Juventus Alisson üçün plan qurur: Di Gregorio kartı masada
Turində yay pəncərəsi hələ açılmayıb, amma Juventus artıq böyük zərbəyə hazırlaşır. Hədəf aydındır: Liverpool-un illərin dirəyi olan Alisson Becker.
“Qırmızılar”da yay inqilabı başlayıb. Klub artıq rəsmi şəkildə təsdiqləyib ki, hücumun siması sayılan Mohamed Salah və uzun illərin sol cinah müdafiəçisi Andrew Robertson mayda azad agent kimi Anfield-dən ayrılacaq. İndi isə növbə qapı xəttinə çata bilər. Alisson-un gedişi ehtimaldan real ssenariyə çevrilir.
Turin planı: Di Gregorio kartı masaya qoyulur
İtaliyalı jurnalist Romeo Agresti-nin juvefcdotcom vasitəsilə yaydığı məlumata görə, Juventus-un Alisson marağı birbaşa Michele Di Gregorio-nun taleyinə toxunur. Cəmi bir tam mövsüm əvvəl Monza-dan tam transfer edilən 28 yaşlı qapıçı üçün bu, Turində əsas heyət macərasının sonu ola bilər.
Di Gregorio bəzən parlaq reaksiyalar, bəzən də inamlı çıxışlarla özünü göstərib. Amma Luciano Spalletti-ni uzunmüddətli həll olduğuna inandıra bilməyib. Nəticə? Juventus onu danışıqlarda “fiş” kimi istifadə etməyin yollarını axtarır.
Plan sadədir: Di Gregorio-nu Alisson transferinə daxil edib, Liverpool-un tələb etdiyi məbləği aşağı salmaq. Bu model İngiltərə klubu üçün də tamamilə mənasız görünmür. Çünki italiyalı qapıçı növbəti mövsüm Giorgi Mamardaşvili üçün həm təcrübəli ehtiyat, həm də real rəqib rolunu oynaya bilər.
Amma bütün bu sxem kağız üzərindədir. Hər şey bir şərtdən asılıdır: Alisson illik maaşında müəyyən azalmaya razılıq verəcəkmi?
Liverpool üçün çətin sual: Alisson-la yolları ayırmağın vaxtıdır?
Alisson Liverpool tarixinin qızıl səhifələrində artıq yerini tutub. İki Premyer Liqa çempionluğu, 2019-cu ilin Çempionlar Liqası zəfəri – bunların hamısında braziliyalı qapıçının payı danılmazdır. Lakin bəzən rəqəmlər emosiyalardan daha sərt danışır.
Debüt mövsümündə 51 oyun. Ardınca 2020-21-də 42, 2021-22-də 54, ondan sonrakı mövsümdə 47 matç. Son üç ildə isə kəskin düşüş. 2023-24-də cəmi 32, 2024-25-də 35 və cari mövsümdə yenə 35 oyun ətrafında. 33 yaşlı qapıçının davamlı zədələri artıq ciddi siqnala çevrilib.
Liverpool rəhbərliyi üçün seçim aydındır, amma asan deyil: keçmişə bağlılıq, yoxsa gələcəyin planı? Mamardaşviliyə İngiltərə futboluna uyğunlaşmaq üçün bir il verildi. Yayda “bandaşı birdəfəlik qoparmağın” məhz indi doğru an olduğuna qərar verə bilərlər.
Juventus isə gözləmək niyyətində deyil. Onlar artıq Alisson üçün qapını açıb, Di Gregorio-nu da o qapının açarına çevirmək istəyir. İndi hamı bir suala cavab axtarır: Liverpool-un uzun illərin dirəyi olan qapıçı ilə yolları ayrılırsa, bu, yeni eraya sakit keçid olacaq, yoxsa Anfield-də növbəti böyük silkələnmənin başlanğıcı?




