Pep Guardiola üç dəfə Çempionlar Liqasını qazanıb, İspaniya, Almaniya və İngiltərədə ümumilikdə 12 çempionluq qaldırıb. Karyerası kuboklarla doludur. Amma bütün bu parlaq vitrinə baxmayaraq, onu illərdir təqib edən bir damğa var: böyük oyunları həddindən artıq düşünən, həddindən artıq quran məşqçi damğası. Xüsusən də Avropada.
Bu etiket onu qıcıqlandırır. Elə ötən həftə qərarlarına görə “məni qətliam edirlər” deyə şikayətlənirdi. Amma meydanda gördüklərimiz bu imici təsdiqləyən kifayət qədər sübut təqdim edir.
Köhnə kabuslar yenidən qayıdır
Bayern Munich dövründə 2014-cü ildə Real Madridə qarşı ön xətdə dördlü ilə çıxmaq, 2020-ci ildə Lyonla oyunda təcrübəsiz Eric Garcianı üçlü müdafiənin mərkəzinə atmaq, 2021 Çempionlar Liqası finalında Chelsea-yə qarşı İlkay Gündoğanı dayaq yarımmüdafiəçi kimi oynatmaq – bunların hamısı eyni xəttin fraqmentləridir.
Manchester City azarkeşləri üçün bu “sürpriz” günlərinin geridə qaldığına inanmaq üçün səbəblər vardı. 2023-də gələn ilk və yeganə Çempionlar Liqası tituluna gedən yolda Guardiola heyət seçimində sabitliyi qorudu. Madrid və Bayern üzərində üstün oyunlar, finalda Interə qarşı ağıllı, nəzarətçi yanaşma – hər şey plan üzrə getdi.
2024-də Madridə penaltilərlə uduzulan 1/4 final bir az da bəxtsizlik kimi təqdim oluna bilərdi. Ötən mövsüm “Los Merengues”ə qarşı ağır məğlubiyyət isə həm City-nin bərbad forması, həm də Kylian Mbappénin parıltısı ilə izah olunurdu.
Amma Guardiolanın böyük matçda taktiki sürpriz edib bunun bədəlini ağır ödəmək vərdişi keçən həftə həm Madrid, həm də West Ham qarşısında bütün gücü ilə geri döndü.
Madrid avantürası: nəzarəti atıb riskə girmək
Realın baş məşqçisi Álvaro Arbeloa – oyunçu vaxtı Guardiolaya dəfələrlə uduzmuş keçmiş müdafiəçi – matçdan əvvəlki mətbuat konfransında sanki xəbərdarlıq etmişdi: City-nin çalışdırıcısının “həmişə planlaşdırdığı bir sürprizi” olduğunu demişdi.
Madridlə səfər oyununda Guardiola məhz belə etdi. Cəsarətli, hücumameyilli start heyəti ilə çıxdı. Amma bu yanaşma City-nin son oyunlarda qurduğu bütün tarazlığı pozdu və Guardiolanın adətən iki oyundan ibarət duelə nəzarətlə başlamaq istəyinə tam zidd getdi.
Son dörd çempionat matçında birlikdə başlayan Rayan Aït-Nouri, Marc Guéhi, Rúben Dias və Matheus Nunes-dən ibarət sabit arxa dördlük dağıdıldı. Eyni aqibəti komandanın son canlanmasının əsası olan yarımmüdafiə üçlüyü – Nico O’Reilly, Bernardo Silva və Rodri – də yaşadı. Fevralda ardıcıl altı qələbə qazandıran bu ox da parçalandı.
O’Reilly iki ay sonra ilk dəfə sol cinah müdafiəçisi kimi geri çəkildi və daha ilk qoldaca Federico Valverde tərəfindən ciddi şəkildə ifşa olundu. Madrid hər dəfə qol vuranda City-nin boş, açıq qalan mərkəz yarımmüdafiəsini asanlıqla keçdi.
Guardiola səhv etdiyini qəbul etmədi. İlk 20 dəqiqədə oyuna tam nəzarət etdiklərini iddia etdi, Madridin isə “yeganə qapıya zərbələrindən” qol vurduğunu söylədi. Rəqəmlər isə başqa mənzərə göstərirdi: meydan sahibləri qapıya yeddi zərbə endirmişdi, City isə cəmi dörd. Üstəlik, Vinícius Júnior ikinci hissədə penalti qaçıraraq dueli demək olar ki, vaxtından əvvəl bitirmək fürsətini boşa verdi.
