Caspian Sport

Liverpool-un Çempionlar Liqasındakı möcüzəsi baş vermədi

Anfield möcüzəsi bu dəfə baş vermədi. Liverpool Çempionlar Liqasına, Paris Saint-Germain qarşısında iki oyunun yekununda 0:4 hesablı ağır məğlubiyyətlə vida etdi.

Mersisayd axşamı ümidlə başladı, soyuq reallıqla bitdi.

Ümid dalğası və kəsilən nəfəs

Parc des Princes-dəki zəif çıxışdan sonra Arne Slot-un komandası cavab oyunu üçün seçim qarşısında deyildi – ya səviyyəni qaldıracaqdılar, ya da turnirlə vidalaşacaqdılar. İlk 45 dəqiqədə bu dəfə meydanda daha diri, daha aqressiv Liverpool var idi.

Hava və meydançanın sürüşkənliyi hər iki tərəfi çətin vəziyyətdə qoydu, top tez-tez nəzarətdən çıxır, hücumlar yarımçıq kəsilirdi. PSG bir neçə dəfə ümidverici vəziyyətə girsə də, son qərarlarda səhlənkarlıq etdi. Liverpool isə topu qazanandan sonra keçid hücumlarında eyni dərəcədə səliqəsiz idi.

Birinci hissə zədələr və fasilələrlə parça-parça oldu. Hugo Ekitiké-nin Axilles nahiyəsindən aldığı ciddi görkəmli zədə ritmi tam pozdu, oyunun havası dəyişdi. Anfield sanki nəfəsini içinə çəkib gözləyirdi.

Fasilədən sonra isə başqa Liverpool gördük. Slot-un komandası meydançaya elə çıxdı ki, sanki hələ də bu duelin taleyinə qərar verə biləcəyinə inanırdı.

Nuno Mendes-in əvəzlənməsi qonaqları açıq şəkildə zəiflətdi. PSG cinahda balansı itirdi, Liverpool isə qoxunu aldı – qanın qoxusunu.

Dalğa-dalğa hücumlar, tribunalardan yüksələn gurultu, hər uğurlu pressinqdən sonra daha da böyüyən inam. Anfield bir anlıq köhnə günlərinə qayıtdı.

Amma qapıda bir divar vardı: Matvey Safonov.

Rus qapıçı Liverpool-un təzyiqini bir-bir boğdu, həm uzaqdan zərbələrdə, həm də yaxın məsafələrdə möhtəşəm mövqe seçimi ilə fərqləndi. Liverpool isə qapı qarşısında soyuqqanlılıq tapmadı – çox toxunuş, az dəqiqlik.

Dəyişən an: VAR, penalti və Dembélé-nin zərbəsi

Alexis Mac Allister üçün mövsümün simvolik anı bəlkə də bu idi. Arne Slot onu mərkəzdən bir az irəli çəkərək zəif bərpa qaçışlarını gizlətməyə çalışdı. İlk hissədə oyundan kənar, kölgə kimi gəzən argentinalı ikinci hissədə nəhayət cərimə meydançasına yaxın zonalarda təhlükə yaratmağa başladı və penalti qazandı.

Anfield partladı. Qısa müddətlik də olsa, inam pik həddə qalxdı.

VAR isə hər şeyi söndürdü. Epizod yenidən izlənildi və qərar haqlı olaraq ləğv edildi. Penalti yoxdur.

Bu an oyunun emosional oxunu dəyişdi. Liverpool təzyiqi davam etdirdi, amma psixoloji üstünlük sürüşməyə başladı. PSG isə artıq açıq-aşkar kontr-hücum futboluna çəkilmişdi – onlara sadəcə bir an, bir zərbə lazım idi.

Keçən həftəki israfçılığı Liverpool-u ümid içində saxlayan Ousmane Dembélé bu dəfə amansız idi. Anfield-də oyunun əvvəlində böyük bir şansı yandıran Fransa ulduzu, ikinci hissədə uzaqdan vurduğu dəqiq, küncə yönəlmiş zərbə ilə Giorgi Mamardashvilini məyus etdi.

Bu, Ballon d’Or sahibi üçün xəbərdarlıq yox, hökm idi.

Top toru silkələyən kimi Anfield-in havası dəyişdi. Kop tribunasında səs düşdü. Liverpool-un yığdığı bütün moment, bütün enerji bir anda havaya sovruldu.

Buradan sonra artıq möcüzə söhbəti bitdi. Qalan dəqiqələr formalılıqdan o tərəfə keçmədi.

Fərdlərin axşamı: kim ayaqda qaldı, kim yıxıldı?

Mərkəzdəki iki dirək – Virgil van Dijk və Ibrahima Konaté – Liverpool-un ümidsizliyini müəyyən qədər gecikdirən əsas fiqurlar idi. Konaté-nin bəzi mövqe səhvlərinə baxmayaraq, aqressivliyi PSG hücumlarını tez-tez mənbəyində boğmağa kömək etdi. Van Dijk bu dəfə ilk oyundan fərqli olaraq daha hakim, daha sərt idi. Arxa xəttin bu səviyyədə oynaması sayəsində Liverpool ikinci hissədə rəqib meydanında uzun müddət qala bildi.

