmağa hazırlaşdı… sonra fikrini dəyişdi, yarıda saxladı. Öz-özünə gülməli, amma bir o qədər də yaddaqalan kadr.
Bu qol bəxtin payı idi. İkinci qol isə texnikanın. Cəmi üç dəqiqə sonra Ryan Giggs iki rəqibin arasından keçdi, topu cərimə meydançasının kənarında Forlana ötürdü. Uruqvaylı zərbəni Dudek-in yaxın küncünə elə sərt və dəqiq vurdu ki, qapıçı toxunsa da, dayandıra bilmədi. Bəli, Dudek daha yaxşı oynaya bilərdi, amma Forlanın icrası qüsursuz idi.
Sami Hyypia hesabı 2:1 etdi, son dəqiqələrdə Fabian Barthez Dietmar Hamann-ın zərbəsini möhtəşəm qurtarışla çıxardı. Amma günün qəhrəmanı artıq bəlli idi. Diego Forlan.
İllər sonra United-in klub kanalına danışanda Gary Neville-in sözlərini xatırlayacaqdı: “Gary mənə dedi: ‘Sən nə etdiyini bilmirsən. Səni illərlə xatırlayacaqlar’”. Elə də oldu.
United azarkeşləri onun üçün Dean Martin-in “Volare” mahnısının motivinə xüsusi şeir yazdılar: “Diego, whoooah, Diego, whoooah, He came from Uruguay, and made the Scousers cry”. Bu nəqarət tribunaların daimi sədasına çevrildi. Hətta 2017-ci ildə Sunderland-lə oyunda belə oxundu və Jose Mourinho başını qaldırıb təəccüblə ətrafa baxdı – meydanda olmayan bir futbolçunun adı niyə səslənir?
Forlan illər sonra “GQ”ya deyəcəkdi: “Hər dəfə eşidəndə tüklərim biz-biz olur. Mən Ryan Giggs, Paul Scholes və ya başqa United əfsanəsi deyiləm. Anfield-də qol vuran yeganə oyunçu da deyiləm. Buna baxmayaraq xatırlanmaq imtiyazdır. O oyuna qədər o qədər az oynayırdım ki, özümü hətta ‘həqiqi futbolçu’ kimi hiss etmirdim”.
Dekabrın qızıl seriyası və son dəqiqəlik Chelsea zərbəsi
Liverpool-dakı dubldan sonra Forlan dekabr ayını da unudulmaz etdi. League Cup-da Burnley-ə qarşı 2:0-lıq qələbədə soyuqqanlı zərbə ilə fərqləndi. Eyni turnirin 1/4 finalında Chelsea-yə qarşı Carlo Cudicini-nin ayaqlarının arasından keçən qol oyunun yeganə qolu oldu.
Ayın sonuna yaxın Birmingham City-yə qarşı 2:0 hesablı qələbədə Beckham-ın başla geriyə endirdiyi topu yarımvoleylə qapıya sancdı. Mövsüm ərzində Premyer Liqada cəmi bir dəfə start almışdı, amma hər dəfə səhnəyə çıxanda xatırlanacaq bir şey qoyurdu.
18 yanvar 2003-cü ildə Chelsea yenə Old Trafford-da idi. Arsenal günün əvvəlində West Ham-i məğlub etmiş, zirvədəki fərqi beş xala qaldırmışdı. Chelsea isə daha üç xal geridə – üçüncü yerdə. İlk hissədə oyuna onlar nəzarət edirdi. 30-cu dəqiqədə Eidur Gudjohnsen hesabı açdı. Cudicini fasiləyə qədər demək olar ki, səhvsiz idi, ta ki, sürüşüb topu Beckham-ın ayağına atana qədər. Beckham mərkəzə qaldırdı, Paul Scholes hesabı bərabərləşdirdi.
İkinci hissədə United tempi artırdı, Cudicini isə qəhrəman rejiminə keçdi. Van Nistelrooy-un demək olar ki, qəti qolunu möcüzəvi şəkildə küncə çıxardı. Chelsea dirəndi. Ta ki, 90+3-cü dəqiqəyə qədər.
Van Nistelrooy-un əvəzinə oyuna daxil olan Forlan Veron-un cərimə meydançasına göndərdiyi zərif ötürmənin arasına sızdı. Sol ayağının bir zərbəsi ilə topu uzaq küncə yerləşdirdi. Old Trafford partladı. Bu dəfə köynək bir an belə tərəddüd etmədən havaya uçdu.
Ferguson oyundan sonra dedi: “Ona görə son 20 dəqiqələrdə daim meydana atırıq. Bu il çox vacib futbolçuya çevrilib, vacib qollar vurur”. Mövsümün sonunda Premyer Liqa kuboku yenidən Manchester-ə qayıdanda Forlan da sevincin ortasındaydı. 25 oyunda 6 qol, 2 qol ötürməsi – kağız üzərində orta göstərici. Amma bu 25 oyundan cəmi 7-də start aldığını xatırlayanda, bu rəqəmlərin arxasındakı təsir daha aydın görünür.
