Amad Diallo: “Michael Carrick uzunmüddətli dövrdə bu klub üçün doğru adamdır”
Manchester United düşdüyü girdabdan çıxmaq üçün illərdir müxtəlif yollar axtarırdı. Bəzən bahalı transferlərlə, bəzən böyük adlarla, bəzən də radikal dəyişikliklərlə. İlin əvvəlində Ruben Amorim ilə yollar ayrıldıqda klub rəhbərliyi nəhayət nəfəs alıb düşünmək, tələsmədən uzunmüddətli plan qurmaq istəyirdi.
Amma bir şey planlaşdırılmır: sürətli təsir.
Michael Carrick gəldi və tablo dəyişdi.
Mövsümün sonuna qədər müvəqqəti təyinat kimi qəbul edilən keçmiş kapitan komandaya elə bir impuls verdi ki, indi artıq onun gələcəyi barədə sual başqa cür səslənir: “Qalmalıdırmı?”, yox, “Bu komandanın gələcəyini onsuz təsəvvür etmək olarmı?”
Premyer Liqada üçüncü pilləyə yüksələn, növbəti mövsüm Çempionlar Liqasına dönüş üçün əlverişli mövqe qazanan United, bir anda yenidən özünü Avropa elitasının qapısında görür. Komandanın Dublindəki təlim-məşq toplanışında danışan Amad Diallo isə bu dəyişimin mərkəzinə bir adı qoyur – Michael Carrick.
“Klubun DNT-sini bilir”
Amad sözə ehtiyatla başlasa da, mesajı kifayət qədər aydındır:
“Əlbəttə, qərar vermək biz oyunçuların işi deyil, amma o, həqiqətən çox yaxşıdır, komanda üçün çox şey edib,” – deyə o bildirib. “Çox təcrübəsi var, klubu tanıyır və onun DNT-sini daşıyır. Biz düşünürük ki, o, doğru adamdır. Hazırda etdiklərinə görə çox xoşbəxtik.”
Bu cümlələrdə nə diplomatik soyuqluq, nə də məcburi tərif havası var. Gənc hücumçu, Carrick-in qısa müddətdə yaratdığı mühitin içindən danışır. Otaqda söz sahibi olan, amma eyni zamanda hər bir futbolçu ilə fərdi çalışan bir məşqçidən.
Amad davam edir:
“O gələndən bəri hamıya açıq şəkildə bildirib ki, qalib gəlmək istəyir, növbəti mövsüm Çempionlar Liqasına getmək istəyir. Hər bir oyunçu ilə ayrıca işləyir, çox yaxşı iş görür və biz onu baş məşqçi kimi komandada görməkdən həqiqətən xoşbəxtik.”
Bu, müvəqqəti təyinat üçün çox güclü səsdir.
“Belə məşqçilər klubu öz yerinə qaytara bilər”
Diallo-nun sözlərində daha dərin bir məqam var. O, yalnız hazırkı uğuru deyil, klubun kimliyini vurğulayır:
“Bəzən bu tip məşqçilər klubu öz layiq olduğu yerə qaytara bilər. Şəxsi fikrimcə, o, doğru adamdır, amma qərarı verən oyunçular deyil.”
Bu cümlə həm sərhədi çəkir, həm də mesajı verir. Futbolçuların səlahiyyəti yoxdur, amma onların hiss etdikləri, gündəlik iş prosesində gördükləri rəhbərliyin masasına dolayısı ilə çatır. O masada indi Carrick-in adı artıq sadəcə “variant” deyil, real namizəddir.
Mbeumo da səs verir
Amad tək deyil. Komandadakı digər səs də eyni istiqamətə gedir. Bryan Mbeumo da çalışdırıcısına açıq şəkildə dəstək verir:
“Onunla kifayət qədər təcrübəmiz var, onun rəhbərliyi altında oynamışıq. Qərarı biz vermirik, amma ondan maksimum faydalanmağa çalışacağıq,” – deyə o qeyd edib.
Mbeumo üçün əsas məqam Carrick-in bu klubu içəridən tanımasıdır:
“O, klubun yolunu bilir, bizimlə necə danışmağı da. Bu, hər şeyi asanlaşdırıb, çünki buranı tanıyır. Onunla işləmək əla olub.”
Son cümlə isə, sanki tribunalardakı ab-havanı xülasə edir:
“Məncə, klub qərarı mövsümün sonunda verəcək, amma səmimi fikrim odur ki, biz Michael Carrick-in baş məşqçi olmasından çox məmnunuq və o, yaxşı iş görür.”
Qərar masası
Rəhbərlik ilin əvvəlində özünə vaxt tanımaq üçün Ruben Amorim ilə yolları ayırdıqdan sonra “bütün variantları nəzərdən keçirmək” planı qurmuşdu. İndi isə reallıq başqa cür formalaşır: ən güclü arqumentlərdən biri artıq daxildədir.
Carrick qısa müddətdə nəticə gətirib. Premyer Liqada mövqe yaxşılaşıb, Çempionlar Liqasına dönüş real hədəfə çevrilib, soyunub-geyinmə otağında isə açıq dəstək səsi yüksəlir. Bu, hər müvəqqəti məşqçiyə qismət olmur.
İndi sual sadədir, amma cavabı asan deyil: bu impuls mövsüm sonuna qədər davam etsə, Manchester United risk edib yenidən kənardan kimisə axtaracaq, yoxsa artıq sükanı əlində möhkəmləndirən adamla uzun yola çıxacaq?





