Bu axşam “Santiago Bernabéu”da işıqlar yananda diqqətlərin böyük hissəsi bir adın üzərində olacaq: Manuel Neuer. “Bayern Munich”in kapitanı və illərlə qapıda etalon sayılan alman ulduzu bu dəfə Madridə adət etdiyimiz aurasından çox, arxasınca gələn narahatedici statistika ilə gəlir.
İspaniyanın “Marca” qəzeti oyundan öncə rəqəmləri stolun üstünə qoydu və kəskin cümlə ilə başladı: “Rəqəmlər yalan danışmır”. Mövsüm ərzində Avropanın beş böyük liqasında ən azı 17 oyun keçirən qapıçılar arasında Manuel Neuer ən zəif xilasetmə faizinə malikdir – cəmi 58,7 faiz. Bu, illərlə “süpermen” obrazı ilə tanınan bir qapıçı üçün ağır göstəricidir.
Təzyiq təkcə oradan gəlmir. Qəzet “Sky Sports” jurnalisti Dujic Krichli-yə istinadla yazır ki, bu mövsüm Avropanın beş böyük liqasında 1500 dəqiqədən çox meydanda olan qapıçılar içində yalnız “Paris Saint-Germain”in qapıçısı Lucas Chevalier Manuel Neuer-dən az seyv edib. Yəni topu dayandırmaqda ad-san qazanmış adam indi bu kateqoriyada ən altda gəzənlərdən biridir.
Statistika bununla bitmir. “Marca” qeyd edir ki, Neuer standart vəziyyətlərdə – künc zərbələri, cərimə zərbələri, qapı qarşısına asmalar – getdikcə daha qeyri-sabit təsir bağışlayır. Real Madrid kimi hava toplarını, uzaqdan zərbələri, ikinci qolları çox sevən bir komandanın qarşısında bu, “Bayern Munich” üçün real problemə çevrilə bilər.
Amma tablonun yalnız qaranlıq tərəfi yoxdur. Eyni mənbə vurğulayır ki, xilasetmə faizi və qapıya yönələn zərbələrə reaksiyada geridə qalsa da, Neuer hələ də topa nəzarət mərhələsində oyunun axarını dəyişən fiqurdur. Öz cərimə meydançasına yaxın zonada ötürmələrinin dəqiqliyi 91,8 faizdir. Rəqib meydanında isə bu göstərici 45,3 faizə düşür, lakin bu da riskli, oyunu irəli daşıyan pasların qiymətidir. Məhz bu cəsarətli oyun tərzi onu illər əvvəl “süpürgəçi-qapıçı” anlayışının simvoluna çevirmişdi.
Bu gün isə sual kəskin qoyulur: “Bernabéu”da “Bayern Munich” riskə yenə dəyərmi?
Bir tərəfdə yaş, zədələr, ritm itkisi və sərt rəqəmlər. O biri tərəfdə isə paltardəhlizində sözü keçən, müdafiənin önündə oyunu quran, təcrübəsi ilə komandanı sakitləşdirən kapitan. Klubun baş məşqçisi Vincent Kompany seçimini çoxdan edib. O, Neuer-in arxasında tam dayanır və təcrübəli qapıçını hələ də elit səviyyənin bir hissəsi kimi görür. Kompany-nin fikri qısa, amma aydındır: 40 yaşlı qapıçı onun üçün hələ də “cavan oğlandır”.
Bu etimad bu axşam ən ağır sınağını verəcək. Qarşıda Real Madrid, tribunada “Bernabéu”nun təzyiqi, arxada isə qəzetlərin başlıqları və soyuq statistikalar. İndi sual budur: Manuel Neuer bu rəqəmləri susdura biləcəkmi, yoxsa bu gecə onun karyerasında dönüş nöqtəsi kimi xatırlanacaq?





