Milwaukee Bucks-un 2025-26 mövsümü sakit başlamalı idi. Altdan-altdan isə klubun bütün gələcəyini silkələyən bir sual dolaşırdı: Giannis Antetokounmpo bu komandanın gələcəyini hələ də özündə görürmü?
Cavab artıq aylar öncədən pisləşməyə başlamışdı. ESPN-də Shams Charania-nın məlumatına görə, Antetokounmpo heyətin quruluşu ilə bağlı “ciddi şübhə və narahatlıqlarını” rəhbərliyə açıq şəkildə çatdırmışdı. Söhbət ani emosiyadan yox, illərlə yığılan gərginlikdən gedirdi.
Bucks illərdir “indi qazanmaq” üçün hər şeyi masaya qoymuşdu. Jrue Holiday, sonra Damian Lillard üçün edilən böyük treydlər, ard-arda göndərilən birinci raund seçimləri, itirilən elastiklik. Nəticə? Üç mövsümdür dalbadal birinci raundda ələnən komanda və özünü divara dirənmiş kimi hiss edən ikiqat MVP.
Antetokounmpo kulis arxasında açıq mesaj vermişdi: bəlkə də yolları ayırmağın vaxtı çatıb. ESPN-ə danışan bir mənbə bunu belə ifadə edib: “Giannis hər şeyi peşəkarcasına, komanda ilə tam səmimi şəkildə həll etmək istəyib… Bu hekayə xoş sonlu ola bilərdi, indi isə çirkin bir ayrılığa çevrilə bilər.”
Bu gərginlik, liqanı kökündən dəyişə biləcək ssenarini masaya gətirdi.
Miami Heat ssenarisi: demək olar ki, baş tutan zəlzələ
Yanvarın son günlərində Antetokounmpo və nümayəndələri klubun sahibləri Jimmy Haslam və Wes Edens-lə görüşdü. Söhbətin mərkəzində əvvəlcədən formalaşmış prinsip dayanırdı: əgər vaxtı gəlsə, tərəflər mümkün treyd üzərində birlikdə işləyəcək.
Fevralın 5-i treyd “deadline”ına doğru saatlar azaldıqca, Milwaukee ilə bir neçə klub arasında danışıqlar intensivləşdi. Minnesota Timberwolves, Golden State Warriors – adlar böyük idi, maraq real idi. Amma ən ciddi təklif bir komandadan gəldi: Miami Heat.
Miami-nin paketi Tyler Herro, gənc uzun Kel’el Ware, əlavə oyunçular və bir neçə seçim və seçim haqlarından ibarət idi. ESPN-in məlumatına görə, Bucks bu təklifi masa üzərində real variant kimi dəyərləndirdi, hətta 4 fevralda irəli getməyi ciddi şəkildə düşünüb.
Baş menecer Jon Horst-un rəhbərlik etdiyi ofis standartı çox yüksək qoymuşdu. Hədəf aydın idi: elit gənc istedad + ciddi həcmdə draft kapitalı. Liqa üzrə başqa danışıqlarda Evan Mobley və VJ Edgecombe kimi adların tələb olunması da Milwaukee-nin nə qədər böyük dönüş paketi istədiyini göstərirdi.
Təzyiq artırdı. Vaxt daralırdı. Maraqlı tərəflər əsəbləşməyə başlayırdı. Bəzi komandalar Bucks-ın cavab verməkdə ləngidiyini düşünürdü, digərləri isə tələb olunan paketləri həddən artıq ağır sayırdı.
Sonda qərarı sahiblər verdi. Fevralın 5-i səhər saatlarında Milwaukee, Miami-yə treydi həyata keçirməyəcəyini rəsmən bildirdi. Liqa sarsıla bilərdi, amma zəlzələ son anda dayandı.
Giannis komandada qaldı. Hekayə isə rahatlanmadı, əksinə daha da gərginləşdi.
Qalmaq, amma necə qalmaq?
Treydin baş tutmaması problemi kökündən həll etmədi. ESPN-in yazdığına görə, klub daxilində ab-hava ağırlaşıb. Bir komanda mənbəyi vəziyyəti kəskin şəkildə belə təsvir edib: “Məsələnin mərkəzində bu hiss dayanır: elə bil Giannis hər gün burada olmaq istəmir.”
Antetokounmpo “deadline” ətrafında baldır zədəsi səbəbilə 15 oyunu buraxdı. Amma oynaya biləcək vəziyyətə çatan kimi geri dönmək istədi. Özünü kənara çəkib mövsümü bağlamaq yox, Horst və baş məşqçi Doc Rivers-lə eyni xəttə keçib qələbələr üçün mübarizə aparmaq yolunu seçdi.
Bu iradə belə, Milwaukee-ni xilas etmədi. Komanda meydanda kim olduğunu tapmaqda çətinlik çəkirdi. İdman direktoru kabinetdə, məşqçi ştabı “locker room”da, ulduz oyunçu isə hər gün parketdə eyni sualla üz-üzə idi: bu layihənin istiqaməti hara doğrudur?
Doc Rivers üçün də saat işləyir
Qeyri-müəyyənlik yalnız Antetokounmpo ilə məhdudlaşmır. Marc Stein-in məlumatına görə, klub daxilində Doc Rivers-lə yolların ayrılması və ya rolunun yenidən qurulması ehtimalı ilə bağlı “gözlənti” formalaşıb. Yəni heç kim yüksək səslə deməsə də, dəyişiklik havası dolaşır.
Rivers – 2026 Basketball Hall of Fame sinfinə yeni seçilmiş, təcrübəsi ilə tanınan məşqçi – Milwaukee-də çətin, dalğalı bir dövrü idarə edib. Amma sual budur: bu komandanın uzunmüddətli memarı o olacaq, yoxsa missiyasını tamamlayıb kənara çəkiləcək?
Bu suala cavab, Giannis-in gələcəyi ilə birbaşa bağlıdır.
Ya maksimum uzatma, ya da treyd
Wes Edens artıq oyunun qaydalarını açıq şəkildə elan edib: Antetokounmpo ya uzatma imzalayacaq, ya da treyd olunacaq. Aralıq zona yoxdur.
İkiqat MVP oktyabrda dörd illik, təxminən 275 milyon dollarlıq supermaks uzatmaya imza ata bilər. Rəqəmin böyüklüyü, məsuliyyətin ağırlığını azaldan deyil, artıran amildir. Çünki puldan daha vacib sual ortadadır: Giannis bu layihəyə yenidən ürəkdən inanırmı?
Hal-hazırda Bucks-ın Miami təklifini rədd etməsi yalnız qaçılmaz görünən qərarı bir qədər sonraya atıb. Yay yaxınlaşdıqca treyd marağının yenidən alovlanacağı gözlənilir. Timberwolves, Warriors, Heat – adlar dəyişə bilər, amma növbəyə duracaq klubların siyahısı qısa olmayacaq.
Milwaukee üçün isə bu yay sadəcə transfer pəncərəsi deyil. Bu, klubun növbəti on ilini müəyyən edəcək qərarların mövsümüdür. Antetokounmpo üçün də eyni dərəcədə həlledicidir: o, karyerasının qalan hissəsini burada yenidən quracaq, yoxsa başqa bir şəhərdə, başqa bir rəngdə özünü yenidən kəşf edəcək?
Cavab hələ yoxdur. Amma bir şey artıq aydındır: növbəti dəfə Giannis-in adı treyd danışıqlarında bu qədər ciddi şəkildə çəkilərsə, bu dəfə telefonun o başında “yox” deyil, “razıyıq” cavabı gələ bilər.





