Caspian Sport

Hakimlik fırtınası: Carrick-in VAR və qırmızı vərəqə qəzəbi

Matç bitdi, amma Michael Carrick-in əsəbi soyumadı. United baş məşqçisi üçün gecənin söhbəti nə taktika, nə də ritm idi. Hər şey iki epizodun ətrafında fırlanırdı – biri qol öncəsi, digəri isə Lisandro Martinez-in qırmızı vərəqəsi.

Carrick ilk növbədə Leny Yoro üzərindəki epizodu önə çəkdi. Onun fikrincə, Leeds-in açılış qolundan əvvəl Yoro-nun başının arxasına dəyən dirsək zərbəsi açıq qayda pozuntusu idi və oyunun axarını dəyişdi. Hakimlər isə susdu.

“Biz oyuna xüsusilə yaxşı başlamadıq. Aydındır ki, Leny Yoro başının arxasına dirsək zərbəsi alır və onlar ilk qolu vururlar. Bu qərarı ləğv etməməyi seçdilər. Bu, oyunda böyük məqam idi,” – Carrick mətçsonrası açıqlamasında vurğuladı.

Komanda ilk hissədə ritm tapa bilmədi, hücumlar parça-parça qaldı, bəzi epizodlar alındı, amma ümumi axıcılıq yox idi. Sanki meydanda hər şey yarımçıq idi.

İkinci Hissə

İkinci hissə isə başqa hava ilə başladı. Carrick-in dediyinə görə, komanda fasilədən sonra daha pozitiv, daha aqressiv və oyuna qayıtmaq istəyilə döndü. Tam da bu anda, gərginliyi partladan epizod gəldi.

Martinez üçün kabusa çevrilən dönüş

İki aylıq zədə fasiləsindən sonra meydana qayıdan Lisandro Martinez üçün bu oyun yeni başlanğıc olmalı idi. Əvəzində isə gecənin ən çox müzakirə olunan anı və qırmızı vərəqə ilə yadda qaldı.

Dominic Calvert-Lewin ilə mübarizə zamanı baş verən epizod əvvəlcə adi ikili mübarizə kimi göründü. VAR müdaxiləsindən sonra isə hər şey dəyişdi: hakimin qərarı – birbaşa qırmızı.

Carrick bu anı “şok” kimi təsvir etdi və hər cümləsində qəzəbini gizlətmədi. Onun arqumenti sadə idi: nə niyyət, nə də hərəkətin özü birbaşa qırmızı vərəqəyə uyğun deyildi.

O, vəziyyəti daha detallı izah edərkən belə danışdı: “Birinci qolda Leny Yoro-ya dirsəklə zərbə endirə bilərsən, qol sayılır. Martinez-in üzünə qolunu ata bilərlər, o, tarazlığını itirir, yarı qapışma, yarı mübarizə vəziyyətində sadəcə saçının arxasına toxunur və nəticədə tükü saxlayan rezin çıxır. Bunun necə göründüyünü belə bilmirəm. Bu nə dartmadır, nə çəkmədir, nə də aqressiv hərəkət. Sadəcə toxunur və meydandan qovulur.”

Ən çox onu yandıran məqam isə VAR-ın müdaxiləsi idi. Carrick hesab edir ki, burada “aşkar və kobud səhv” anlayışı tamamilə tərsinə işlədilib: “Ən pisi odur ki, qərarı dəyişmək üçün monitora çağırılır. Guya açıq-aşkar səhv. Şokdur.”

İki oyundur eyni ssenari

Carrick-in tonunu daha da sərtləşdirən başqa detal var idi: bu, onun fikrincə, təkcə bu oyuna aid hadisə deyil. Baş məşqçi son iki qarşılaşmada komandasının eyni tipli qərarlarla zərər çəkdiyini düşünür və Martinez epizodunu isə “gördüyüm ən pis qərarlardan biri” kimi dəyərləndirir.

United meydanda bəlkə də daha yaxşı oynaya bilərdi, ilk hissədə ritm tapa bilmədi, amma baş məşqçinin baxış bucağından nəticəni müəyyən edən əsas faktor hakimlik idi. Və bu dəfə söhbət sadəcə bir sərt fauldan yox, oyunun axarını, psixologiyasını və geri dönüş şansını dəyişən qərarlardan gedirdi.

Bu gecənin ardından bir sual havada qalır: United bu mövsüm rəqiblərlə mübarizə aparır, yoxsa əvvəlcə VAR-la?