Cinahda Milos Kerkez yorulmaq bilməyən qaçışları, arxa dirəkdə yaratdığı təhlükə ilə seçildi. İki dəfə Achraf Hakimi-nin arxasında boşluğa sızdı, amma hər iki epizodda qərar verməkdə gecikdi. Bu cür oyunlarda fərqi yaradan məhz həmin yarım saniyələrdir.

Ryan Gravenberch fasilədən sonra komandanın ritmini qaldıran əsas oyunçulardan biri oldu. Uzaq məsafədən iki dəfə qola yaxınlaşdı, topu irəli daşıdı, risk aldı. Dominik Szoboszlai də məsuliyyət götürməyə çalışdı, amma həlledici toxunuş, o “bir an” çatmadı.

Alexis Mac Allister isə yenə kölgədə qaldı. Son illərin ağır təqvimi onu açıq-aşkar yeyib. Topla yubanma, geriyə qaçışlarda gecikmə, lazımsız sarı vərəqə – argentinalının oyunu bu mövsüm niyə alınmadığının xülasəsi kimi idi.

Hücum xəttində isə planlar tez pozuldu. Hugo Ekitiké oyuna yaxşı başlamışdı, amma zədəsi hər şeyi alt-üst etdi. Alexander Isak ilk startında oyuna ciddi təsir göstərə bilmədi və planlaşdırıldığı kimi fasilədə meydanı tərk etdi.

Məhz bu anda Mohamed Salah səhnəyə çıxdı.

Onun bəlkə də Anfield-dəki son Çempionlar Liqası oyunu gözləniləndən tez başladı, amma hekayə istənilən kimi yazılmadı. Misirli ulduz oyuna daxil olan kimi Liverpool-un ilk hissədəki ən yaxşı qol şansını yaratdı, lakin sonrakı dəqiqələrdə onu bu mövsüm boyunca izləyən səpələnmiş toxunuşlar, qeyri-dəqiq son qərarlar yenidən üzə çıxdı.

Cody Gakpo fasilədən sonra oyuna müsbət dinamika qatdı, amma PSG cərimə meydançasında “qatil instinkti” çatmadı. Gənc Rio Ngumoha işıqlı epizodlar göstərdi, lakin matçın ağırlığı və vaxtın azlığı onu da uddu. Curtis Jones meydana daxil olanda isə artıq duel faktiki olaraq bağlanmışdı.

Rəqəmlər nə deyir?

Liverpool axşamı daha çox istəyən, daha çox vuran tərəf kimi tamamladı. Statistika da bunu təsdiqləyir.

Mersisayd klubu oyunu rəqibdən daha yüksək gözlənilən qol göstəricisi ilə bitirdi – 1.92 xG, PSG-də isə bu rəqəm 1.25 idi. Üstəlik, Liverpool ümumi zərbələrdə də aydın üstünlük qazandı – rəqibdən doqquz zərbə çox.

Əsl hücum dalğası ikinci hissədə gəldi: Liverpool-un 1.47 xG-si fasilədən sonrakı dövrə aiddir. Topa nəzarət də bu mərhələdə tam dəyişdi – Slot-un komandası ikinci hissədə 69 faizlə topa sahib oldu. 21 zərbənin 17-si də məhz bu hissədə gəldi.

Sürüşkən meydança hər iki tərəfi çətinləşdirdi. Hər iki komanda ötürmələrdə adi səviyyəsindən aşağı düşdü, dəqiqlik 88 faizin altında qaldı. PSG xüsusilə ikinci hissədə topa nəzarətdə çətinlik çəkdi – ötürmələrin cəmi 63 faizini dəqiq yerinə yetirə bildi.

Ancaq tablo yalnız bir rəqəmi göstərirdi: 0:2. Və ümumi hesabda 0:4.

Slot-un Liverpool-u üçün sərt dərs

Bu ikili qarşılaşma Arne Slot-un komandasına sərt, amma aydın mesaj verdi. Bu səviyyədə yalnız ruh, yalnız stadionun enerjisi kifayət etmir.

Mərkəzdəki keyfiyyət dalğalanırsa, hücum xəttində soyuqqanlılıq çatmırsa, müdafiədə kiçik səhvlər belə cəzalandırılırsa, PSG kimi rəqib sənə ikinci şans vermir.

Liverpool bu gecə döyüşdü, bəzi anlarda rəqibi sıxdı, rəqəmlərdə üstün oldu. Amma bu turnirdə tarix yazan əvvəlki nəsillərdən fərqli olaraq, həlledici anlarda səhnəyə çıxan qəhrəman tapmadı.

Anfield işıqları sönərkən sual açıq qalır: bu komanda bu ağrıdan nə öyrənəcək və növbəti mövsüm Avropaya qayıdanda artıq yalnız “ruhlu məğlubiyyət” yox, yenidən böyük qələbələrdən danışa biləcəkmi?