Guardiolanın “Bernabéu-nun bizim burda olduğumuzu hiss etməsini istədim” izahı bir az təkəbbür kimi səsləndi. 2014-də Bayern ilə qurduğu, sonradan “karyeramın ən böyük b…ı” adlandırdığı sadəlövlük dolu planı xatırlatdı. Matç bitər-bitməz Fabio Capellonun təxminən bir il əvvəl “El Mundo”ya verdiyi və sosial şəbəkələrdə yenidən gündəmə gələn sərt fikirləri bu kontekstdə daha da ağırlaşdı.
Capello belə demişdi: “Guardiola haqqında xoşuma gəlməyən nədir bilirsiniz? Onun təkəbbürü. City ilə qazandığı Çempionlar Liqası elə yeganə turnirdir ki, həlledici matçlarda heç nəyi ‘ixtira’ etmədi. Amma digər illərin hamısında, həm Manchesterdə, həm Münhendə, vacib günlərdə həmişə baş qəhrəman olmaq istədi. Nələrisə dəyişirdi, nələrsə uydururdu ki, deyə bilsin: ‘Qazanan oyunçular deyil, mənəm’. Və bu təkəbbür ona bir neçə Çempionlar Liqasına başa gəldi. Ona hörmət edirəm, amma mənim üçün bu, aydındır”.
City indi müasir dövrdə üç və ya daha artıq top fərqini çevirməyi bacaran cəmi beş komandadan biri olmağa məcburdur. Əks halda, Capellonun “təkəbbür” adlandırdığı bu cəsarətli, amma riskli yanaşma Guardiolaya daha bir Çempionlar Liqasına başa gələcək.
West Ham tapmacası: bu dəfə həddən artıq ehtiyatlı
Bernabéu-dakı avantüradan cəmi üç gün sonra Guardiola daha da anlaşılmaz bir seçim etdi.
Avropanın ən titullu klubunun evində “all-in” oynayan katalon məşqçi bu dəfə London Stadium-da, düşmə təhlükəsi yaşayan West Ham-a qarşı nəzarəti hər şeydən üstün tutmağa qərar verdi. Qarşısında müdafiə futboluna bağlılığı ilə tanınan Nuno Espírito Santo vardı. Belə bir rəqibə qarşı, sıx zonalarda topu saxlamaq və dar sahələrdə həll tapmaq bacarığı ilə seçilən Rayan Cherki kağız üzərində ideal seçim kimi görünürdü.
Amma Guardiola yenə Antoine Semenyo ilə başladı, Cherki isə ehtiyatda qaldı. Yalnız son yarım saatda fransız hücumçunu meydana buraxdı, üstəlik üç əlavə hücumçu da atdı oyuna. Lakin artıq gec idi. City ardıcıl ikinci dəfə düşmə xətti ilə mübarizə aparan rəqibə qarşı xal itirdi və Arsenal-dan doqquz xal geri düşdü. Bəli, City-nin bir oyunu əskikdir, amma marja təhlükəli dərəcədə böyüyüb.
Bu dəfə Guardiola səhvini etiraf etdi, amma bunu da bir az istehza ilə etdi: “Pis seçim. İndi məni heyət seçiminə görə inanılmaz dərəcədə tənqid edə bilərsiniz, buna layiqəm”.
Bir ayda mövsüm dağılacaq, yoxsa?
Guardiolanın qarşıdakı ayda bu cür “pis seçimlərə” lüksü yoxdur. City-ni Madridlə cavab oyunu, Carabao Cup finalında Arsenal, FA Cup 1/4 finalında Liverpool, ardınca Stamford Bridge-də Chelsea səfəri və 18 apreldə titul baxımından həlledici görünən Arsenal dueli gözləyir.
Cəmi bir neçə həftə əvvəl mövsüm City üçün tarixi “trebl” xəyallarını yenidən alovlandırırdı. İndi isə eyni mövsüm dörd həftə içində tamamilə mənasızlaşa, kubok ümidləri bir-bir əlindən çıxa bilər.
Üstəlik, Guardiolanın iyunda klubdan ayrılacağı barədə gözləntilər dolaşır. Belə bir ssenaridə City-də keçirdiyi inanılmaz onilliyi bu cür acı notla bitirmək ehtimalı yaranır.
Məsələ təkcə kuboklarda deyil. Bu gün risk altında olan həm də Guardiolanın “həqiqətən elit taktiki beyin” kimi mirasıdır. O, karyerasına zirvədə nöqtə qoymağı haqq edir. Amma hər böyük oyunda sürpriz etmək ehtirasına qalib gələ bilməsə, tarix kitabları onun dahiliyini deyil, bəlkə də məhz bu inadkar sürpriz ehtirasını daha çox xatırlayacaq.





