Caspian Sport

Diomande: Fırtına və xaosun memarı

İspaniyanın "Marca" qəzeti Diomande-ni analiz edərkən bir məqamı dərhal ayırd edir: bu futbolçu Vinicius tipli, topu sakitcə saxlayıb xətləri bir-birinə bağlayan klassik vinger deyil. Onu müəyyən edən tam başqa şeydir – şaquli zərbə effekti.

İvoriyalı kəskin oynayır, toxunuşu dəqiqdir, sürətlənməsi isə ildırım kimidir. Son dünya çempionatında 34,7 km/saat sürətə qalxıb. Bu rəqəm hələ də "Real Madrid"in fransız ulduzu Kylian Mbappe-nin 37,6 km/saatlıq göstəricisindən geri qalsa da, Diomande-nin oyunun ritmini necə partlatdığını anlamaq üçün kifayətdir.

Driblinq də onun əsas silahlarından biridir. Keçən mövsüm Bundesliqada 213 cəhddən 118 uğurlu driblinq – bu, liqanın ikinci ən yaxşı driblinqçisi Michael Olise-nin (149-dan 65) göstəricisindən demək olar ki, iki dəfə çoxdur. Rəqəmlər təkcə texnikanı yox, cəsarəti də göstərir.

Sağ cinah: güc, temp, risk

Diomande-ni Vinicius-dan ayıran əsas fərq isə çoxşaxəliliyidir. Təbii olaraq sağ cinah oyunçusu olsa da, hər iki kənarda özünü rahat hiss edir. Lakin keçən mövsüm "Leipzig"də sağda 1 591, solda isə cəmi 478 dəqiqə meydanda olub. "Marca" bu iki roldakı çıxışını müqayisə edərək onun harada daha parlaq göründüyünü xırdalayıb.

Sağ cinahda o, adətən topu ayağına geniş zonada, xətdə qəbul edir, cərimə meydanına paralel qaçmaq əvəzinə vəziyyəti oxumağa üstünlük verir. Topu götürür, rəqibini özünə çəkir, meydanı süzür, əmin deyilsə, epizodu yenidən qurur. Daha ehtiyatlı, amma planlı.

Təbii ayağı ilə oynayanda əsas məqsədi cinahda boşluq tapmaq, son xəttə enmək və topu geri ötürməkdir. Dayanmış vəziyyətdə də, hərəkətdə də rəqiblərini çox vaxt driblinqlə yox, fiziki güc, partlayıcı dinamika və temp dəyişimi ilə keçir.

Mərkəzə diaqonal qaçışları isə təbii solaxay oyunçu – məsələn, Olise – qədər incə deyil. Bu da normaldır. Sol ayağı hələ ki, daha çox alətdir, silah yox. Baxmayaraq ki, ötən mövsüm cərimə meydançasının kənarında topu son anda sola çəkib vurduğu bir neçə qol da var. Amma ümumilikdə sol ayağını daha çox uzun, dolama qaçışlarda rəqibi keçmək üçün istifadə edir.

Məhz bu qaçışlarda onun qorxulu gücü üzə çıxır. Mərkəzə ideal hərəkət trayektoriyasını hələ tam mənimsəməsə də, dərin müdafiə qarşısında özünə başqa "qaçış zolağı" tapıb: rəqibi çölə dartmaq, sonra isə qarşı cəbhəyə və ya zəif tərəfə ötürmə ilə hücum qurmaq.

Statistika bunu təsdiqləyir. Sağ cinahda o, 90 dəqiqəyə daha çox qol imkanı yaradır. Daha çox driblinq edir (4,41-ə qarşı 3,23), daha çox kross göndərir (0,91-ə qarşı 0,67), cərimə meydançasına daha çox ötürmə edir (2,21-ə qarşı 1,48). Zərbə sayı da yüksəkdir (1,7-yə qarşı 1,48), gözlənilən qollar (xG) da (0,21-ə qarşı 0,16). Amma riskin bədəli var – top itkisi də artır (2,21-ə qarşı 1,48).

Bu, klassik sağ cinah portretidir: rəqibi üz-üzə götür, təkrar-təkrar sına, kənardan meydanı "bombala".

Sol cinah: xaosun memarı

Solda isə başqa Diomande görünür. Orada daha cəsarətli, daha sərbəstdir – üstəlik zəif ayağı ilə oynasa da. Topu yenə geniş zonada qəbul edir, amma daha az. Bu da rəqəmlərdə əks olunur: rəqib cərimə meydançasında toxunuşları sağdan daha çoxdur – 7,8-ə qarşı 6,51.

Sol cinahda onu artıq xətdə aşağı-yuxarı qaçan klassik vinger kimi görmürük. Rəqibi güc hesabına keçmək də əsas plan olmur. Sağ ayağı ona içəriyə kəsmək, zərbə vurmaq və ya ötürmə etmək imkanı verir. Bu da oyunu birbaşa oynamaq üçün özünəinam qazandırır. Driblinqə girməyə tərəddüd etmir, riskdən çəkinmir.

İki göstərici xüsusilə gözə dəyir: solda həm gözlənilən qolları (1,17-yə qarşı 0,84), həm də gözlənilən asistləri (0,43-ə qarşı 0,21) yüksəlib. Yəni sağ cinahda daha çox fürsət "istehsal edirsə", solda artıq özü oyunu formalaşdıran, xaos yaradan fiqura çevrilir.

Oyun vaxtı az olsa da, solda bir obraz təkrar-təkrar ortaya çıxır: topdan uzaq boş zonaların istismarı. Diomande zərurəti üstünlüyə çevirib. Çox vaxt sıx zonada, qapıya arxası dönük top alır və ya faul həddində dayandırılır. O isə bunu tez bir toxunuşla, komanda yoldaşı ilə divar ötürməsi oynayıb, sonra boşluğa partlayıcı qaçışla sındırır. Sürəti və qarşısında açılan boşluq birləşəndə onu saxlamaq demək olar ki, mümkünsüz olur.

Müdafiə işi və keçidlər: yorulmaz təqibçi

Diomande sağda da, solda da top itirilən kimi eyni oyunçudur. Onu fərqləndirən enerji və itirilən topdan sonrakı pressinqin effektivliyidir.

Təsadüfi deyil ki, Bundesliqada ən azı 1000 dəqiqə oynayan hücumçular arasında top qazanma sayına görə birincidir – 148 dəfə. Pas araya girib kəsmədə ikinci, uğurlu təkbətək müdaxilələrdə isə dördüncüdür (19). Bu, yalnız hücumçu yox, həm də ilk müdafiə xətti rolunu daşıyan futbolçunun portretidir.

Standart vəziyyətlərdə daha çox reaktiv rol götürür, mövqeyini qoruyur. Amma top qazanılan kimi bir an içində hərəkətə keçir.

Əks-hücumlarda çox vaxt mərkəzi zona tutur və xüsusən də topdan kənar qaçışlarla, arxa xəttin arxasına sızanda driblinqi ölümcül silaha çevrilir. Sürət, istiqamət dəyişimi, boşluğa hücum – klassik tranzit silsiləsi.

Bir vaxtlar José Mourinho-nun ilk dönəmində "Real Madrid" üçün əks-hücumlar imza silah idi. Cristiano Ronaldo və Di María boşluqlara hücum edərək rəqibləri cəzalandırırdı. İndi Diomande həmin boşluqlara qaçmaq üçün bütün alətlərə sahib görünür.

Sual təkcə budur: bu qaçışları "Santiago Bernabéu"da sağ cinahdanmı edəcək, yoxsa soldan içəri kəsərək yeni bir xaos mərkəzinəmi çevriləcək?