Ronaldo 41 yaşında dünya çempionluğuna hazırlaşır
Cristiano Ronaldo 41 yaşında, altıncı dəfə dünya çempionatına hazırlaşır. Bu dəfə hava tamam başqadır. Portuqaliya millisinin düşərgəsində təkcə taktiki planlar yox, həm də vidalaşma hissi dolaşır. Hamı anlayır: bu yolun son döngələri görünməyə başlayıb.
Portuqaliya Futbol Federasiyasının (FPF) sabiq milli komandalar direktoru Godinho illərlə içəridən izlədiyi ulduzun hekayəsinə indi başqa gözlə baxır. Onun ən böyük arzusu sadə, amma nəhəngdir: Ronaldo karyerasını futbolun ən böyük kubokunu başı üzərinə qaldıraraq bitirsin.
“Ümid edək ki, o, nə vaxt olacağını bilmirəm, amma bədən əbədi deyil, bu miqyasda bir titulla vidalaşa biləcək vəziyyətdə olar,” – Godinho Lusa agentliyinə danışarkən deyib.
O da yaxşı bilir ki, bu arzu kağız üzərində asan görünür, meydanda isə tam əksinədir.
Ən çətin mundialın astanasında
2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikaya səpələnmiş formatı ilə artıq indidən Avropa komandaları üçün kabus kimi təsvir olunur. Uçuşlar uzun, iqlim fərqli, saat qurşaqları pozucu. Godinho-nun fikrincə, bu, Portuqaliya üçün də, qitənin digər nəhəngləri üçün də real dezavantajdır.
“Dünya çempionatı çətin olacaq... çünki futbolçular oraya gətirdikləri yorğunluqla çıxacaqlar,” – o xəbərdarlıq edib.
Onun sözlərinə görə, Avropanın ən güclü yığmalarının əsas oyunçuları mövsümü ağır klub turnirlərində keçirir, final fitinə qədər sıx qrafiklə yaşayırlar. Ardınca okean o tayına uzun səfərlər, saat fərqləri, iqlim dəyişikliyi – hər biri performansı yavaş-yavaş yeyib bitirən amillərdir.
Godinho bunu bir cümlə ilə kəskinləşdirir: “ABŞ-da oynamaq, Almaniyada oynamaqdan qat-qat çətindir.” Portuqaliyanın planı ona görə təkcə taktika və rəqib analizi ilə məhdudlaşmamalıdır. Bərpa, səyahət idarəçiliyi, psixoloji yüklənmənin bölüşdürülməsi – hamısı eyni dərəcədə vacibdir. Çünki Ronaldo və komanda yoldaşları mundiala artıq yorğun, amma hələ də ac gələcəklər.
2003-dən bu günə: Qazaxıstandan başlayan yol
Godinho-nun baxışı digərlərindən fərqlidir. O, Ronaldo hekayəsini ekrandan deyil, qapalı qapıların arxasından izləyib. FPF-də keçirdiyi 50 ildə Portuqaliya millisinin bütün nəsillərini görüb və Cristiano-nun ilk addımlarına da şahidlik edib.
2003-cü il. Cəmi 18 yaşlı, saçları fərqli, baxışları isə eyni dərəcədə iddialı bir yeniyetmə – Ronaldo – Qazaxıstana qarşı oyuna çağırılır. Qarşısında Luis Figo, Rui Costa, Fernando Couto kimi ikonalar. Godinho həmin günlərin bu günə təsirini xüsusi vurğulayır: məhz o paltar otağı, o nəsil Ronaldo-nun “qalib mentaliteti”ni formalaşdırdı.
“Cristiano ilə işləmək çətin deyildi,” – o xatırlayır.
Ronaldo-nun yanında onu tez başa salan, harada olduğunu, hansı standartlara uyğun yaşamalı olduğunu göstərən bir qrup lider vardı. Bəzən sərt danışıq, bəzən ağır tənqid, amma həmişə inkişaf üçün. Godinho deyir ki, o gənc hücumçu əvvəldən “qeyri-adi” idi və məsləhəti udmaqda, öyrəndiyini meydanda tətbiq etməkdə sürətli davranırdı.
İllər keçdi, Figo, Rui Costa, Couto getdi, Ronaldo qaldı. İndi isə o, öz növbəsində yeni nəslə eyni paltar otağında eyni dərsi ötürən fiqurdur.
Qrup K: Xəyalın ilk addımı Konqoda yox, Houston-da
Portuqaliyanın 2026-cı il üçün yol xəritəsi artıq cızılıb. Qrup K-də ilk sınaq 17 iyunda Houston şəhərində Konqo Demokratik Respublikası ilə olacaq. Açılış oyunu – hər zaman olduğu kimi – həm psixoloji, həm də idman baxımından həddindən artıq yüklənmiş olur.
Godinho bu matçın əhəmiyyətini danmır, amma panikaya da çağırmır. Onun yaddaşında hələ də Euro 2016 var. O turnirdə Portuqaliya qrup mərhələsinə ləng, hətta tənqidlər içində başlamış, sonda isə kuboku qaldırmışdı. Yəni ilk addım sürüşkən ola bilər, amma bu, mütləq uçurum demək deyil.
“Birinci oyun həmişə çox vacibdir,” – o deyir.
Ardınca isə məsələni yalnız rəqiblə deyil, komandanın daxili vəziyyəti ilə bağlayır: hər şey əhval-ruhiyyədən, yorğunluq səviyyəsindən, mentalitetdən asılıdır. Konqo ilə startdan sonra Portuqaliya Uzbekistan və Kolumbiya ilə üz-üzə gələcək. Kağız üzərində favorit var, amma Godinho-nun dili ehtiyatlıdır: “Bizim oyunçularımız və təşkilati imkanlarımızla ora çata biləcəyimizə inanıram, amma ‘qalib gələcəyik’ demək tezdir.”
Bu cümlə həm reallığın, həm də xəyala sadiqliyin xülasəsidir. Portuqaliya 2026-ya yalnız Ronaldo üçün oynamır, amma hamı bilir ki, bu mundial onun hekayəsində son böyük fəsil ola bilər.
Bədənin limiti, xəyalların limiti
Ronaldo-nun karyerası illərdir futbolda mümkün sayılan bütün sərhədləri zorlayıb. Yaş, qollar, rekordlar – hamısı yenidən yazılıb. Amma Godinho-nun dediyi kimi, bir həqiqət dəyişməzdir: bədən əbədi deyil. Sürət azalır, bərpa uzanır, zədələr daha çox riskə çevrilir.
Bu səbəbdən 2026 dünya çempionatı təkcə bir turnir deyil, həm də bir sualdır: Ronaldo bu səviyyədə son dəfə nə qədər yuxarı sıçraya bilər? O, Avropanın, dünyanın ən ağır mövsümlərindən çıxıb, okeanın o tayında, fərqli iqlimdə, fərqli ritmdə yenə komandasını çiyinlərində daşıya biləcəkmi?
Portuqaliyada bu suala heç kim tələsik cavab vermir. Amma hamının ürəyində eyni səhnə canlanır: yaşını, yorğunluğunu, illərin yükünü bir anlıq unudan Ronaldo, əlində dünya çempionluğunun kuboku ilə. Bəlkə də bu, futbolun ən romantik, eyni zamanda ən amansız sualıdır: bədən “bəsdir” dediyi günə qədər xəyal nə qədər irəli gedə bilər?



