Caspian Sport

Premyer Liqa: maliyyə uçurumu mu, qızıl mədən mi?

Premyer Liqa bu gün dünya futbolunun ən parlaq səhnəsidir. Televiziya müqavilələri, beynəlxalq bazar, sponsorluklar – hamısı birlikdə 2024/25 mövsümündə rekord səviyyədə, 6,8 milyard funt sterlinq gəlir gətirdi. Ancaq pərdənin arxasında tamam başqa tablo var: klublar bir mövsümdə təxminən 1 milyard dollar itki yazıblar.

Səbəb sadədir: meydandakı qələbə, balans hesabatındakı rəqəmləri çoxdan üstələyib.

Rekord gəlir, rekord zərər

Rəqəmlər kəskin ziddiyyət yaradır. Gəlir artır, amma xərclər daha sürətlə qaçır. Transfer bazarındakı inflyasiya, ulduz futbolçuların maaşları, agent haqları – hamısı birlikdə Premyer Liqanı maliyyə baxımından təhlükəli zonaya sürükləyir.

Chelsea bu xaotik mənzərənin simvoluna çevrilib. Klub 30 iyun 2025-ci ilə qədər olan maliyyə ilində 262 milyon funt sterlinqlik vergidən əvvəl zərər açıqlayaraq Premyer Liqa tarixində “rekord”a imza atdı. Gənc istedadları bütün dünyadan “süpürən” aqressiv transfer strategiyası London klubunu ifrat nümunəyə çevirib. Amma problem təkcə Stamford Bridge ilə məhdudlaşmır.

Liqa boyu trend eynidir.

Reqlasiya təhlükəsi ilə üz-üzə qalan, dünyanın doqquzuncu ən varlı klubu sayılan Tottenham belə, möhtəşəm arenadan gələn güclü kommersiya gəlirlərinə və qazanılmış Europa League kubokuna baxmayaraq, ötən mövsümü 121 milyon funt sterlinq zərərlə başa vurub. Ultra-müasir stadion, çoxfunksiyalı tədbirlər, dolu tribunalar – amma yenə də qırmızı rəqəmlər.

Əslində tablo daha da qaranlıq ola bilərdi. Bəzi klublar “yaradıcılıq dolu” mühasibatlıqla rəqəmləri yumşaltmağa çalışıb.

Saudiya sərmayəsi ilə güclənən Newcastle, St James' Park stadionunu klubun səhmdarlarına məxsus başqa bir şirkətə sataraq kağız üzərində mənfəət göstərdi. Everton və Aston Villa isə qadın komandalarını öz sahiblərinə satmaqla balansı yüngülləşdirdi. Kağız üzərində qazanc, reallıqda isə eyni ekosistem daxilində əldən-ələ keçən aktivlər.

Transfer bazarında silahlanma yarışı

Futbol maliyyəsi üzrə ekspert Kieran Maguire bu vəziyyəti qısa, amma dəqiq cümlə ilə izah edir: Premyer Liqa klubları “həddindən artıq xərcləməyə həddindən artıq həvəsləndirilir”.

Bu, sadəcə yarış deyil, silahlanma yarışıdır. Kim daha çox xərcləyəcək, kim daha parlaq ulduzu alacaq, kim maaş pilləkənini daha da qaldıracaq.

2024/25 mövsümünün rəqəmləri hələ tam olaraq ötən yay yaşanan çılğınlığı belə əks etdirmir. O yay Premyer Liqa klubları transfer haqlarına rekord – 3 milyard funt sterlinq – xərclədi. Əvvəlki rekord 650 milyon funt fərqlə qırıldı.

Çempion Liverpool-un Alexander Isak üçün ödədiyi 125 milyon funt sterlinq, İngiltərə futbolu tarixində bir klubun verdiyi ən böyük məbləğ kimi yadda qaldı. Liverpool-un həmin yay ümumi xərci 450 milyon funta çatdı. Amma meydanda hələ ki, bu sərmayənin qarşılığında gözlə görülən, əl ilə tutulacaq nəticə yoxdur. Bu da təzyiqi daha da artırır.

Maaşlar da nəzarətdən çıxıb. Ötən mövsüm ümumi maaş xərcləri 4,4 milyard funta çatdı – bir il əvvəlkindən 9 faiz çox. Gəlirlər isə cəmi 7 faiz artıb. Fərq kiçik görünə bilər, amma milyardlarla ölçülən bazarda bu, təhlükəli siqnaldır.

