Bu axşam “Santiago Bernabéu”da Real Madrid – Bayern Munich qarşıdurması başlayanda, diqqətlərin böyük hissəsi bir ada yönələcək: Manuel Neuer. Uzun illər “süpürgəçi qapıçı” anlayışını yenidən yazan, modern futbolun simalarından biri olan kapitan bu dəfə oyuna xoşagəlməz statistikanın kölgəsində çıxır.
İspaniyanın “Marca” qəzeti matçdan öncə qapıçı ilə bağlı rəqəmləri masanın üstünə qoydu və tablo acıdır. Məlumata görə, Avropanın TOP-5 liqasında ən azı 17 oyunda meydana çıxan qapıçılar arasında Manuel Neuer ən zəif xilasetmə faizinə malikdir: cəmi 58,7 faiz. Elita üçün çox aşağı göstərici. Xüsusilə də söhbət bu qədər təcrübəli, bu qədər titul qazanmış bir qapçıdan gedirsə.
Rəqəmlər bununla bitmir. Qəzet, “Sky Sports” jurnalisti Dujic Krichli-yə istinadən yazır ki, bu mövsüm Avropanın TOP-5 liqasında 1500 dəqiqədən çox oynayan qapıçılar arasında yalnız Paris Saint-Germain-in qapıçısı Lucas Chevalier Manuel Neuer-dən az seyv edib. Yəni top tutmaqda, zərbələri dəf etməkdə Neuer artıq zirvədə deyil, əksinə, cədvəlin aşağı hissəsinə sürüşüb.
Standart vəziyyətlərdə zəifləyən divar
“Marca”nın qeyd etdiyi başqa bir məqam da var: standart vəziyyətlər. Bir vaxtlar cərimə zərbələrində, künc zərbələrində komandasına əlavə güvən verən Neuer-in bu cəhəti getdikcə daha çox sual doğurur. Qəzet yazır ki, onun son dövrlərdə standartlarda qeyri-sabitliyi artıb və bu, xüsusilə Real Madrid kimi havada və ikinci toplarda güclü komandaya qarşı ciddi problemə çevrilə bilər.
Bernabéu kimi stadionda, belə bir mərhələdə, bircə səhv kifayətdir ki, bütün hekayə başqa cür yazılsın.
Topla oyunda hələ də zirvədə
Amma rəqəmlər yalnız tənqid üçün deyil. Manuel Neuer-in oyun üslubunun başqa tərəfi hələ də yüksək səviyyədədir. “Marca” vurğulayır ki, seyv faizi və qapıya gedən zərbələrin qarşısının alınmasında göstəriciləri aşağı olsa da, topa sahib olma mərhələsində o, hələ də fərq yaradır.
Öz cərimə meydançasına yaxın zonada ötürmələrinin dəqiqliyi 91,8 faizdir. Bu, mərkəz müdafiəçiləri üçün belə elit göstəricidir, qapıçı üçün isə daha artıq dərəcədə. Rəqib meydanında, riskli zonalarda belə Neuer-in ötürmə dəqiqliyi 45,3 faizdir. Yəni Bayern Munich hələ də hücumu arxadan, onun ayağından başlayır, müdafiədən qurulan oyunun mərkəzində məhz o dayanır.
Bu, müasir futbolda sadəcə bonus deyil, bütün oyun fəlsəfəsini formalaşdıran amildir. Bayern topa sahib olmaq istəyirsə, xətlər arasında sürətli keçidlər qurmaq niyyətindədirsə, Neuer hələ də bu planın ayrılmaz hissəsidir.
Kompany-nin şərtsiz etimadı
Rəqəmlər sərtdir, amma Münhendə hələ heç kim Manuel Neuer-dən imtina etmir. Əksinə, baş məşqçi Vincent Kompany kapitanına tam dəstək verir. Onun sözləri qısa, amma aydındır: “40 yaşında o, hələ də gəncdir.”
Bu cümlə təkcə yaşa eyham deyil. Kompany, açıq şəkildə, Neuer-in təcrübəsinə, liderliyinə və hələ də yüksək səviyyədə çıxış edə biləcəyinə inandığını göstərir. Çünki belə mərhələlərdə, Bernabéu kimi arenalarda, bəzən statistikadan çox, məhz bu cür xarakter və təcrübə fərq yaradır.
İndi sual təkdir: bu axşam meydanda hansı Manuel Neuer görünəcək – rəqəmlərin tənqid etdiyi qapıçı, yoxsa illərlə Çempionlar Liqasının səhnəsində böyük matçların taleyini dəyişən, adını zirvəyə yazdıran kapitan?