Gözəl qollar, ağır “boşa vuruşlar” və son qarşıdurma
Forlanın taleyində United-də uzunmüddətli superulduz olmaq yazılmamışdı. 2003-04 mövsümü öncəsi Juventus-la yoldaşlıq oyununda altımetrlikdən boş qapıya topu yandan vurması “əsrin qaçırılan qolu” kimi lağ mövzusuna çevrildi. Sanki mövsümün tonunu həmin epizod təyin etdi.
Ferguson taktikanı dəyişdi, tək hücumçu sistemi Ruud van Nistelrooy-u daha da toxunulmaz etdi. Forlan üçün yer daha da daraldı. Buna baxmayaraq, parlaq anları yenə vardı: Çempionlar Liqasında Rangers-ə qarşı gözəl voleylə vurulan qol, Panathinaikos səfərində komandanı növbəti mərhələyə daşıyan qələbə topu, Aston Villa-ya qarşı 4:0-lıq oyunda ehtiyatdan gəlib dubl etmək. FA Cup-da Northampton-a qarşı 3:0-lıq qələbədə də yolüstü bir qol vurdu və mövsümün sonunda kubok medalı qazandı.
Amma səhvlər, qaçan epizodlar çox idi. Northampton-a qarşı penaltiyi boşa verməsi, start aldığı nadir matçlarda oyuna tam otura bilməməsi, Leicester-ə qarşı xüsusilə zəif çıxışdan sonra 57-ci dəqiqədə əvəzlənib əsəbi halda birbaşa tunelə getməyə cəhd etməsi – bunların hamısı yükü artırırdı.
Yanvar 2004-də Louis Saha, yayda isə Wayne Rooney gəldi. Rəqabət qəfil deyil, amansız oldu. 2004-05 mövsümünün açılış turunda Chelsea səfərində Forlan cəmi 17 dəqiqə oynadı, amma taleyini həll edən hadisə də orada baş verdi. Oyun öncəsi Ferguson ondan yaş torpaq üçün uzun dişli butsi geyinməsini istədi. Forlan özünü qısa dişlilərdə daha rahat hiss edirdi. Razılaşdı, amma dəyişmədi. Və təkbətək vəziyyətdə sürüşüb epizodu məhv etdi.
Sonrasını özü belə danışır: “Meydandan çıxan kimi butsiləri dəyişmək üçün qaçdım, amma Ferguson məni tutdu. Butsiləri götürüb atdı. Bu, United-də son oyunum oldu”.
Bir neçə gün sonra 2 milyon funt qarşılığında Villarreal-a keçdi. “Old Trafford”dan “uğursuz transfer” damğası ilə ayrıldı. Amma Ferguson öz kitabında ona qarşı ədalətli oldu. Dedi ki, Ruud-un “təkadamlıq” xarakteri Forlan-ın ziyanına işləyib: “Ruud hər zaman bir nömrəli bitirici olmaq istəyirdi. Bu, onun təbiəti idi. Diego Forlan onun radarında belə deyildi, ona görə də ikisini birlikdə oynadanda sıfır kimya alınırdı. Diego tərəfdaşla daha yaxşı idi… Amma bizə bir neçə qiymətsiz qol qazandırdı. Yaxşı futbolçu və əla peşəkar idi”.
Villarreal, Atletico, Uruqvay – və geriyə baxanda görünən Manchester kölgəsi
Villarreal-da Forlan tam başqa adam oldu. Artıq ikinci, üçüncü seçim deyildi, bir nömrəli hücumçu idi. Atletico Madrid-də Sergio Aguero ilə ölümcül tandem qurdu. Uruqvay millisində Luis Suarez və Edinson Cavani ilə sanki telepatik anlaşma ilə oynadı. Ferguson-un “tərəfdaşla daha yaxşıdır” diaqnozu hər addımda təsdiqləndi.
United azarkeşləri isə heç vaxt onun “tam versiyasını” görmədi. Amma bu, sevgini azaltmadı. Əksinə. Roy Keane 2023-cü ildə “Daily Mirror”a danışanda belə deyirdi: “Diego Forlan gəldi, işlər onun üçün alınmırdı. Amma o çalışırdı. Əgər futbolçu çalışırdısa – və Diego çalışırdı – biz onu özümüzlə aparırdıq, kömək edirdik”.
Bəzən futbol romantikası statistikadan yox, inadkarlıqdan ölçülür. Forlan-ın United hekayəsi rəqəmlərlə deyil, anlarla yazılıb: Anfield-dəki dubllə, Chelsea-yə 90+3-də vurulan qolla, köynəksiz qaçışlarla, hər dəfə qapı arxaya keçəndə təslim olmaması ilə.
O, həqiqətən “Scousers”i ağlatdı. Amma “Old Trafford”da onu sevdirən əsas səbəb başqa idi: hər dəfə meydana çıxanda loqonun uğruna sonadək mübarizə aparması. Bugünkü United-də bəlkə də ən çox çatışmayan məhz bu cür xarakterdir. Bəlkə də ona görə tribunalar hələ də bəzən həmin nəqarəti oxuyur: “Diego, whoooah…”. Çünki bəzən bir klubun ruhunu ən çox statistikası zəif, amma ürəyi böyük futbolçu izah edir.