Agent haqları da yeni zirvələr görür. Azarkeşlər tribunada biletə daha çox pul ödəyir, televiziyada paketlər bahalaşır, amma oyundan çıxan pulların böyük hissəsi menecerlərə və vasitəçilərə axır. Narazılıq da buradan doğur.

Premyer Liqada uğur artıq təkcə kuboklarla ölçülmür. Daha çox klub Çempionlar Liqasına çıxış hüququ qazanır, daha çox pul qazanır, daha çox riskə gedir. İkinci mövsümdür ki, ən azı beş İngiltərə klubu Çempionlar Liqasına yollanacaq. Bu, böyük maliyyə jackpot-u deməkdir. Və o jackpot üçün hər şeyə getməyə hazır sahiblər.

Yeni qaydalar, köhnə vərdişlər

Gələn mövsümdən etibarən oyunun qaydaları rəsmi olaraq dəyişəcək. Yeni maliyyə çərçivəsi xərcləri gəlirlə daha sıx bağlamağa çalışır.

Klubların maaşlara, transfer haqlarına və agent ödənişlərinə xərclədiyi vəsait ümumi gəlirin 85 faizini keçməməlidir. UEFA turnirlərində çıxış edən komandalar üçün bu hədd daha sərtdir – 70 faiz.

Kağız üzərində məntiqli görünür. Amma bir böyük boşluq var: əməliyyat xərcləri bu limitlərə daxil deyil. Premyer Liqa klublarının ötən mövsüm ümumi əməliyyat xərcləri 1,9 milyard funta qalxıb. Bu rəqəm yeni qaydaların çərçivəsindən kənarda qalır və itkilərin ciddi hissəsi məhz buradan qaynaqlanır.

Yenə də klublar investorlar üçün cazibəsini itirmir. Səbəb sadədir: Premyer Liqa klubunun sayı məhduddur, qlobal şou isə davam edir. Bu “serial”da rol almaq üçün ödənən qiymət getdikcə artır.

Britaniyalı milyarder Jim Ratcliffe-in 2024-cü ildə Manchester United-in 27,7 faizini 1,25 milyard funt sterlinqə alması, klubu ümumilikdə 4,5 milyard funt dəyərində qiymətləndirdi. Chelsea 2022-ci ildə Todd Boehly və Clearlake Capital-ın başçılıq etdiyi konsorsiuma 4,25 milyard funt dəyərində paketlə satıldı.

Manchester City, Abu Dabi kral ailəsinin dəstəyi ilə İngiltərə futbolunun dominant gücünə çevrilib. Newcastle isə 2021-ci ildə Saudiya dövlət sərvət fondu tərəfindən ələ keçirildikdən sonra başqa bir maliyyə ölçüsünə keçib. Pulun miqyası dəyişdikcə, risk anlayışı da dəyişir.

“Zərərlər əlçatandır” – super-zənginlərin dünyası

Keçmiş Manchester United kapitanı Gary Neville, Chelsea-nin hazırkı vəziyyətini İngiltərə klubları üçün “boğa bazarı”nın yavaşıya biləcəyi barədə xəbərdarlıq kimi görür. Onun fikrincə, bu qədər böyük zərərlər investorların iştahasını bir nöqtədə azalda bilər.

Kieran Maguire isə başqa cür düşünür. Onun arqumenti sərtdir: bu itkilər super-zəngin sahiblər üçün “əlçatan” hesab olunur.

Milyarder fərdlər və dövlət sərvət fondları klubların arxasında dayandığı müddətdə, yüz milyonlarla funtluq zərərlər onların miqyasında qəbuledilməz deyil, sadəcə biznesin bir hissəsidir. Premyer Liqa klubuna sahib olmaq, qlobal nüfuz, siyasi yumşaq güc, kommersiya şəbəkəsi və şəxsi prestij qarışığı kimi dəyərləndirilir.

Maguire-in xəbərdarlığı isə açıqdır: sahiblərin düşüncə tərzi dəyişmədikcə, yəni əsas xərclər – transfer haqları və maaşlar – ciddi şəkildə nəzarət altına alınmadıqca, bu kurs uzun müddət davam edəcək.

Sual indi budur: Premyer Liqa özünün möhtəşəm şousunu qorumaq üçün daha nə qədər dərin zərəri qəbul etməyə hazırdır? Və bir gün, bu silahlanma yarışının qiyməti kuboklardan daha ağır gələndə, dayanma düyməsinə kim basacaq?